“Bu səbəbdən Qəzzadakı qətliam prosesi hələ dayanmayacaq...”

“Bu səbəbdən Qəzzadakı qətliam prosesi hələ dayanmayacaq...”

“Netanyahu hökuməti özünü Qəzzaya qarşı belə qəddar, belə amansız ona görə apara bilir ki, İsrail cəmiyyətinin 70 faizindən çoxu məhz belə siyasəti dəstəkləyir...”
 
Qəzzada 4 aya yaxın davam edən qətliam bitmək bilmir. Qətlə yetirilmiş insanların sayı 30 minə yaxınlaşmaqdadır. Yalnız həyatını itirmiş uşaqların sayı 10 mini çoxdan ötüb. Bəzi məlumatlara görə 107 jurnalist, 140-dan çox BMT əməkdaşı öldürülüb. Cənubi Afrika Respublikasının tələbi ilə Beynəlxalq Ədalət Məhkəməsi də İsraildən soyqırımın dayanması üçün tədbirlər görülməsini tələb etdi. Lakin bunun da heç bir faydası olmadı. Bəs, görəsən, faktiki soyqırımı olan bu prosesin sonu hara gedir, nə ilə bitəcək?.. 
 
Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu bunları söyləyib:
 
“Ümumiyyətlə, indiki mərhələdə Qəzza savaşında və ya İsrailin Qəzza xalqına qarşı törətdiyi qırğında hansısa bir dinamikanın olacağını gözləmək yanlışdır. İstər Beynəlxalq Ədalət Məhkəməsinin qərarı, istərsə də beynəlxalq ictimaiyyətin tələbi olsun, İsrail bu addımlarını, bu qəddarlığını dayandırmayacaq. Bunun bir neçə səbəbi var. Birinci səbəb odur ki, İsraildə belə düşünürlər ki(əslində belə də var), bu, geo-siyasi savaşdır. İkinci səbəb odur ki, “HƏMAS”-ın oktyabrın 7-dəki hücumuna rəvac verən və ya şərait yaradan Netanyahu hökuməti savaş bitən kimi istefaya gedəcək və getməlidir. Üçüncü səbəb isə odur ki, bu gün dünya gücləri bu prosesin  dayanmasında, sülhün əldə olunmasında maraqlı deyil. Ona görə ki, “HƏMAS”-İsrail savaşı Yaxın Şərq uğrunda gedən geo-siyasi mübarizənin təzahürlərindən biridir”. 
 
Analitik hesab edir ki, Qəzzadakı soyqırımının dayanmamasının əsas səbəbləri İsrailin hazırkı hakimiyyəti ilə yanaşı, İsrail cəmiyyətinin öz xarakteri ilə də bağlıdır.
 
“Təsadüfi deyil ki, İsrailin Qəzzaya qanlı müdaxiləsinin ardınca İrana bağlı “Ənsərallah” qruplaşmasının husilər adlanan silahlı qüvvələr Qırmızı dənizdə gəmilərin hərəkatını iflic etdui, bunun ardınca isə ABŞ-nin bölgədəki, özü də yalnız İraq və Suriyada deyil, həm də İordaniyadakı hərbi bazaları hədəf alındı. Bunların hamısı həmin dediyimiz geo-siyasi savaşın və ya bölgədə başladılmış proksi-savaşın əlamətləridir. Ona görə də bu prosesin dayanacağı gözlənilmir. Və Netanyahu hökumətinin də Qəzzada törətdiyi qətliamı durdurmamasının həm də daxili siyasi səbəbləri var. Yəni yalnız bu hökumətin taleyi ilə bağlı deyil, həm də İsrail cəmiyyətin özündəki məsələlərlə bağlıdır. Bunu israilli proqressivlər də qeyd edirlər ki, Netanyahu hökuməti özünü Qəzzaya qarşı belə qəddar, belə amansız ona görə apara bilir ki, İsrail cəmiyyətinin 70 faizindən çoxu məhz belə siyasəti dəstəkləyir. Və çox təəssüf ki, bu səbəbdən Qəzzadakı qətliam prosesi hələ dayanmayacaq”, - deyə ekspert vurğulayıb.
 
Sultan Laçın






Fikirlər