“AŞPA- nın bu qərarı ikili standartlardan qaynaqlanır” - Kamaləddin Qafarov

“AŞPA- nın bu qərarı ikili standartlardan qaynaqlanır” - Kamaləddin Qafarov

“Məlum Qərb ölkələrinin və onların əlində alətə çevrilmiş AŞPA kimi təşkilatların qərəzli və destruktiv addımları bir daha sübut edir ki, onları nə Cənubi Qafqazda sülhün bərqərar olması, nə də region xalqlarının rifah içində yaşaması maraqlandırır. Əslində, bu qüvvələri heç erməni xalqının da taleyi düşündürmür. Bu gün Fransa və Almaniyanı Ermənistan yalnız bizim regionda öz iyrənc müstəmləkə siyasətlərini həyata keçirə bilmək üçün bir vasitə kimi maraqlandırır. Ukraynanın timsalında isə, bu maraqların hansı nəticələrə gətirib çıxara biləcəyini aydın görmək olar.”

Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Deputat qeyd edib ki, AŞPA-nın yanvarın 22-də, qış yarım sessiyasının açılış günündə ölkəmizin bu təşkilatda nümayəndə heyətinin etimadnamələrinin təsdiq edilməməsi Azərbaycana qarşı açıq-aşkar ikili standartlar siyasətinin tətbiqinə cəhd kimi dəyərləndirilməlidir: “Fransa və Almaniyanın manipulyasiyalarının nəticəsi olaraq qəbul edilmiş qərəzli qərarın Azərbaycanda fevralın 7-də keçiriləcək seçkiləri müşayiət etməyə AŞPA-nın dəvət edilməməsi və ölkədə “siyasi məhbus”ların olması ilə əsaslandırmaq cəhdləri yalnız beynəlxalq ictimaiyyəti aldatmaq məqsədi güdür. Hələ ötən il aprelin 23-də Azərbaycan Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsini qurandan sonra AŞPA dəfələrlə Azərbaycandan həmin sərhəd-buraxılış məntəqəsinin ləğv edilməsini tələb etmişdi. Təbii ki, Azərbaycan mahiyyət etibarı ilə Ermənistandan ölkəmizin ərazisində o zaman hələ mövcud olan qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə və silah-sursat daşımasına icazə vermək anlamına gələn bu tələbi qətiyyətlə rədd etdi. Bundan sonra AŞPA rəhbərliyi 3 dəfə ölkəmizə müraciət edərək Laçın yoluna məruzəçi göndərmək istədiyini bildirib. Aydındır ki, bu istəyin də arxasında ermənilərin “blokadada yaşamaları” barədə uydurma faktlar əsasında saxta hesabatların hazırlanması və bu yolla Avropada anti-Azərbaycan əhval-ruhiyyəsinin gücləndirilməsi məqsədi dururdu. Azərbaycan dövləti yenə də prinsipiallıq və siyasi iradə nümayiş etdirərək, bu cəhdlərin də qarşısını aldı. Çünki AŞPA missiyalarının Azərbaycana səfər cəhdləri yalnız erməni məsələsi ilə bağlı olub və təşkilatın prioritet məsələsini “ermənilərin hüquqları” təşkil edib. AŞPA digər məsələlərlə bağlı deyil, məhz ermənilərin müdafiəsinə yönəlik “Laçın dəhlizinin blokadaya alınması”nı qınayan, eləcə də “Azərbaycan ordusunun ötən ilin sentyabrında həyata keçirdiyi və Dağlıq Qarabağın bütün erməni əhalisinin ərazini tərk etməsi ilə nəticələnən hərbi əməliyyatı”nı pisləyən qətnamələr qəbul edib. Assambleyanın qış yarım sessiyasının açılış günündə isə, Almaniyanı təmsil edən nümayəndə

Frank Şvabe özünün “100 mindən artıq Qarabağ ermənisinin zorakılıqla qovulması və AŞPA məruzəçilərinin Laçın yoluna buraxılmaması Azərbaycanın təşkilatla əməkdaşlıqdan yayınması kimi qiymətləndirilməlidir” kimi absurd fikirlərin yer aldığı çıxışında AŞPA-da ölkəmizin nümayəndə heyətinin etimadnamələrinin təsdiq edilməməsi təşəbbüsünü irəli sürüb və bu təşəbbüs təsdiqlənib”.

K.Qafarov deyib: “Xatırlatmaq yerinə düşər ki, Azərbaycan vaxtilə Qarabağ probleminin həllinə sülh yolu ilə nail olmaq üçün Avropa Şurasına üzv olmuşdu. Lakin ötən dövrdə gedən proseslər göstərdi ki, bu qurum Azərbaycanın mənafelərinə xidmət edəcək heç bir layihədə maraqlı deyil. Bu gün isə, artıq Azərbaycan dövləti özü Qarabağ problemini kökündən həll edib. Buna görə də ölkəmizin hazırda nəinki dünya səviyyəsində, Avropanın hüdudları daxilində belə nüfuzu olmayan Avropa Şurasına heç bir ehtiyacı yoxdur”.






Fikirlər