“Kim deyir ki, mən hakimiyyətlə əməkdaşlığa getmişəm? Bu,ŞANTAJdır”
Müsavat Partiyasının üzvü, tanınmış vəkil Osman Kazımovun “Facebook” sosial şəbəkəsində müxalif fəal Tofiq Yaqublunun aclıq aksiyası keçirməsi ilə bağlı yazdığı status sosial şəbəkələrin Azərbaycan seqmentində tənqid olunub. Azərbaycan müxalifət partiyalarının üzvləri, habelə bir neçə ictimai fəal məlum statusda köklü Müsavatçını Tofiq Yaqubluya qarşı çıxmaqda ittiham ediblər. Xatırladaq ki, O. Kazımov statusunda yazıb ki, aclıq aksiyası təcridxanada verilən keyfiyyətsiz şorbaya görə deyil, İranda Azərbaycan uğrunda mübarizəyə qalxdığına görə edam edilən türk qardaş və bacılarımıza görə edilməlidir: “Diktaturaya etiraz müstəvisində, insanlığa qarşı cinayət müstəvisində, Tərtər cinayətinin günahkarlarının, Polad Həşimovun ölümündə təqsiri olanların məhkəmə qarşısında hələ də dayanmaması müstəvisində olmalıdır”, – yazıda qeyd olunub. Məsələ ilə bağlı Yenisabah.az-ın əməkdaşı O. Kazımovla əlaqə saxlayıb və məlum statusla bağlı ona qarşı səsləndirilən ittihamlara görə tanınmış vəkildən rəy öyrənməyə çalışıb. O. Kazımov açıqlamasında bəyan edib ki, həmin statusda reaksiya veriləcək bir şey yoxdur: “Mən belə sərt reaksiya veriləcəyini də düşünmürdüm, çünki bu, adi bir şey idi və mən düşüncələrimi yazmışam. Mənim yazdığım statusda Tofiq Yaqubluya qarşı çıxmaq məsələsi yoxdur. Demokratiya fikir çoxluğu, düşüncə azadlığıdır. İndi mən belə düşünürəmsə və kimsə nə isə yazırsa, problem onunkudur. Mən onlara nə isə deyə bilmərəm. Adamın düşüncəsi budur”. Müsavat üzvü iddia edib ki, o, T. Yaqublunun aclıq aksiyası keçirməsinə etiraz etməyib: “Əksinə, bundan öncəki statusumda Tofiq Yaqublu və həyat yoldaşı Maya Yaqublu ilə bağlı yazmışdım ki, Tofiq bəy aclığı dayandırsa, daha yaxşı olar. Çünki mübarizə aparmaq üçün sağlam səhhətə malik olmaq lazımdır. Dünənki statusdan qabaq mən bu statusu yazmışam. Amma hamı bunu kölgədə qoyur, unudur, buraya gəlirlər. Mən orada yazmışam ki, Tofiq Yaqublunun həbsdən azad edilmə imkanı yoxdur, hüquqi yol artıq bitib. Çünki Apelyasiya Məhkəməsinin qərarıyla Tofiq Yaqublunun həbsdən azad edilməsi imkanı yekunlaşıb. Bunu vəkilləri də, hüquqşünas olan hər bir şəxs də bilir. Mən də ona görə deyirəm ki, aclıq aksiyasını dayandırsın. Mənim orada Tofiqə müraciətim var, nəinki əleyhinə getmək. Maya xanıma da müraciət edirəm ki, Tofiq və özünüz üçün siz də aclığı dayandırın. Mən orada demişəm ki, aclıq aksiyası nəyə yönəldilməlidir; qlobal problemlər onlardır və ciddi aksiyanı aşağı endirmək olmaz. Amma biri statusun başını, biri ortasını, digəri də ayaq hissəsini yazır. Belə olmaz”. Vəkil hakimiyyətlə əməkdaşlığa getməsinə dair ortaya atılan fikirləri təkzib edib: “Kim deyir ki, mən hakimiyyətlə əməkdaşlığa getmişəm? Mənim statusda yazdığım məsələlər hakimiyyət üçün daha təhlükəlidir, yoxsa hansısa aclıq aksiyası, yaxud yeməyin düzgün verilməməsi? Bunlar hüquq pozuntusudur, Tofiq Yaqubluya qarşı qanunsuzluq olub, insanı qanunsuz tutublar. Amma baxın-görün, hakimiyyətə qarşı aclıq aksiyası ilə tələblər irəli sürmək daha sərtdir, ya mənim yazdıqlarım? Mən orada “Tərtər işi”ndən, mərhum general-mayor Polad Həşimovun öldürülməsindən, hərbi prokurordan, İran məsələsindən yazmışam. Burada loyallıq nədə görülür? Mən, əlbəttə, hakimiyyət ilə əməkdaşlıq etməyim barədə səslənən ittihamları qəbul etmirəm, bunlar şantajdır. Bu insanlar isə öyrənib ki, qarşısındakı adama basqı etsinlər, müstəqil bir fikri baltalasınlar. Ona görə də əhəmiyyət vermək lazım deyil. Onlar elə düşünür, mən də belə”. O. Kazımov müxalif həmkarlarına da atmaca atmağı unutmayıb: “Bir də Müsavat Partiyasında qərar kollegial qəbul olunur. Yoxsa kimsə durub ona yazmır ki, sən bunu deyərsən, sən bunu, sən də bunu. Müsavat Partiyasında məsələlər müzakirə olunur Sədrlər Şurasında, Məclisdə, Divanda. Yekdil qərar qəbul olunandan sonra isə bir rəyə gəlinir və əməkdaşlıq olunacaq-olunmayacaq bundan sonra deyilir. Bizim partiyada demokratiyadır, nəinki diktatura”.