Müstəqil Azərbaycan arzusu ilə yaşamış ŞƏXSİYYƏT VƏ ƏSRLƏRİN SƏYAVUŞU

Anadan olmasının 140 illiyini dövlət səviyyəsində qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, görkəmli ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadə həm də ədəbi-mədəni fikir tariхinin ən böyük nümayəndələrindən biridir. O, son dərəcə mürəkkəb, çətin və keşməkeşli bir həyat yolu keçmiş, zəngin yaradıcılıq irsi qoyub getmişdir. Görkəmli siyasi xadim ruhən ədəbiyyatla bağlı olmuş, siyasi mühitə mətbuatdan, ədəbiyyatddan gəlmiş, ictimai-siyasi fəaliyyətinin ən gərgin dövrlərində belə mətbuatdan, ədəbiyyatdan ayrılmamış, öz siyasi ideallarının əksi və tərənnümü üçün publisistikanın, bədii ədəbiyyatın təsir gücündən məharətlə bəhrələnmişdir.

Azərbaycan Respublikası Prezidentinin “Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında” 2023-cü il 30 dekabr tarixli Sərəncamında deyilir: “Məhəmməd Əmin Rəsulzadə XX əsrin ilk onilliklərində böhranlı geosiyasi şəraitdə Azərbaycanda müstəqillik idealının gerçəkləşdirilməsi və milli dövlət quruluşunun dirçəldilməsi yolunda böyük xidmətlər göstərmiş şəxsiyyətlərdəndir. Onun istiqlal məfkurəsi öz mənbəyini doğma xalqının çoxəsrlik yaddaşında kök salmış milli azadlıq düşüncəsindən alırdı. Məhəmməd Əmin Rəsulzadənin dövrün salnaməsinə çevrilən parlaq publisistik, siyasi, ədəbi-tənqidi və elmi irsi Azərbaycanın ictimai fikir tarixində xüsusi yer tutur. Uzun illər ərzində mühacirətdə də o, müstəqil Azərbaycan arzusu ilə yaşamış və mübarizə aparmışdır”.

M.Ə.Rəsulzadə demək olar ki, bütün əsərlərində milli dövlət ideyasını əsas götürmüş, özünəməxsus dövlətçilik nəzəri konsepsiyalarını diqqətə çatdirmışdır. Onun bu istiqamətdə yazdığı çox qiymətli əsərlərindən biri də “Əsrimizin Səyavuşu” əsəridir. Rəsulzadə bu əsəri İsmayıllı rayonunun Lahıc qəsəbəsində olanda qələmə almışdır. Məlum olduğu kimi, 1920-ci ilin aprel hadisələrindən sonra M.Ə.Rəsulzadə Bakını tərk edib təхminən üç aya qədər Əli Əhmədoğlu adı ilə Lahıcda yaşamışdı. Həmin ilin iyununda ərsəyə gələn əsəri nəşr etdirmək M.Ə.Rəsulzadəyə 3 il sonra Türkiyədə mühacir həyatı yaşayarkən nəşr etdirib yayımlamaq nəsib olmuşdur.

Müəllif həmin nəşrə yazdığı “Ön söz”də əsərin yaranması tarixçəsini belə xatırlayır ki, “Şahnamə” əsərini Lahıcda gizləndiyi evdə mövcud olan kitabxanadan  götürüb mütaliə edir, əsər ona o qədər dərin təsir bağışlayır, ruh halına o qədər yaxın olur ki, dəfələrlə, ucadan oxuyur, ev sahibinə də dediyi kimi tariximizin Səyavuşundan ilhamlanaraq əsrimizin Səyavuşunu yazmaq qərarına gəlir. Lakin, aramsız bolşevik təqiblərinə məruz qaldiği üçün tez-tez yaşayış yerini dəyişməli olan, nəhayət Türkiyəyə mühacirət etmək məcburiyyətində qalan böyük tarixi şəxsiyyət əsərin özündəki nüsxəsini məhv etməli olur, əsərin Lahıclı ev sahibinə əmanət etdiyi digər nüsxəsini isə üç il sonra, çox çətinliklə əldə edə bilir. Hətta dostları onun bu intizarını görüb bu mövzuda yenidən yazmaq tövsiyə etsələr də, o bu əsərin o zamankı hal, ruh halı və vəziyyəti ilə bir daha yazıla bilməyəcəyini belə izah edir ki, “1920-ci ildə Lahıcda qaçaq bir həyat yaşayan Əli Əhmədoğlunun əsəri ilə 1923-cü ildə İstambulda yaşayan Məhəmməd Əmin Rəsulzadənin əsəri arasındakı fərq aşkar olsa gərək”.

