Kremlin "Rəsulzadə açıqlaması" aranı qatdı - Zaxarova nə demək istəyib? (ŞƏRH)

"Belə qərəzli yanaşmalar Rusiyanın da maraqlarına uyğun gəlir".
 
Siyasi analitik Qulamhüseyn Əlibəyli Rusiya XİN-in sözçüsü Mariya Zaxarovanın Məhəmməd Əmin Rəsulzadənin 140 illik yubileyinin qeyd edilməsilə bağlı erməni jurnalistinin sualına cavab olaraq səsləndirdiyi fikrini şərh edərkən deyib.
 
Qulamhüseyn Əlibəyli vurğulayıb ki, Rəsulzadə ermənilərin düşündüyü kimi faşistlərlə əməkdaşlıq etməyib:
"Düzdür, Hitler rejiminin vəzifəli şəxslərilə müəyyən görüşləri olub. Həmin görüşlər də azərbaycanlı hərbi əsirlərin vəziyyətinin yaxşılaşdırılması və Azərbaycanın müstəqilliyilə bağlı olub. Rəsulzadə Azərbaycanın müstəqilliyinə təminat almayandan sonra artıq bu cür görüşlər davam etməyib və o, Almaniyanı tərk edib".
Ad - 00:25
Ekspert bildirib ki, Rəsulzadəyə qarşı vaxtaşırı belə hücumlar olub:
"Hətta 1992-ci ildə də bu sayaq hücumlar olub. Ermənilər bu hücumlardan sadəcə olaraq prosesi uzatmaq, Azərbaycanla Ermənistanı, Nijde kimi cəlladla Rəsulzadəni eyniləşdirmək istəyirlər. Bu kimi qərəzli yanaşmalar əslində Ermənistan kimi Rusiyanın da maraqlarına uyğun gəlir. Zaxarovanın Rəsulzadənin 140 illik yubileyilə bağlı səsləndirdiyi "Moskva Bakıya öz qiymətləndirməsini çatdırıb" ifadəsinə gəlincə, Rəsulzadə elə bir şəxsiyyətdir ki, Zaxarova, onun kimilər və ermənilər bu dahi insanı qymətləndirmək imkanına malik deyillər. Bu cür şəxsləri Azərbaycan xalqı qiymətləndirib və qiymətləndirəcək də. Söhbət yəqin ki, erməni jurnalistin sualına hansısa bir cavab verməkdən gedir. Zaxarova, XİN və Rusiyanın digər yüksək ranqlı rəsmi şəxsləri tərəfindən Rəsulzadə barədə hansısa haqsız söz dediklərinin şahidi olmamışam. Bu, sadəcə, erməni jurnalistinin sualına hansısa cavab vermək istəyindən irəli gəlir”. 
Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova son brifinqdə erməni jurnalistin Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi barədə suala cavabında "Biz bu məsələ ilə bağlı qiymətləndirmələrimizi Azərbaycan tərəfinə çatdırmışıq və onlarla əlaqə saxlayırıq" ifadəsni işlətməklə ölkəmizin daxili işlərinə müdaxilə edib. Qaynarinfo






Fikirlər