Rusiya sülh sazişinin imzalanmasına mane olacaq? - Mühüm açıqlama
"Proses sülh sazişinin sürətlənməsinə kömək edir və faktiki olaraq Qərb ölkələrinin hamısından, o cümlədən qardaş ölkə Türkiyədən bu məsələyə xüsusi dəstək nümayiş etdirilib". AzerTaym.az bildirir ki,bu sözləri yenisabah.az-a açıqlamasında təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl deyib. İlham İsmayıl 32 erməni və 2 azərbaycanlı hərbi əsirin geri qaytarılmasından sonra tərəflərarası münasibətlərin növbəti perspektivindən söz açıb: “Qarşıda Sankt-Peterburqda dekabr görüşləri var. Rusiya tərəfindən hələlik bu məsələ ilə bağlı dəstək ifadə olunmayıb. Hiss olunur ki, Rusiya dekabr görüşlərində maksimum çalışacaq ki, imzalanacaq olan sülh sazişini öz çətiri altına salsın və moderatorluğunu etsin. Yenə də qlobal güclərin Cənubi Qafqaz uğrundakı mübarizəsi məsələni ləngidə bilər”. Ekspertin qənaətinə görə, dekabr görüşlərindən çox şey asılıdır: “Əgər Paşinyanın Putinlə təkbətək görüşü olsa, bu görüşdən sonra üçtərəfli görüş də istisna deyil. Belə bir şey olacaqsa, mümkündür ki, Rusiya elə bir plan hazırlasın ki, məsələ Sankt-Peterburq və yaxud Moskvada həll olunsun. Bu variantları istisna etmirik”. Mütəxəssis xatırladıb ki, Azərbaycan onsuz da Brüssel formatından imtina etməyib: “ADA Universitetindəki tədbirlərdən birində Prezident söylədi ki, Brüssellə əlaqələrimiz davam edir və mümkündür ki, xarici işlər nazirlərinin görüşü Vaşinqtonda olsun. Mən sənədin Vaşinqtonda imzalanmasına inanmıram, amma ilin sonuna qədər Brüsseldə sənədin imzalanması tamamilə mümkündür”. “O ki qaldı perspektivdə olacaq jestlərə, bizdə hələ də mühakimə olunmayan bir sıra cinayətkarlar var. Yəni qondarma rejimin keçmiş rəhbərliyi və başqaları bu siyahıya daxildir. Biz 2 nəfərin qarşılığında 32 nəfəri veririksə, burada xoşməramlılıq daha çox bizim üzərimizə düşür. Qarabağdakı separatçıların rəhbərliyinin verilməsi də nə vaxtsa, jest variantı ola bilər, amma məhkəməsiz bunun baş vermə ehtimalı mümkünsüzdür”, - deyə o, fikirlərini tamamlayıb.