Məlumdur ki, Siyavuş obrazı fars şairi Ə.Firdovsinin “Şahnamə” əsərində təsvir olunmuşdur. Bu əsər şifahi xalq ədəbiyyatı nümunələri əsasında yazılan klassik Şərq ədəbiyyatının şedevrlərindəndir. Belə ki, müyyən tarixi həqiqətlər əsasında xalq arasında yaranmış, əsrlərin süzgəcindən keçərək böyük Firdovsidən tutmuş Ulu Cavidə qədər böyük Şərq mütəfəkkirlərinin, şair və yazıçıların, dramaturqların yaradıcılıq ilhamından süzülüb hər dəfə daha dərin və fərqli məna əxz edən bu mövzu təsadüfi deyil ki, böyük ictimai-siyasi xadim, ədəbiyyatşünas, publisist Məhəmməd Əmin Rəsulzadənin də diqqətini cəlb etmişdir. O, əsərdə Firdovsini İran romantizminin mahir şairi, savaş və şənlik aşiqi, ilahi əzm və hünər şairi adlandırır, “Səyavuş” dastanını isə “Şahnamə”nin, ən şah əsər dastanı – hekayə – xəzinəsi kimi dəyərləndirir. “Əsrimizin Səyavuşu”nu isə müəllif türklə başlayan iki tarixin də həzin bir vaqeə və hadisənin yanğılı bir ağısı kimi təqdim edir.

M.Ə.Rəsulzadə əvvəlcə məhz şifahi xalq ədəbiyyatından qaynaqlanan, tarixi həqiqətlərə söykənən, klassik Şərq ədəbiyyatının nadir incisi olan “Səyavuş” dastanının nəql edir: “Xalq arasında məşhur olanı belədir ki, Kəyanilərdən Keykavusun oğlu Səyavuş ögey anası Südabənin eşqi və atası Keykavusun vəfasızlığından bezar olub Turana qaçdı. Turan xaqanı Əfrasiyab tərəfindən səmimi qəbul gördü. Xaqanın qızı Firəngizlə evləndi. Nəhayət, Əfrasiyabın qəzəbinə gəlib başı kəsildi. Haqsız tökülən bu qan üçün İranla Turan bir-birinə qarışdı və əsrlər uzunu qan axdı”. Rəsulzadə “Şahnamə”də təsvir olunan İran-Turan müharibələrinə folklor prizmasından yanaşmasına baxmayaraq, əsasən tarixi hadisə kimi təsvir və təhlil edir.

Onun tarixi faktlardan gəldiyi nəticəyə görə, bu savaşların müəyyən bir qismi Şimali İran və Cənubi Qafqazdan ibarət ərazidə baş verib. Yəni İran-Turan müharibələri cənubi və şimali Azərbaycan ərazilırində, yəni bütöv halda Azərbaycan torpaqlarında baş verib. Görkəmli mütəfəkkir bu hadisənin qısa məzmununun mövcud siyasi proseslərlə müqayisə və təhlillərini aparır, müxtəlik keçidlər əsasında öz ideoloji baxışlarını, milli-siyasi dünyagörüşünü təqdim etməyi ustalıqla bacarır. Böyük mütəfəkkir Səyavuş obrazı vasitəsilə Azərbaycanın siyasi arenada bu taleyi eynilə yaşamasını bədii-publisitik şəkildə təqdim edir. O, bu üsulla əslində keçmiş, yaşadığı dövr və gələcək arasında bir tarixi-siyasi körpü yarada bilir.

Tarixin Səyavuşu İran ilə Turanı zor gücünə deyil, sevgi və barış içində bir ittifaqda birlədirmək istəyir. Ancaq məkrli qüvvələr həmişə olduğu kimi buna əngəl olur. Əfrasiyabın qardaşı Gərsivəzin “səyləri” nəticəsində doğma dayısı tərəfindən edam olunur. Bununla da İran və Turan arasında qanlı müharibələr başlayır. M.Ə.Rəsulzadə məhz bu motivdən istifadə edərək Xalq Cümhuriyyətinin də sülhsevər, barışdırıcı missiyasını təsvir edir, süqutuna əsas səbəblərdən biri kimi Azərbaycana hərtərəfli dəstək olan, onun müstəqilliyini alqışlayan Türkiyənin müxtəlif iftiralar və yalanlarla aldadılmasını göstərir: “Gərsivəzlər Türkiyədəki Turançıları inandırdılar ki, Azərbaycanın fikri ayrıdır. İngiltərə, Fransa və Amerika ilə əlaqəsi var. Yanına gizli elçilər gəlir. Turan düşməni ermənilərlə barışır. İran ilə sıxışıb birləşir. Əcəm siyasəti yeridilir”.

