“BU PARLAMENTDƏ DAHA ÇOX YENİ SİMA OLACAQ...” – “Yüksək səviyyəli məmurlar yaxınlaşıb deyirlər ki...”

REAL partiyası İdarə Heyətinin üzvü, iqtisadçı Natiq Cəfərli “AzPolitika”-ya müsahibəsində ölkənin siyasi həyatı, sentyabr ayına təyin olunan pralament seçkiləri, sosial-iqtisadi problemlər və digər mövzularla bağlı sualları cavablandırıb.

Müsahibənin ikinci hissəsini təqdim edirik:

- Natiq bəy, etiraf edək ki, müxalifətin parlamentə düşmək şansı hökumətin onlara olan ehtiyac dərəcəsindən asılıdır. Sizcə, bu dəfə hansı partiyalar parlamentdə təmsil oluna bilərlər?

- Mən bu fikirlə mübahisə etmək istəməzdim, çünki mübahisə etmək üçün arqumentim yoxdur. Amma qeyd etdiyim kimi, biz az namizədlə seçkidə iştirak edəcəyik. Çünki parlament seçkilərinə böyük heyətlə qatılıb, çox güc sərf etməyin mənası yoxdur.

- Səhv etmirəmsə, 13 namizədlə iştirak etməyi düşünürsünüz?

- Bəli.

- Namizədlərin seçki fondunu partiya özü yaradacaq?

- Bəli. Amma qeyd etməliyəm ki, maliyyə imkanlarımız çox azdır.

- Sirr deyilsə, hər namizədə nə qədər vəsait xərcləmək istəyirsiniz?

- Hazırda bu barədə müzakirələr gedir. Keçən təcrübələrimizi də nəzərə alırıq. Hər namizəd üçün minimum 3, maksumum 5 min manat arası vəsait xərcləməyi düşünürük. Niyə belə bir fərq var? Çünki şəhərdə təbliğat aparmaq, bölgələrlə müqayisədə daha asandır. Ən azından nəqliyyat xərci az olur. Məsələn, bizim ofisimiz Erkin Qədirlinin seçildiyi 16-cı dairədə yerləşir. Artıq Erkinə ayrı ofis tutmağa, təbliğat-təşviqat üçün böyük vəsait xərcləməyə ehtiyac yoxdur. Bu dairə 15-20 min seçicini əhatə edir. Amma, məsələn, bizim Gəncədə də namizədimiz olacaq. Gəncəyə getmək-gəlmək üçün daha çox xərc tələb olunacaq. Maliyyə resursları kifayət qədər az olduğundan, fandreyzinq (Fəaliyyətin təşkil olunması və ya hər hansı bir layihənin həyata keçirilməsi üçün vəsaitin cəlb olunması- red.) elan edəcəyik. Seçkilər rəsmən elan olunandan sonra dəstək üçün insanlara müraciət etməyi düşünürük. Ötən seçkidə bu fonda pul köçürənlər olmuşdu. Ümid edirik ki, bu dəfə də olacaq.

- İlqar bəylə birgə öz şanslarınızı necə qiymətləndirirsiniz?

- Yüksək qiymətləndirirəm. İlqar bəyi Azərbaycan siyasətində məhz siyasəti ən dərindən və ən yaxşı bilən insanlardan biri kimi tanıyıram. O mənada mən özümü İlqarla müqayisədə siyasətçi saymıram. İlqar daha oturuşmuş və daha elmi əsasları olan siyasətçidir. Çünki bunu oxuyub- öyrənib, Budapeştdə, ABŞ-də, İngiltərədə seçki kampaniyalarında aktiv iştirak edib. Yəni seçki kampaniyası siyasətini daha dərindən bilir və çox yüksək səviyyədə səs yığacağına əminəm. Amma bu səsləri tanıyacaqlarmı, əsas məsələ budur. Və yaxud da onun rəqibinə ondan daha çox səs yazıb uduzduracaqlarmı, bunu bilmirəm.

- Dairələr müəyyən olunubmu?

