QARABAĞ: Ruslar gedir, fransızlar gəlir? - Zülfüqarovdan maraqlı AÇIQLAMA...
“Erməni politoloq Buniamin Matevosyanın “2 il sonra Rusiya sülhməramlılarının əvəzinə Xankəndidə ATƏT-in milli azlıqlar üzrə komissarının ofisi olacaq” tipli açıqlamalarına ciddi yanaşmaq düzgün olmaz. Çünki onlar istədikləri məsələləri elə bir şəkildə səsləndirirlər ki, bununla da bu və ya digər mövzular siyasi mühitə daxil olsun”. Bu sözləri Yenisabah.az-a açıqlamasında Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülüfqarov deyib. O, erməni siyasi analitikin məlum fikirlərinə, habelə Rusiyanın 2025-ci ildə bölgəni tərk etməsindən sonra ATƏT-in yenidən regiona daxil olması cəhdlərinə Azərbaycan dövlətinin hansı reaksiyalar verəcəyinə münasibət bildirib. T.Zülfüqarova görə, hansısa missiyanın yaranması barəsində hələ keçən il Fransa Senatı tərəfindən qəbul olunmuş qətnamədə də bəndlər var: “Azərbaycan birdəfəlik olaraq, qəti şəkildə bildirib ki, bu, daxili məsələdir. Azərbaycan hazırdır ki, Qarabağ ermənilərindən özü seçdiyi insanlarla kommunikasiyalar yaratsın. Çünki bu, danışıqlar deyil, ona görə ki, danışıqlar digər bir siyasi prosesə aid olan bir məsələdir. Kommunikasiya isə potensial vətəndaşlarımızın problemlərini həll etmək üçün müxtəlif dövlət qurumları tərəfindən yaradılan bir əlaqədir. Bu baxımdan, bizim mövqeyimiz bəllidir və açıq şəkildə bəyan olunub”. “Biz beynəlxalq təcrübəni nəzərə alsaq, burada özümüz üçün dəqiq olan məsələləri qeyd etməliyik. Rusiya sülhməramlıları və Türkiyə-Rusiya monitorinq missiyası Azərbaycanın razılığı əsasında bölgəyə yerləşdirilib. Onun formalaşması və yerləşdirilməsi 10 noyabr bəyanatının əsasında baş verib. Orada göstərilib ki, bu missiya hansı müddətdə fəaliyyət göstərəcək”, - əlavə edib. “O ki qaldı Matevosyanın ATƏT-in milli azlıqlar üzrə komissarının ofisinin Xankəndidə olması məsələsinə, bunlar hamısı Azərbaycanın razılığa ilə baş verə bilər, ayrı cür mümkün deyil. Yəni bizim başımızın üstündən kimsə qərar verə bilməz. Burada fərq var. Ona görə də onun sözləri daha çox istənilən hansısa məsələyə aiddir, lakin reallıqdan çox uzaqdır çünki, bir daha deyirəm ki, bizim icazəmiz olmadan bölgədə kimsə peyda ola bilməz. Ələlxüsus, bundan sonra Laçın yolunda giriş-çıxış məntəqəsinin işi artıq gündəmdədir. Əgər belə bir şey olacaqsa, onda Matevosyanın fikirləri artıq tamamilə öz əsasını itirəcək”, - yekunlaşdırıb.