Səyavuşun həyatını Azərbaycan Cümhuriyyətinə oxşadan Rəsulzadənin gəldiyi nəticəyə görə, İranla Turan arasında qalan Səyavuşla, Rusiya ilə İranın bölüşdürə bilmədiyi Azərbaycan eyni taleyi yaşayır. Ancaq Firdovsinin Səyavuşundan fərqli olaraq Rəsulzadənin Azərbaycan Cümhuriyyəti adlı idealının gələcəkdə reallaşacağına ümidləri böyük nikbinliklə qeyd edilir. Mənşə etibarilə həm türk, həm də fars sayıla bilən Səyavuş sülhsevər, humanistdir, türk və iran dövlətləri arasındakı siyasətə və saraydaxili intriqalara qurban gedir. Azərbaycan da məhz gənc, sülhsevər, həyatsəvər, humanist, parlaq gələcəyi ola biləcək bir Səyavuş kimi təsvir edilir, lakin eyni zamanda çiçəklənən cümhuriyyətin səyavuşu-gərd kimi məvə məhkum olduğu acı təəssüflə vurğulanır.

Ədəbi abidənin qəhrəmanları dövrə uyğun olaraq bu şəkildə obrazlaşdırılıb müqayisə edilir: Siyavuş-Azərbaycan; Keykavus-fars (İran); Əfrasiyab-Türkiyə; Gərsivəz-ruslar, bolşeviklər; Firəngiz-Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcıları. Müəllif Azərbaycanın həmin illərdə hansı situasiyada olduğunu, AXC-nin necə yarandığını, hansı işləri gördüyünü, daxili, xarici siyasətini, demokratik prinsiplərini, hərbi strategiyasını bədii-publisistik üsulla, ədəbi bənzətmələrlə təsvir edir. Cümhuriyyətin əsas yaradıcılarından birinin bu dövlətin çox qəssa zamanda süquta uğraması ilə bağlı göstərdiyi səbəblər xüsusi maraq doğurur, lakin buraxılan səhvlər, yanlışlıqlar dərinliyi ilə təhlil edilmir ki, bu da əsərin bolşevik istilasından dərhal sonra yazılmasından irəli gəlir.

M.Ə.Rəsulzadənin “Əsrimizin Səyavuşu” əsərinin başlıca leytmotivini məhz türkçülük, turançılıq təşkil edir. Müəllif yazır: “Azərbaycan məfkurəsi Türk millətpərvərliyinin məfkurəsi ilə izdivac etdi. Turançılıq, türkçülük ədəbi məsləki Türkiyə ilə Azərbaycanı bir-birinə bağlayan ən davamlı bir bağ, mətanətli bir ip idi. Turançılıq məfkurəsi doğulunca millət beynəlmiləl islamiyyətçilik və federasiyon formullarını çıxarmış, sosialogiyada da “Türkləşmək, İslamlaşmaq və Müasirləşmək” kimi üç ayaqlı bir şüar ortaya atmışdı. İstambul yurdçuları bu şüarları nəzəri şəkildə yaymaqda ikən, Azərbaycan Turançıları bunu siyasi bir fəlsəfə kimi qəbul edərək qurduqları milli siyasi partiyanın prinsipi elan etdilər”.

O, mili dövlət ideyasının davam edəcəyini, Azərbaycanın qurtuluş tapacağını, Türkiyənin və türklüklə həmrəy, müttəfiq olacağını, Turan və türklük mücadiləsinin gedəcəyini, türkdilli dövlətlər arasında birliyin gələcəkdə daha möhtəşəm şəkildə bərqərar olacağını çox böyük uzaqgörənliklə “Əsrimizun Səyavuşu”nda göstərir. Türklüyün ilkin törəyiş dastanları, Ergenekon, Börteçine (Boz qurd ) və sair bu kimi məsələlərdən bəhs edərək türk xalqlarının tarixən azadlıq, qurtuluş istəyi ilə yaşadığını tərənnüm edir.  Bütün bunlar bir daha onun nə qədər böyük millətpərvər şəxsiyyət olduğundan xəbər verir.

