YAP hakimiyyətinin istefa verən məmurları... – o “mədəniyyət”dən bizdə niyə yoxdur?

YAP hakimiyyətinin istefa verən məmurları... –Azərbaycanlı sosial şəbəkə istifadəçiləri bir neçə gündür Litva Daxili İşlər naziri Saulius Skvernelis istefa xəbərini müzakirə edir. 

Xatırladaq ki, litvalı nazir bu qərarı ölkədə nəzarətə götürülən bir nəfərin polis avtomobilindən avtomatik tüfəng oğurlayaraq qaçmasından sonra verib. İstefa verən nazir bunları deyib:

“Dövlət heç vaxt olmadığı qədər sabitliyə möhtacdır. Birinci prioritetim ölkədəki hər kəsin və dövlətin təhlükəsizliyini təmin etməkdir. Buna görə də ictimai mənfəət və qlobal təhdidlər qarşısında ölkənin sabitliyi üçün istefa qərarı aldım”.

Qeyd edək ki, qaçan şəxsin heç kimə zərər verməməsinə və 5 saatlıq əməliyyatdan sonra ələ keçirilməsinə baxmayaraq, daxili işlər naziri tənqidlərə hədəf olmuşdu. Bu tənqidlərin ardınca o, istefa qərarı qəbul edib.

Azərbaycanlı sosial şəbəkə istifadəçiləri isə belə bir halın bizim təcrübədə yaşanmasının mümkünsüzlüyünə diqqət çəkir və ölkəmizdə məmurların istefa mədəniyyətinin formalaşmamasından narazılıqlarını ifadə edirlər.

Qaynar.info isə öz növbəsində 22 illik YAP iqtidarı dövründə istefa verən məmurların kimliyini araşdırıb. Araşdırma nəticəsində məlum olub ki, ilk belə məmur hazırda Azərbaycan Liberal Partiyasının (ALP) lideri olan Lalə Şövkətdir. O, 1993-cü ildə ölkə başçısı Heydər Əliyev tərəfindən Bakıya dəvət olunmuş və həmin il iyulun 7-də Azərbaycan Respublikasının dövlət katibi vəzifəsinə təyin edilmişdi. L.Şövkət bu vəzifədə cəmi 6 ay fəaliyyət göstərib. 1994-cü ilin yanvarında ali hakimiyyət orqanlarında korrupsiya və rüşvətxorluq hallarının baş alıb getməsinə etiraz əlaməti olaraq könüllü istefa verib. 

Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlı isə 1995-ci ildə Heydər Əliyev iqtidarı zamanı tutduğu mətbuat və informasiya naziri vəzifəsindən istefa verib. O, bu posta 1991-ci ildə Ayaz Mütəllibovun hakimiyyəti dövründə təyin edilmişdi. 

1996-cı il sentyabrın 11-də isə Azərbaycan tarixinin bəlkə də ən səs-küylü istefası qeydə alınıb. Milli Məclisin o vaxtki sədri Rəsul Quliyev postunndan ayrılaraq ABŞ-a mühacirət edib. Bir müddət sonra R.Quliyev barəsində  cinayət işi açılıb və onun Azərbaycana gəlişi əngəlləyib. Sabiq spikerin hakimiyyətdaxili mübarizə nəticəsində istefa qərarı verdiyi məlumdur. 

1999-cu ildə Heydər Əliyevin xarici siyasət üzrə dövlət müşaviri olmuş Vəfa Quluzadə, o dövrkü xarici işlər naziri Tofiq Zülfüqarov və prezident katibliyinin rəhbəri Eldar Namazov birlikdə tutduqları postlardan istefa veriblər. İstefa ərəfisində V.Quluzadə H.Əliyevə məktub yazaraq, 41 illik ağır işdən yorulduğunu və istirahət etmək, sağlamlığının qayğısına qalmaq istədiyini bildirib.

Bununla belə, həm mərhum Quluzadənin, həm də Zülfüqarov və Namazovun istefa vermələrinin əsas səbəbi kimi, hakimiyyətin həmin vaxt Qarabağ məsələsi ilə bağlı təslimçi sülhə hazırlaşması göstərilir.

Azərbaycanın keçmiş iqtisadiyyat naziri Namiq Nəsurullayev də öz xoşu ilə məmur postundan gedib. Əslində bunu istefa adlandırmaq da doğru olmazdı. Belə ki, 2001-ci ilədək Azərbaycan Respublikasının iqtisadiyyat naziri vəzifəsində fəaliyyət göstərən Nəsrullayev, daha sonra Azərbaycan Respublikası Hesablama Palatasının sədri vəzifəsinə təyin edilib. 6 il bu vəzifən icra edən eks-nazir 2007-ci ilin aprel ayında səhhəti ilə əlaqədar öz xahişi ilə pezident sərəncamı əsasında həmin vəzifədən azad edilib. 

Baş nazirin sabiq birinci müavini Abbas Abbasov isə 1992-ci ildən 2006-cı ilədək həmin postda çalışıb və sonda öz ərizəsi əsasında prezident sərəncamı ilə tutduğu vəzifədən azad edilib. Abbasovun istefası həmin vaxt gözlənilməz qarşılanıb. Sonradan onunla YAP hakimiyyəti arasında kəskin ixtilafın baş qaldırması Abbas Abbasovun əslində iqtidardaxili mübarizə qurbanı olduğuna dair ehtimallar irəli sürməyə imkan verir. 

YAP hakimiyyətinin istefa verən son məmuru isə Quba rayon İcra Hakimiyyətinin sabiq başçısı Rauf Həbibovdur. O,  2013-cü il fevral ayında rəhbərlik etdiyi rayonda baş verən xalq etirazlarından sonra istefa verdiyini bəyan edib. Şübhəsiz ki, Həbibov bu addımı könüllü yox, məcburi atmışdı. Məqsəd qiyama qalxan rayon camaatını sakitləşdirmək idi. Onun  istefasını qəbul edən ölkə başçısı İlham Əliyev 2 mart 2012-ci il tarixli sərəncamı ilə R.Həbibovu  vəzifəsindən azad etdi.

Sonmda onu da deyək ki, 22 illik YAP iqtidarı dövründə barmaqla sayılacaq qədər az məmurun könüllü şəkildə görəvindən ayrılmaq qərarı verməsi Azərbaycanda məmurların istefa mədəniyyətinin tam formalaşmadığının göstəricisidir. Əks halda ölkədə kifayət qədər qanunsuzluq, özbaşınalıq, korrupsiya hallarının baş verdiyini nəzərə alsaq, indi qat-qat çox vəzifə sahibinin istefaya getməsi gərəkirdi.

Amma görünən odur ki, bizdə çinovniklər hər şeyə rəğmən oturduqları kreslodan ikiəlli yapışıb qalmağa üstünlük verirlər.

Divin canı şüşədə olduğu kimi, onların canı da oturduqları kürsüdədir... 

Qaynar.info






Fikirlər