- İlqar bəyin və mənim dairəm aşağı-yuxarı bəllidir.

- Qaradağ seçki dairəsini nəzərdə tutursunuz?

- Xeyr. Qaradağ dairəsini artıq dağıdıblar, 12-ci dairə indi yoxdur. Mən üç dəfə həmin dairədən seçkilərə qatılmışam. Bir dəfə qeydiyyata almayıblar, iki dəfə isə qeydiyyata alıblar. Qeyd edim ki, 2010-cu ildə qeydiyyata almamışdılar. Elə yaxşı ki, də almamışdılar. Həmin vaxt Avropa Məhkəməsindən 18 min avro təzminat qazandım, avtomobilimi yenilədim... O dairədə mənim əsas elektoral bazam Yeni Yasamal idi. Çünki orda böyümüşəm, oxumuşam, tanışlarım çoxdur və ən əsası da gənc ailələrın sayı çoxdur. 2020-ci ildəki seçkilərdə Yeni Yasamalda üç minə yaxın səs toplamışdım. Bu, kifayət qədər böyük rəqəmdir. Çünki soyuq fevral ayında bu qədər insanın seçkiyə gəlməsi və səs verməsi kifayət qədər yaxşı bir göstəricidir. İndi həmin dairə Yeni Yasamal və Yasamal dairələri arasında bölüşdürülüb. Bir hissəsi Binəqədiyə, bir hissəsi də Qaradağa düşüb. Rəqəm olaraq isə 12-ci dairə indi Ağcabədidədir. Ona görə namizədliyimi ordan verməyim mümkün deyil. Keçən il biz bu dairələri bölüşdürən zaman Gənclər Komitəsi ilə qərara gəldik ki, sorğu keçirək. Bilirsiniz ki, keçən seçkilərdə 9 dairə boş qaldı. Bu boş qalan Bakı dairələrində sorğular keçirdik və hətta imzalar da topladıq müraciət üçün ki, təkrar seçkilər keçirilsin. Həmin vaxt REAL-ın ən çox 33-cü dairədə tanındığını gördük. Hətta təvazökarlıqdan kənar olsa da, mənim daha çox tanındığımı dedilər.

- Səhv etmirəmsə, 33-cü dairə Xətaidə yerləşir...

- Bəli. Seçkinin səhəri günü nəticələr ləğv olundu və bu dairə boş qaldı. Buradan məşhur Hüseynbala Mirələmov namizəd olmuşdu. Bu dairədəki sorğu zamanı əməkdaşlarımız 2 mindən çox şəxslə görüşdülər. Onlardan 1200-ü şəxsən məni tanıdıqlarını, izlədiklərini və bəyəndiklərini söyləyiblər. Sorğunun nəticələri məlum olandan sonra bu dairədən namizəd olmağın daha doğru olacağını düşündüm. Çünki burada daha çox gənc ailələr yaşayır, internet kontingentinin çox olduğu bir şəhər dairəsidir. Bu dairədə mənim şanslarımın daha yüksək olacağını düşünürəm.

- Bəs İlqar bəy?

- İlqar bəy 22-ci dairədən qatılacaq. Asim Mollazadənin deputat olduğu dairədir və Nəsimi rayonu ərazisində yerləşir. İlqar bəy orada uzun illər yaşayıb, işlədiyi bölgə də ora olub. Mənə elə gəlir ki, o da çox uğurlu bir dairə seçimi edib. Kompaktdır, şəhər əhalisinin yaşadığı bir bölgədir.

- Bəs deputat Asim Mollazadə də namizəd olsa?...

- Olsun, problem yoxdur. Biz yaxşı bir yarışın olmasını istəyərdik. Bu illər ərzində ictimai-siyasi həyatda Asim bəyin də müəyyən xidmətləri olub. Amma onun namizəd olub-olmaması da hələ sual altındadır...

- Bəs parlamentin palitrasında - həm təmsil olunan müxalifətin, həm Yeni Azərbaycan Partiyasının, həm də digər deputatların siyahısında hansısa bir dəyişiklik gözləyirsinizmi?