Əsərdə müəllifin Zərdüşt dini, İslam fəlsəfəsi ilə bağlı fikirləri də xüsusi maraq doğurur. M.Ə.Rəsulzadə Firdovsini, Hafiz Şirazini fatalist kimi təqdim edir, dualizm fəlsəfi təlimi haqqında  belə nəzəri fikirlər irəli sürür: “Günün yarısı gündüz, yarısı gecədir. Ayın yarısı aydınlıq, yarısı qaranlıqdır. İlin yarısı isti, yarısı soyuqdur. Dünya ta ilk yaradılışından bəri iki üz-üzə qüvvənin, iki qarşı nöqtənin çarpışmalarına savaş meydanı olmuş, insanlıq tarixi adətən bu çarpışmaların, macəraları, avantüraları ilə bu çarpışmaların alın yazısından ibarət olmuşdur. Təbiətin hər şeyində dualizm olduğu kimi, gəlib keçici tarix də bu ikilikdən yaxa qurtara bilməmişdir. Bu dualizm, bilxassə İranın dini Zərdüştlükdə özünü göstərir”.

Şərq və Qərb mədəniyyəti anlayışları arasında analoji müqayisə aparan müəllif bu qənaətə gəlir ki, hər iki mədəniyyətin bir vəhdət kəsb etməsində din aparıcı faktor olmuşdur. Belə ki, Qərb mədəniyyəti “хristian topluluğuna girmiş bütün qərblilərin milliyyət və irq təəssübü çəkmədən yaratdıqları bir dəyər olduğu kimi”, Şərq mədəniyyəti də islam birliyinə daхil olan ərəb, türk, fars və başqa millətlərin birgə yaratmış olduqları abidədir. Mədəniyyətdə ortaqlıq prinsiplərini diqqət mərkəzində saхlayan mütəfəkkir “Əsrimizin Səyavuşu”nda fikirlərini belə yekunlaşdırır: “Dili, dini, əхlaqı, adəti, tariхi və ənənəsi bir olan хalq milli bir mədəniyyət yaradır: dinləri, dilləri və yaхud tariхi müqəddəratları, hətta bəzən coğrafi mövqeləri bir olan millətlər müştərək bir mədəniyyət yaradırlar. Bəzən iki ayrı soydan olan mədəniyyətlərin iştirakı o qədər sıхı olur ki, хətti-zatında iki mədəniyyətdən bir mədəniyyət, iki millətdən bir millət nümunəsi meydana gəlir. Türklük, ərəblik, farslıq müştərək bir mədəniyyət nümunəsi meydana gətirmişdir. Necə ki, bir хristian mədəniyyəti var – buna Avropa mədəniyyəti də deyirlər. Necə ki, islam mədəniyyətinə Şərq mədəniyyəti deyilir”.

M.Ə.Rəsulzadənin dövlət idarəçiliyi nəzəriyyəsi, hakimiyyət-xalq münasibətlərinin qarşılıqlı təsiri ilə bağlı əsərdəki bu fikirləri də diqqətçəkəndir: “Hakimlər xalq üçün, xalq da hakimlərdən ötrü məsuldur. Bunun üçündür ki, yalnız hakimlər daha demokratik yolla xidmət edənlər deyil, bütün xalq, yaradılışına ruh və tərbiyəsinə görə ayırıcı və ya inqilabçı, savaşçı və ya barışçı olur”.

