“İT ƏL ÇƏKİR”, FRANSA ƏL ÇƏKMİR - Makron “Azərbaycanın məsələsini” yenə BMT-yə daşıyır, Ermənistan isə...

Belə görünür ki, böyük dövlətlərin regionumuzdakı bəzən hədsiz dərəcədə çirkin forma alan maraqları Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin tezliklə imzalanmasına imkan verməyəcək. Bir yandan Rusiya, digər yandan isə Qərb, xüsusilə də Fransa kimi dövlətlər sülh prosesinin məntiqi sonluğa çatmasını müxtəlif vasitələrlə əngəlləməkdə davam edirlər...

Rusiya birmənalı olaraq yekun sülh sənədinin əleyhinə çıxmasa da, onun məhz Kremlin patronajlığı altında imzalanmasını istəyir. Bu isə indiki məqamda olduqca çətin görünür. Çünki özünü dünyaya qərbpərəst və demokratik dövlət kimi sırımağa çalışan Ermənistan Avropa, xüsusilə də Fransanın dominantlıq etdiyi formata daha çox üstünlük verir və Rusiyadan mümkün qədər məsafə saxlamağa çalışdığına dair görüntü yaradır. Elə Azərbaycan özü də Gürcüstan variantını önə çəkərək, heç də Moskvanın ürəyindən keçən formata isti yanaşmadığını əks etdirmiş olur...

Qərbə gəlincə, ABŞ Dövlət Departamentinin son mövqeyi qətiyyən sülh müqaviləsinin tezləşməsinə şərait yaratmır. Sülh prosesinə ən xain zərbəni isə Fransa və Prezident Emmanuel Makron vurur. Belə ki, Fransa növbəti dəfə “Azərbaycanın ittiham edilməsi” üçün BMT-yə müraciətlə bağlı təşəbbüslə çıxış edir. Bu, bir daha Rusiya ilə Fransanın bu regionda “bir ələ oynaması” barədə qənaəti gücləndirir. Çünki hər iki ölkənin səyləri sülh müqaviləsini əngəlləməyə və uzatmağa xidmət edir.

 

 

Fransa Ermənistanın əli ilə Cənubi Qafqaza soxulmağa çalışır. Münaqişə, problem rəsmən başa çatacağı təqdirdə, Parisin bu imkanı məhdudlaşmış olur. Ona görə də Fransa hər vəchlə sülhün imzalanması prosesini uzatmağa köklənib.

“Azərbaycanın məsələsinin” yenidən BMT-yə çıxarılması təşəbbüsü də bundan irəli gəlir. Belə çıxır ki, Qarabağdakı qarşıdurmanı daim “yemləmiş” Rusiya və hətta onun uzun illər himayə etdiyi Ermənistanın özü belə yerdə yaranmış reallıqla, Azərbaycanın haqlı qələbəsi və mövqeyilə əsasən hesablaşır, razılaşır, Fransa isə Bakının yaxasından əl çəkmək istəmir – “it əl çəkir, motal əl çəkmir”...

Ümumiyyətlə, Fransanın xüsusilə də Makronun prezidentliyi dövründəki xarici siyasəti, diplomatiyası demək olar, bütün istiqamətlərdə fiaskoya uğrayıb və bizim regionda çıxarmaq istədiyi oyunların da heç bir ciddi nəticəsi olmayacaq. Ancaq buna baxmayaraq, görünür, bir müddət Fransanın ifasında “könül bulandıran” səhnələr izləməli olacağıq.

Yeri gəlmişkən, bu günlərdə Makronun Orta Asiyaya səfəri ilə bağlı maraqlı görüntülər yayılıb. Bu Türk bölgəsində Fransa üçün təbii resurslar axtaran Makronun Özbəkistan Prezidenti Şavkat Mirziyayevlə Səmərqənddəki görüş səhnəsi xüsusilə diqqət cəlb etdi. Prezidentlərin həddindən ziyadə “səmimi” görüşmələri, Makronun öz tərəf müqabilini az qala “duz kimi yalaması” və qarşı tərəfin də buna bənzər reaksiyası bir tərəfdən ikrah doğurur, digər yanadan isə Türk Dövlətləri Təşkilatında vahid xarici siyasət kursunun formalaşmasına hələ xeyli zaman lazım olduğunu göstərir...

 

 

Ermənistanın indiki hakimiyyətinə gəlincə, onun Makronun çaldığı tütəyə oynamayacaq qədər ağlı və iradəs yoxdur. Bunu Qarabağdan gedən erməniləri “zorla qovulmuş, etnik təmizləməyə məruz qalmış qaçqınlar” kimi təqdim etmək cəhdləri də sübut edir. Vəziyyət o dərəcədə absurd həddə çatıb ki, Paşinyan hakimiyyəti Qarabağı tərk edən ermənilərə artıq ikinci dəfə(!) Ermənistan vətəndaşlığı və pasportu verməklə, “Azərbaycanın zülmündən qaçanlara sığınacaq vermək” görüntüsü yaradır və bununla beynəlxalq meydançalarda Azərbaycana qarşı təzyiqlər üçün əsas verir. Hansı ki, bu adamlara az qala 30 il ərzində Ermənistan pasportu paylanıb, onların zatən Ermənistan vətəndaşlığı var idi...

Bakı ilə İrəvan arasında sülh müqaviləsi olsa, çox yaxşı, ancaq bu sənəd olmasa belə, Azərbaycan üçün vəziyyət Ermənistanınkı qədər drammatik deyil. Ölkəmiz ərazi bütövlüyünü bərpa edib, quruculuq işlərinə başlayıb, ərazimizdə və boğazımızdakı yeganə “kal armud” olan Rusiya hərbi kontingenti isə yavaş-yavaş “əriyir” və günlərin birində tam yoxa çıxacağına şübhə yoxdur.

 

 

Digər yandan indiki qarışıq zamanda hansısa beynəlxalq sənədin, müqavilənin, razılaşmanın əhəmiyyəti minimuma, bəzənsə heçə enib. Ən böyük dövlətlər belə nə beynəlxalq hüquqa, nə konvensiyalara, nə də müqavilələrə məhəl qoyur. Lakin məsələ ondadır ki, bu vəziyyət çox davam edə bilməz və dünya yenə rəsmi razılaşmalar, müqavilələr əsasında nizamlanmağa məcbur olacaq. Bu baxımdan, sülh müqaviləsi həm Azərbaycan, həm də Ermənistan üçün zəruridir. 

Buna mümkün qədər tez nail olmaq üçün tərəflərin müdrikliyi və iradəsi lazımdır. Lakin indiki “yüngül əxlaqlı” Ermənistan hakimiyyəti xaricdəki Fransa kimi “oynaşlarının” fitvasına uyaraq, yersiz, məntiqsiz iddialar, bəyanatlar və hərəkətlərlə bu prosesin tezləşməsini əngəlləyir. Baxmyaraq ki, bundan ilk növbədə Ermənistanın özü və təəssüf ki, müəyyən dərəcədə Azərbaycan da itirir. Hətta o, ən az itirən tərəf olsa belə...    “AzPolitika.info

 

 






Fikirlər