Paşinyanın çıxışı niyə kəsilib? – AzTV açıqlama yaydı...

Paşinyanın çıxışı niyə kəsilib? – AzTV açıqlama yaydı

Fevralın 18-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində üç Cənubi Qafqaz ölkələrinin liderləri arasında debat keçirilib. Görüşdə Azərbaycan prezidenti, Gürcüstan və Ermənistanın baş nazirləri çıxış ediblər.

Azərbaycanla Ermənistan arasında sülh danışıqları və o cümlədən Qarabağda yaşayan erməni əhalisi, Laçın dəhlizi ilə bağlı məsələlərə Azərbaycan və Ermənistan liderləri qarşılıqlı münasibətlər bildiriblər. Müzakirələr Azərbaycanda dövlət televiziyası (AzTV) ilə canlı yayımlanıb.

Ermənistanın baş naziri Nikol Paşinyan çıxışı zamanı müharibədən sonra ölkəsinin üç dəfə demokratik, azad seçki keçirdiyini deyib və əlavə edib ki, hansı ki, bu bütün dünyada sərbəst, azad və şəffaf seçkilər kimi tanınıb. O problemlərin həll yolunun demokratiya olduğunu deyib...

Bu zaman AzTV-də canlı yayım kəsilib və Ermənistanın baş nazirinin dediklərini sona qədər dinləmək mümkün olmayıb.

Bundan sonra sosial şəbəkələrdə Azərbaycan televiziyasının yayımı Paşinyanın demokratiya və azad seçki fikirlərinə görə, qəsdən kəsdiyi kimi iddialar səslənib.

Amma bir qədər sonra AZTV-yə məxsus sosial şəbəkələrdə canlı yayımın tədbir təşkilatşlarının siqnalı kəsməsi səbəbindən dayandığı barədə məlumat paylaşılıb:

“Hörmətli tamaşaçılar, nəzərinizə çatdırmaq istərdik ki, Münxendə keçirilən panel iclasının yayımının yarımçıq dayandırılması tədbir təşkilatçılarının siqnalı kəsməsi ilə bağlı oldu. Təşkilatçılar video siqnalı bərpa etdikdən dərhal sonra yayım da bərpa olundu. Panel iclasın geniş variantını ən qıza zamanda təqdim edəcəyik”.






Fikirlər