Qərb ədəbiyyatı ustadlarından olan alman şairi Hötenin Faustu ilə Mefistofeli, görkəmli ingilis dramaturqu Şekspirin qəhrəmanları olan Otello və Yaqo ilə, Belçika şairi, dramaturqu və filosofu Moris Meterlinkin “Göy quş” əsəri ilə müqayisə və paralellər aparması, türk şairlərindən Tofiq Fikrət və Namiq Kamaldan epiqraflar seçməsi, Türkiyənin məşhur ictimai xadimi, şair Ziya Göyalpdan sitat gətirməsi, məşhur rus təmsilçisi Krilov yaradıcılığından bəhs etməsi Məhəmməd Əmin Rəsulzadənin dünya ədəbiyyatı ilə bağlı zəngin məlumatlılığını, dərin ədəbiyyatşünas nəzəri görüşlərə malik olmasını təsdiqləyir. O, eyni zamanda Nizami, Xaqani, Fələki kimi hərarətli, farsca şer yazan azərbaycanlı şairlərinin yetişdiyini, əsərlərini türkcə yazan Füzuli, Nəsimi, Xətai kimi Türk-Şərq dünyasında tanınan şairlərimizin, yarı farsca, yarı türkcə yazan A. Bakıxanovun, doğma ana dilində yazan Həsən bəy Məlikovun (Zərdabi) adlarını iftixarla çəkir, aşıqlarımızın “Aşıq Qərib”, “Koroğlu” və “Əsli və Kərəm” dastanlarını söyləməsindən milli dəyərlərə, soy-kökünə bağli bir azərbaycanlı kimi fəxarətlə bəhs edir.

Bu əsərin əsas spesifik cəhəti ondan ibarətdir ki, əsər müxtəlif janrların sintezindən yaranmış, mövcud ədəbi, tariхi, publisist janrların hər birindən eyni ustalıqla, mükəmməlliklə istifadə olnmuşdur. Bölmələrdən və yarımbölmələrdən ibarət əsəri süjet, kompozisiya, konflikt, obrazlar baxımından təkcə ədəbi əsər kimi dəyərləndirmək omaz. Müəllifin ədəbi, siyasi, fəlsəfi görüşlərinin ümüumi məcmusudr! Azərbaycan mifologiyası və folklorunu, ədəbi, ictimai-siyasi, fəlsəfi tarixini, keçdiyi dövlətçilik yolunu, dünənin, bu gününü, gələcəyini özündə əks etdirmək baxımından tariхçiləri, filosofları, siyasətçiləri də düşündürəcək məqamlar var əsərdə.

Təsadüfi deyil ki, əsər elmi və bədii təfəkkürü özündə birləşdirən ədəbi-bədii esse kimi dəyərləndirilir. Ən başlıcası isə “Əsrimizin Səyavuşu” yazı üslubuna görə bədiilik məziyyətlərinə malik olsa da,  istisnasız demək olar ki siyasi-fəlsəfi traktaktdır. Əsərdə taixi reallıqlar, faktlar əks olunur. Azərbaycan Xalq Cümhuriyyətinin süqutunun səbəbləri, düşmənləri, bu dövlətin yaradıcısı tərəfindən isti-isti qiymətləndırilir.     Filologiya elmləri doktoru, professor Vaqif Sultanlı “İstiqlal sevgisi” monoqrafiyasinda “Əsrimizin Səyavuşu” əsərinin elegiya adlandırsa da, AXC-nin faciəvi süqutundan bəhs edən əsərə eyni zamanda həm də  nikbin  ruh hakimdir: “Əsrimizin Siyavuşu ölmüşsə də onun doğurduğu istiqlal fikri ölməmişdir— Bu fikrin tərəfdarları indiki halda dağlarda, vətənlərindən uzaq məmləkətlərdə, həbsxanaların qaranlıq və rütubətli guşələrində qaçaq, qaçqın, köməksiz bir halda yaşayırlar. İstiqlal və hürriyyətimizin kövrək əlaməti o üç rəngli istiqlal bayrağı zahirən yoxsa da, qorxudan bolşeviklik ifadə edən gözlərin önündə olub, ürəklər onun eşqi ilə çırpınmaqdadır… Yüz il əvvəl çeşidli xanlıqlar şəklində hakimiyyətimizi qeyb etdiyimiz zaman bugünkü Azərbaycan birliyinə malik deyildik. Yüz illik əsarət dərsi ilə iki illik hürriyyət qovğası bizi özümüzə tanıtdı”.

Hələ 20-ci ildə, AXC-nin yenicə süqut etdiyi, sovet diktaturasının yenicə bərqərar olduğu və tam mənası ilə müstəmləkə siyasətinə rəvac verdiyi bir dövrdə səsləndiriliən bu fikirlər gələcəyə böyük inamdan xəbər verir.

