Paşinyandan bəyanat: Tiflisdə sülh müqaviləsi üçün... - Gerisayım başladı...

Paşinyandan bəyanat: Tiflisdə sülh müqaviləsi üçün... - Gerisayım başladı

"Hazırda Qarabağda çox vacib hadisələr baş verir. Rus sülhməramlılarının da tezliklə getməsi ehtimalı var. Artıq onların burada görəcəyi bir iş qalmayıb. Bir müddətdən sonra üzüsulu, hörmətlə gedəcəklər".
 
Bunu Teleqraf.com-a politoloq Zərdüşt Əlizadə deyib.
 
Onun fikirncə, antiterror tədbirlərindən sonra bölgəni tərk edən ermənilərlə bağlı Qərbdən, xüsusi olaraq Fransa və Avropa Parlamenti tərəfindən qaldırılan hay-küyün mənası yoxdur:
 
“Onlar Azərbaycanı müxtəlif sanksiyalarla hədələyirlər. Amma Avropa İttifaqının qərarları konsensusla qəbul edilir. Bu təşkilatda təmsil olunan ölkələrin üçdə biri Azərbaycanla strateji əməkdaşlıq haqqında müqavilə imzalayıb. Onlar Azərbaycanla əməkdaşlıqda maraqlıdır. Ona görə də, hansısa uzaq yerdə qeyri rəsmi rəqəmlərlə 50-60 min insanın tam dəqiq könüllü şəkildə köçü əsas vermir ki, dəyərli tərəf müqabillləri ilə münasibətləri kəsilsin. Bu baxımdan Avropa İttifaqı heç vaxt belə qərar çıxartmayacaq”.

Politoloq hesab edir ki, vaxtilə ABŞ “907-ci düzəlişi” Azərbaycana qarşı tətbiq etmişdi:
 
“Bu düzəliş 1992-ci ildən bəri Azərbaycana qarşı irəli sürülüb. Amma bunun onlar üçün biri qəpiklik xeyri olmadı. Ona görə də, Azərbaycana qarşı hər hansı bir sanksiyanın olacağı və bunun bir nəticə doğuracağı ehtimalı azdır. Bunlar boş mənasız təzyiq üçün istifadə edilən leksikondur”.
 
Zərdüşt Əlizadəyə görə, Prezident İlham Əliyev haqlı olaraq Qranada görüşündən imtina etdi, amma Nikol Paşinyan orada Azərbaycanın ərazi bütövlüyü ilə bağlı bəyanat imzaladı:
 
“Ona görə də, Azərbaycanla Ermənistan arasında artıq sülh qaçılmazdır. Bu ilin axırı, gələn ilin əvvəlinə kimi bu baş verəcək. Bunun üçün uzağa getməyə ehtiyac da yoxdur. Tiflisdə görüşüb sülh müqaviləsi imzalayıb məsələləri həll etmək olar”.






Fikirlər