- Biz də saytları oxuyuruq, mətbuatda gedən məlumatlarla tanış oluruq. İlkin versiya budur ki, təqaüd yaşına çatmış və daha yuxarı yaş qrupunda olanlara xüdahafizləşəcəklər. Məntiq də bunu deyir. Açığı, təqaüd yaşına çatanlar heç nə itirməyəcəklər. Onlar deputat olmasalar da, deputat qədər təqaüd alacaqlar. Yəqin ki, bundan sonra nəvələrinə vaxt ayırarlar. Hər halda bu da bir işdir. Eyni zamanda, müstəqil deputatların bəziləri ilə bağlı problemlər olduğu, yəni, onların ehtimadı doğrultmadığı ilə bağlı söhbətlər var ki, onların bir çoxlarının dəyişdirilməsi mümkündür. Onların adı müstəqildir, faktiki olaraq iqtidar partiyası tərəfindən irəli sürülür, dəstəklənirlər. Bu dəfəki seçkidə ötən dəfəki seçki ilə müqayisədə daha çox yeni simaların olacağı gözlənilir. Keçən dəfə demək olar ki, ciddi bir dəyişiklik olmamışdı.

- Yəni, parlamentin cəmiyyətdə indikindən daha güclü obrazının olacağını gözləyirsiniz?...

- Parlamentin daha güclü obrazının olması üçün institutlar formalaşmalıdır. Formal olaraq iqtidar partiyasından başqa 10 partiya, 13 deputat var. Amma bu fraksiya demək deyil. Say olaraq bizdə 125 deputat var, amma fraksiya yaratmaq üçün 25 deputat tələb olunur. Bu çox yanlışdır. Məsələn, Türkiyə parlamentinin 600 üzvü var, 20 deputat fraksiya yarada bilər. O proporsiyanı götürsək, bizdə 10 deputat kifayətdir. Amma bu nə konstitusiyada, nə də qanunda var. Bu, sadəcə daxili əsasnaməyə görə belədir. Biz ilk növbədə bunun dəyişdirilməsinə çalışacağıq. Azərbaycan qanunlarına görə, fraksiyaların qanun layihələrini sessiyada oxunuşa çıxarmaq, parlamentin idarə olunmasında təmsilçilik haqqı var.

- Yəni bu, qanunverici hakimiyyətə parlament “sifəti” verir...

- Bəli. Uğurlu olacağımız təqdirdə parlamentdə təmsil olunan digər partiyalara da müraciət edəcəyik ki, gəlin birgə bir sənəd hazırlayaq, təqdim edək parlament rəhbərliyinə ki, daxili nizamnaməni dəyişsinlər. Bu sayı 25-dən 10-12-yə salsınlar. Bu say aşağı salınsa, kifayət qədər yeni bir parlament dinamikası görə bilərik.

- Seçkiyə qatılsa, müxalifətdən REAL-ın əsas rəqibi Müsavat partiyası olacaq. Böyük ehtimalla qatılacaqlar, iştiraka meyilli olduqlarını deyiblər. İsa Qəmbərin, Arif Hacılının şanslarını necə qiymətləndirirsiniz?

- Açığı, başqa partiyaların qərarlarını müzakirə etmək doğru deyil. Amma Müsavatın özü, ad baxımından Azərbaycan tarixində yeri olan bir partiyadır. Ən azından Müsavat adı tarixi nöqteyi-nəzərdən Azərbaycan tarixi ilə paraleldir. Ona görə də elə bir adı daşıyan partiyanın ayaqda qalması, siyasi mübarizədə iştirak etməsi hamımıza xoş olardı. Bu seçkidə iştirak edəcəklərsə, ən azından kəsişən dairələrimizin olmamasına çalışacağıq ki, bir-birimizə mane olmayaq. Onlara da işlərində uğurlar arzulayıram.