“Əsrimizin Səyavuşu” əsəri Azərbaycanda siyasi publisistikanın ən görkəmli nümayəndələrindən biri olan Rəsulzadənin ən məşhur əsərlərindəndir, ədəbi-siyasi və fəlsəfi-estetik görüşlərinin məcmusudur, müəllifin nə qədər dərin düşüncə sahibi və müdrik, vətənpərvər baxışlara malik olduğunu bir daha sübut edir. O, əsərdə Azərbaycan xalqını böyük millətpərvərliklə, sevgi ilə belə təqdim edir: “İnkişafa meylli olduqlarını göstərmək üçün bu kafi deyilmi ki, ilk türk dramaturqu azərbaycanlı, ilk türk bəstəkarı azərbaycanlı, Rusiya türkləri arasında ilk qəzet yaradısıcı azərbaycanlı, məzhəb uzlaşmadığını ilk olaraq ortadan qaldıran yenə azərbaycanlı, əlifba islahını ilk düşünən azərbaycanlı, nəhayət, islam aləmində ilk dəfə Cümhuriyyət elan edən də azərbaycanlıdır”.

Rəsulzadənin xalqa, vətənə, milli dövlətçilik ideallarına, milli rəmzlərə, xüsusilə də bayrağımıza olan bağlılığı “Əsrimizin Səyavuşu” əsərində də özünü qabarıq göstərir.  Azərbaycan istiqlalı yolunda can verən şəhidlərin ruhuna ithaf olaraq yazılan əsər Şərqin milli istiqlal carçısı, görkəmli ictimai-siyasi xadim M.Ə. Rəsulzadənin həm də gələcəyə bir mirası, əmanəti, gələcək nəsillərə vəsiyyətidir: “Sizlər, ey gələcək nəsil, ey gənclik! Ey əsrimizin Siyavuşunun böyümüş oğlu! Sənin öhdəndə böyük bir vəzifə var. Səndən əvvəlki nəsil yoxdan bir bayraq, müqəddəs bir ideal rəmzi yaratdı. Onu min müşkülatla ucaldaraq dedi ki: Bir kərə yüksələn bayraq bir daha enməz!

Bunu deyərkən o, bu günkü öksüzanə mənzərəni hesaba almamış deyildi. Bu onun tərəfindən təsəvvür olunmuşdu. O, sənin o zaman bu bayrağı gənc çiyinlərinə alıb məsumanə bir tərzdə küçə-küçə dolaşaraq: “irəli, irəli Azərbaycan əsgəri”, – deyə əsgər kimi addım atmağını görmüşdü və bu sözü cəsarətlə söyləmişdi. Əlbəttə ki, sən onun bu ümidini qırmayacaq, bu gün parlament binası üzərindən Azərbaycan türklərinin yanıqlı türkülərinə mövzu olmuş, ürəklərinə enmiş bu bayrağı təkrar o bina üzərinə dikəcək, Böyük Dəmirçinin geri dönüşünü görüncə onun tərəfinə keçəcək, ya qazi və ya şəhid olacaqsan”.

Onilliklər, qərinələr keçdi… Azərbaycanın dövlət müstəqilliyini əbədi bərqərar edən Ümummilli liderimiz Heydər Əliyev bu prosesə 1990-cı il 17 noyabr tarixli Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağını dövlət rəmzi kimi qəbul etdirib Azərbaycan Respublikasının Ali Soveti qarşısında da bununla bağlı vəsatət qaldırmaqla başladı. Ulu öndərimiz ümummilli mənafelərə, müstəqil dövlətçiliyimizə xidmət edən siyasi fəaliyyəti ilə 1991-ci ildə yenidən dövlət müstəqilliyinə qovuşan Azərbaycan Respublikasınin Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu bir daha təsdiq etdi. 2020 ci ildə – “Əsrimizin Səyavuşu” əsəri yazıldıqdan düz bir əsr sonra isə Azərbaycan gəncliyi M.Ə. Rəsulzadənin vəsiyyət etdiyi kimi bu bayrağı gənc çiyinlərinə alıb: “irəli, irəli Azərbaycan əsgəri”, – deyə qazi və ya şəhid olmaq bahasına Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini təmin etdi. Bu gənclik and yeri, qələbə ilhamvericisi olan Ali Baş Komandanı cənab İlham Əliyevlə birgə əsrin yox, əsrlərin Səyavuşuna çevrilərək, neçə-neçə yeni xalq dastanlarımızın baş qəhrəmanı kimi əbədiləşərək görkəmli ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin də arzularını gerçəkləşdirdi!

Mehriban SULTAN

AMEA Naxçıvan Bölməsinin əməkdaşı, filologiya üzrə fələsfə doktoru,

Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti






Fikirlər