“İsa Qəmbər oğlunu özünəbənzər böyüdüb” – Sərt AÇIQLAMA...

“İsa Qəmbər oğlunu özünəbənzər böyüdüb” – Sərt açıqlama 

“İsa Qəmbər oğlunun mövqeyinə görə, heç bir məsuliyyət daşımır. Onun oğlu İlkin Qəmbər həqiqətən azad insandır, yaşı 40-a yaxındır, uşaq deyil və nə dediyini bilir. O, istər “soyqırımı” tanıdığını deyər, istərsə də yox. Bu, onun mövqeyidirsə, heç kim ona heç nə deyə bilməz”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında Milli Azadlıq Hərəkatının keçmiş üzvlərindən, sosial-demokrat Zərdüşt Əlizadə deyib.

O, sabiq Müsavat Partiyası başqanın oğlunun qondarma “erməni soyqırımı” ilə bağlı “Twitter”də paylaşdığı yazıya, habelə oğlunun atasından fərqli olaraq milliyətçi mövqedə olmaması ilə bağlı səslənən fikirlərə münasibət bildirib.

“İlkin haqqında sadəcə onu deyə bilərlər ki, İsa Qəmbər oğlunu böyüdəndə bir az düzgün böyütməyib. Lakin mənə elə gəlir ki, İsa Qəmbər elə oğlunu özünəbənzər böyüdüb. Onun üçün əsas mənfəət, gəlir, mövqe, vəzifə və imtiyazdır. Görünür ki, İlkin Qəmbər də Kanadaya köçəndən sonra görüb ki, “erməni soyqırımı”nı tanımaq ona xeyirdir və ona görə də o bu mövqeni tutub”.

Z. Əlizadə əlavə edib ki, Müsavat liderinin oğlu kimi çox adamlar var:

“Mənim “Meydan TV”də Lalə Axundova adlı bir xanım barəsində məqaləm vardı. O, Almaniyaya köçüb, orada yaşayır. O vaxtı Almaniya Bundestaqı “erməni soyqırımı”nın Türkiyə tərəfindən törədildiyini tanımışdı. O da qəzəblə yazmışdı ki, Azərbaycan bunu tanımır, demokratik Qərbin tələblərinə məhəl qoymur və s. Mən də ona bir məqalə həsr etmişdim. Məqaləmin mövzusu ondan ibarət idi ki, sən getmisən, orada çörək yeyirsən, özünə məqam axtarırsan, uyğunlaşamağa çalışırsan, heç olmasa, keçmiş Vətəninə dişini ağartma. İndi İlkin Qəmbər də eynisini edib”.

“O ki qaldı oğlu İsa Qəmbərin mövqeyini yox, Zərdüşt Əlizadənin mövqeyini tutub deyənlərə, mən, ilk növbədə, liberal olmamışam, əksinə, sosial-demokrat olmuşam, insan haqlarına həmişə hörmətlə yanaşmışam. İsa Qəmbər isə milliyyətçi olmayıb, vəzifəpərəst olub. Azərbaycana nə ziyan dəyir-dəysin, Azərbaycanın başına nə qədər bisavad adamlar gəlir-gəlsin, ona fərqi yox idi. Onun üçün əsas o idi ki, yuxarı dırmaşsın. Hansı ki, bunu bacararaq, dövlətin qısa müddətə 1-2 məqamında əyləşdi. Adam 1 ay Prezident vəzifəsini, 11 ay da parlament sədri vəzifəsini icra etdi. Bu, onun nailiyyətlərinin zirvəsi idi. Onu Azərbaycan və Azərbaycan xalqının vəziyyəti maraqlandırmayıb. Onu maraqlandıran vəzifə olub”, – müsahibimiz fikirlərini tamamlayıb.






Fikirlər