Makronun Paşinyan üçün cızdığı yol - Gözlənilən ssenari baş tutdu...

Ermənistan hokumətinin Qarabağı tərk edən ermənilərin sayını şişirtmək planının məqsədi çoxdan üzə çıxmışdı. Hər kəsə bəlli idi ki, onlar bu rəqəmlərdən yeni təxribat hazırlayırlar və düşünülən kimi də oldu. Söhbət Ermənistanın "etnik təmizləmə" iddiasından gedir. İndi isə onlar daha da irəli gedərək həmin şəxslərin yenidən Qarabağa qaytarılmasını istəyirlər.

Azərbaycan Qarabağda yaşayan erməni sakinlərə qarşı hər hansı zor tətbiq etməyib, onları qovmayıb. Bununla bağlı yüzlərlə məlumat, sübut var. Əksinə, 20 sentyabrda həyata keçirilən lokal xarakterli antiterror əməliyyatlarından bugünədək reinteqrasiya prosesinin uğurlu təşkili təmin olunur. Bununla bağlı rəsmi qurumlarımız 22 gün ərzində kifayət qədər geniş və ətraflı məlumat verib.

Ermənistan hokuməti, xüsusən də baş nazir Nikol Paşinyan isə reinteqrasiya prosesindən narahatdır. O, bu prosesə mane olmaq üçün əlindən gələni edir. Çünki, reinteqrasiya prosesinin uğurla gedəcəyi təqdirdə qarabağlı ermənilərin Ermənistan vətəndaşı kimi geri qayıdışı çətin olacaq. Rəsmi İrəvan qarabağlı ermənilərin Azərbaycandan Ermənistana köçünü məhz bu səbəbdən təşkil edib.

Bu təxribatların ssenari müəllifi isə hər zamankı kimi ermənilərin canına onlardan daha çox yanan Makron və onun təlimatlarını "canla-başla" həyata keçirən Fransanın XİN başçısı Katrin Kolonnadır. Belə ki, o ölkə Senatında çıxışında Azərbaycanı güc tətbiq etməkdə günahlandırıb: "Azərbaycan 100 mindən artıq erməninin Dağlıq Qarabağdan köçünü planlaşdırıb və reallaşdırıb. Bu ağır cinayət cavabsız qalmamalıdır. Azərbaycanla Ermənistan arasında münaqişə yalnız danışıqlar vasitəsilə nizamlanmalıdır. Bakı anlamalıdır ki, o, güc tətbiqi yolu ilə gedə bilməz", - Kolonna deyib.

Məlim olduğu kimi Fransa və onu dəstəkləyən bir sıra ölkələr oktyabrın 11-də BMT-nin İnsan Hüquqları Şurasında ölkəmizə qarşı tələb irəli sürüblər. Birgə bəyanatla çıxış edən bu ölkələr ermənilərin "hamısının mütəşəkkil qaydada evlərinə qayıtmalarının təşkilini, qarabağlı ermənilərin hüquq və təhlükəsizliklərinin təminatını" Azərbaycandan tələb ediblər. Həmçinin, Ermənistana köçmüş erməni əhalisinə "qaçqın statusu"nun verilməsi ideyası irəli sürülüb.

Qəbul edilmiş bəyanatda azərbaycanlıların Ermənistandakı yurdlarına qayıdış hüquqları barədə nəsə yazılmaması onun obyektivliyinə şübhə doğurur. Əgər bu bəyanat qərəzsiz olsaydı ən azından doğma torpaqlarından qovulmuş 1 milyona yaxın azərbaycanlının taleyi də kağızlarda əksini tapmalıydı. Amma, sənəddə bu barədə nəsə deyilmir. Aydın məsələdir ki, Fransa bu qərəzli bəyanatla bölgədə gərginliyi artırmağa, sülh, reinteqrasiya prosesinə mane olmağa davam edir.

Bu birgə bəyanat Azərbaycan üçün hər hansı bir önəm daşımır. Çünki, yuxarıdada da qeyd etdiyim kimi, Azərbaycan Qarabağda yaşayan erməniləri qovmayıb, onları zorla çıxartmayıb. Onların bizə qarşı etdiklərinə baxmayaraq humanistlik nümayiş olunub, reinteqrasiya üçün uğurlu addımlar atılıb. Artıq, 100-ə yaxın erməni Azərbaycan vətəndaşı olmaq üçün Bakıya müraciət də edib.

Bəxtiyar Umarlı
Milli.Az






Fikirlər