“PUTİNDƏN DAHA QORXULU BƏDHEYBƏT...” – “Dünya arenasına başqa bir monstr daxil olur...”
Qərb dünyasının özünü Rusiya enerji resurslarından asılı vəziyyətə salması və Putinə qarşı isti münasibət bəsləməsinin acı nəticəsi artıq göz qabağındadır. Rusiyanın qonşularına qarşı təcavüzakar siyasət yürütməsinin və buna maddi imkanının çatmasının əsas səbəbləri sırasında onun Qərbdən qazandığı böyük miqdarda neft və qaz pulları mühüm yer tutur. Digər yandan, uzun illər ərzində Qərbin apardığı iri miqyaslı ticarət sayəsində Rusiyadan da qorxulu bir güc yetişib - Çin. Analitiklər hesab edirlər ki, yaxın perspektiv üçün Qərb dünyasının əsl güclü rəqibi Rusiya yox, Çin olacaq. “AzPolitika.info” xəbər verir ki, Ukraynanın “Glavred.info” internet portalı “Putindən daha qorxulu qüvvə” başlıqlı məqaləsində sözügedən məsələyə toxunur. Həmin məqalənin tərcüməsini təqdim edirik: ”Putin qorxaqdır və bu, faktdır. O, kimi zəif hesab edirsə, onun üstünə hücum çəkir. Putin o mənada qorxaqdır ki, ədalətli mübarizədən qaçır və qələbə qazanacağını öncədən bildiyi üçün həmişə zəifləri seçir. Məsələn, Çeçenistan, Gürcüstan və 2014-cü ildə inqilab nəticəsində taqətdən düşmüş Ukraynanı nümunə göstərmək yerinə düşər. Rusiya güclü rəqiblərinə qarşı ən maksimal halda hansısa çox kiçik hibrid hücumlar təşkil edə bilər və ya kənardan onlara yalnız təhdid yağdırar. Ona görə də nüvə müharibəsi çox az ehtimal olunan ssenaridir. O, əsla özündən güclü rəqibin üstünə getməz. Amma aşağıda deyəcəklərimiz başqa mövzu barəsindədir. Fevral ayında Putin düşünürdü ki, zəifə hücum edir. Onun hücumdan bir gün sonra Ukrayna rəhbərliyini “narkomanlar dəstəsi” adlandırması yəqin ki, yaddaşlardan silinməyib. Düşünürsünüz ki, o özü buna inanmır? Heç şübhə yoxdur ki, Putin həqiqətən də Ukrayna hakimiyyətini hansısa “başıpozuq dəstə” hesab edib. Amma Ukrayna paytaxtında əsas yerlərdə lazımi adamlar əyləşiblər və onlar öz işlərinin öhdəsindən bacarıqla gəlirlər və bu, artıq tarixə düşəcək. Böyük Britaniyanın “The Times” qəzeti yazıb ki, Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev və Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov Putini inandırıblar ki, Ukraynaya iri miqyaslı müdaxiləyə başlamaq lazımdır. Bununla həm də Sergey Şoyqu və Valeri Gerasimov praktiki olaraq son anda fakt qarşısında qoyulub. Hərçənd ki, bütün əsas işləri onlar aparmalıydı. Məhz onların cürətləri çatmalıydı və öz şeflərinə izah etməliydilər ki, dünyanın ikinci ordusu boş sözdür və xüsusi hərbi əməliyyat uğursuzluğa düçar olacaq. Amma belə olmadı, axı, onların heç birinin “onurğası” yoxdur... Rusiya total deqradasiyaya uğrayır. Ukraynalılar çoxdandır ki, bunu bilirlər və hiss edirlər. Bunu təsdiq edən çoxsaylı əlamətlər var. Rusiya hakimiyyəti başdan ayağa kimi korrupsiya içərisində çürüyüb və öz iş qabiliyyətini yalnız amansızlıq və qorxu hesabına saxlaya bilir. Bunu həbsxanada yatan müxlifətçilər və ölkəni tərk edənlər daim səsləndiriblər. Amma indi bizim hamımız əyani şəkildə görürük ki, Rusiyanı qabiliyyətsiz, kütbeyin kleptokratlar idarə edir. Bu rejim bir adam üzərində dayanır. O isə ətrafını yaltaqlarla doldurub. Belə bir rejim zəif və dayanıqsızdır. O, sərt görünməsinə baxmayraq, məğlub olmağa məhkumdur. Putin rejimi hətta orta müddətli perspektivdə də həyatda qalmaq iqtidarında deyil, hər şeyin sona çatması sadəcə zaman məsələsidir. Ukraynanın bəxti gətirib ki, Rusiya çürüyüb. Rus insanının alman və yapon kimi əməksevər və intizamlı olmasını təsəvvür etmək dəhşətdir. Onda hər şey tamamilə başqa cür olardı. Siz, yəqin “bunların hamısını bilirik” deyəcəksiniz. Söhbətin mənəvi tərəfi başqa şeydədir. Nə qədər zəif və boş olsa da, “bu bədheybəti kim bəsləyib, böyüdüb” sualı ortaya çıxır. Kim onilliklər ərzində ona neft dollarları verib? Kim onu ləyaqətli adamlarla bir masa arxasında əyləşdirib? Əlbəttə ki, cavab bəllidir - Avropa! Avropa sadəlövh yol tutduğunu gec də olsa anlayır və bunun üçün Ukrayna avropalıların dünya görüşündə dərin kök salmış axmaq fikirləri beyinlərdən çıxarmaqdan ötrü nə qədər əziyyətlərə qatlaşmış oldu. Bu yaxınlarda Almaniya Prezidenti Frank-Valter Ştaynmayer almanlara rəsmən müraciət edərək, baş verənlər üçün peşman olduqlarını dilə gətirib. Deməli, Avropa səhv etdiyini başa düşür. İndi isə əsas məsələyə gələk. Dünya arenasına başqa bir monstr daxil olur və o, Rusiyadan daha qorxuludur. Onun kimliyindən hamı xəbərdardır. O da imperiyadır və özünəməxsus hökmranlıq iddiasındadır. Oradakı diktator bu yaxınlarda hakimiyyəti bir daha qamarladı. Onlar da kiçik qonşularını zəbt etmək hüququna malik olduqlarına inanırlar. Orada demokratiya qəbul edilmir və yadfikirlilik təqib olunur. Həmin ölkədə kommunizmdir, o, informasiya baxımından dünyaya qapalıdır və təbliğatı çox güclüdür. Bu məmləkətdə nüvə silahı daxil olmaqla çoxsaylı konvensional silahlar var və o, dünyanın ikinci ordusuna malikdir. Lakin Rusiyadan fərqli olaraq oradakı insanlar əməksevər və intizamlıdır. Onlar ümumi işə sistemli və fədakarlıqla yanaşırlar. Buna görə də onlar çox güclü və təhlükəli olublar. Dünya onlardan asılıdır, necə ki, Avropa rus neftindən və qazından asılıydı. İndi onlar bu asılılıqdan məharətlə istifadə edirlər. Yəqin bildiniz ki, söhbət kimdən gedir... İkinci sual: ABŞ və yerdə qalan dünya anlayırmı ki, onilliklər ərzində bu ölkə ilə nəhəng ticarət aparmaqla onu bəsləyib böyüdüb və bu bədheybət demək olar ki, lazımi güc toplayaraq Rusiya Federasiyasından daha qorxulu hala gəlib? Ümid edək ki, Qərb nə baş verdiyini aydın şəkildə dərk edir, çünki nə vaxtsa oradakı dikatator da ağlasığmaz ideyaları reallaşdırmağa çalışacaq.