İsrail diplomatı: "İran təhdidinə qarşı strateji partnyorluq”

Associated Press agentliyinin dərc etdiyi məqalədə rəsmilərə və diplomatlara istinadla iddia edilir ki, İsrail Azərbaycana güclü silahlar verməklə onun Qarabağ üzərində nəzarəti ələ almasında “sakitcə” kömək edib.

Musavat.com xəbər verir ki, məqalə genişdir və Azərbaycana qarşı obyektiv olmayan fraqmentlər var. Biz oradan yalnız bir parçanı oxucuların və təhlilçilərin diqqətinə çatdırırıq.

Məqalədə vurğulanır ki, İsrail Azərbaycana neft mənbəyi və İrana münasibətdə müttəfiqi kimi baxır. Azərbaycan həm də müasir silahlar alan sərfəli müştəridir.

İsrailin Azərbaycandakı keçmiş səfiri və hazırda Tel-Əvivdəki Milli Təhlükəsizlik Tədqiqatları mərkəzinin eksperti Arkadi Milman AP-yə bildirib ki, bu müttəfiqlikdə təəccüb etməli heç nə yoxdur:

“Bizim müdafiə sahəsində Azərbaycana dəstəyimizdə təəccüblü heç nə yoxdur. Bizim İran təhdidi ilə bağlı strateji partnyorluğumuz var”.

Bir zamanlar enerji ehtiyatları sarıdan yoxsul olan İsrail hazırda Aralıq dənizində böyük təbii qaz yataqlarına sahibdir, amma Azərbaycan onun neftə olan tələbatının 40 faizini təchiz edir. İsrail Azərbaycan neftini Türkiyənin Ceyhan terminalı vasitəsilə hələ 1990-cı illərdən alır.

Məqalədə deyilir ki, Azərbaycan İranın Ermənistanla yaxınlığına həmişə şübhə ilə baxıb, öz növbəsində Tehran Bakını ona qarşı İsrail kəşfiyyatına “meydan verməkdə” ittiham edir. Həm Azərbaycan, həm də İsrail bu ittihamları rədd edirlər.

Bu da vurğulanır ki, Azərbaycan İsrailin ən böyük silah alıcılarından biridir. Ekspertlərin təxminlərinə görə İsrail 2016-2020-ci illər arasında Azərbaycanı cəbbəxanasının 70 faizi ilə təchiz edib.






Fikirlər