"Azərbaycan Respublikasının seçki məcəlləsinin tələblərinə görə, istənilən hava şəraitində və yaxud da istənilən halda seçki marafonu cəmi 60 gündür. Bu 60 gün müddətində hazırlaşmaq və yaxud hazırlaşmamaq siyasi təşkilatların seçkiyə qədərki müddətdə təşkilatlanmasında və işindən bilavasitə asılıdır".
Bu sözləri Moderator.az -a açıqlamasında Ümid Partiyasının sədri İqbal Ağazadə bildirib . Qeyd edib ki, növbədənkənar seçki üçün də Azərbaycan Konstitusiyasının 101-ci maddəsinin 1-ci bəndinə uyğun olaraq Prezident elan edə bilər və hüquqi cəhətdən də tam əsaslıdır:
"Bunun üçün hər hansı bir ictimai müzakirə və yaxud da qabaqcadan xəbərdarlıq kimi bir anlayış yoxdur. Buna görə də Prezidet seçkiləri, parlament seçkiləri, hətta bələdiyyə seçkilərində belə növbədənkənar seçkilər varsa, 60 gün müddətində hazırlıq qanunamüvafiqdir. Hazırlaşmaq olacaqmı, olmayacaqmı indiki mərhələdə, ümumiyyətlə Prezident seçkilərində dövlət başçısına alternativ olmaq çox çətindir.
Çətinliyin səbəbləri ondan ibarətdir ki, 200 illik Azərbaycan problemi İlham Əliyevin vaxtında həll olunub. O, əhali arasında böyük etimada malikdir. Buna görə də siyasi partiyalar bu məsələlərdə maraqlı deyil. Amma məntiq etibarı ilə demokratik ölkələrdə proses elə gedir ki, seçkiyəqədərki müddətdə belə, siyasi insitutlar seçkiyə hazırlanmış kimi görünürlər. Onlar seçicilərlə ünsiyyətdə olurlar, kütləvi tədbirlər keçirirlər, açıq və qapalı görüşlərdə olurlar, təbliğat materiallarını yaya bilirlər, təbliğat materiallarından istifadə edərək təşkilatları və yaxud proqramları, maraqları və ya planları barədə seçiciyə məlumat verə bilirlər. Ona görə də seçici üçün namizəd və yaxud namizədin platforması qabaqcadan bəlli olur. Azərbaycanda isə bütün siyasi insitutlar yalnız seçkilər dönəmində seçici ilə ünsiyyətdə ola bilirlər. Amma indiki şəraitdə 7 fevral seçkiləri ilə bağlı hesab edirəm ki, siyasi insitutlar da o qədər də maraqlı deyillər. Çünki İlham Əliyevin reytinqinin kifayət qədər olduğunu və seçicinin də əhvali-ruhiyyəsini bilirlər".