- Bəs hökumətin bu parlamentdən gözləntiləri və hədəfləri nədir? Məsələn, Avropa Şurasına qayıtmaq istəyirlərmi?

- Bəli, istəyirlər.

- İstəyirlərsə, məntiqlə parlamentdə bir az daha parlaq müxalifət nümayəndələri təmsil olunmalıdır...

- Məntiqlə bir şey görünür, amma çox zaman reallıqda başqa şey alınır. Azərbaycan hökumətinin məntiqini çox zaman tutmaq mümkün olmur. Məntiqlə, bəli, parlament daha çox səsli, şaxəli olsa, hökumətə sərf edər. Bu, Avropa Şurasına qayıtmaq, parlamentin işində iştirak etmək və Azərbaycanın imicinin yaxşılaşdırılması üçün müsbət amildir. Çünki Cənubi Qafqaz ölkələrində Azərbaycandakı seçkilərlə bağlı, yumşaq desək, qaranlıq qalan sullar var. Bu sualları aradan qaldırmaq olar. Hətta ilk dəfə belə bir situasiya yarana bilər ki, seçkilərdən sonra müxalif partiyalar prosedurun demokratik formada keçdyinə dair bəyanat yayarlar. 

- Təəssüf ki, ötən dövrdə ölkənin fundamental iqtisadi və sosial məsələləri parlamentdə müzakirə olunmayıb. Məsələn, dörd ildir quru sərhədlər bağlıdır. Parlamentdə tək-tük deputatların ifasında bu məsələ qaldırılıb. Həmçinin müxtəlif bahalaşma qərarları verilib. Yenə bir-iki deputat danışıb, məsələ bağlanıb. İki sualım var: İlk olaraq yanacağın bahalaşmasını gözləyirsinizmi? (Müsahibə Tarif Şurasının qərarından əvvəl götürülüb-red.) 

- Seçkilərə qədər yanacağın bahalaşacağını düşünmürəm. Amma bu seçkilərdən sonra əgər referendum olmasa, daha gec olsa və yaxud referendumda keçici maddələr qoyulsa ki, bu parlamentdən sonra tətbiq olunsun, bu zaman daha rahat davranacaqlar. Ölkənin gəlirləri azalıb, insanlar bunu bilməlidirlər. Xərcləri isə əksinə, kəskin şəklildə artıb. İşğaldan azad olunmuş torpaqların bərpasına artıq 14,5 milyard manat xərclənib. 2030-cu ilə qədər 60 milyard manata ehtiyac var. Yəni xərclər kəskin artır, gəlirlər isə kəskin şəkildə düşür. Hətta təsadüfi deyil ki, son illərdə ilk dəfə olaraq ticarət dövriyyəmizdəki müsbət saldo kəskin azaldı. Son vaxtlar belə bir şey olmamışdı. Bu tendensiya davam edəcək. Bu tendensiyanın davamlı şəkildə getməsi şəraitində hökumətin iki yolu var: ya liberallaşma, ya da...

- Xarici borclanmaya gediləcək?

- Xarici borca onsuz da gediləcək.

- Bəs valyuta ehtiyatlarından daha çox istifadə necə?

- Ehtiyatlar zatən xərclənir. Bu ehtiyatları da birbaşa götürüb xərcləmək olmur. Məsələn, müəyyən hissəsi qiymətli kağızlarda, daşınmaz əmlakda saxlanılır.

- Amma likvid vəsaitlər də var.

- Likvidlik təqribən 16 milyarda yaxındır.

- Yəni 70 milyardlıq ehtiyatın cəmi 16 milyardını xərcləmək mümkündür?

- Bəli, bu gün götürüb xərcləyə bilərlər. Amma hamısını götürmək istəyirsənsə, buna zaman lazımdır. Qiymətli kağızlarını satmalısan. Bu da birja dəyərindən asılıdır. Uduzub-uduzmayacağın bəlli deyil. Məsələn, daşınmaz əmlaka baxsaq, Moskvada alınan əmlak ucuzlaşıb, amma Londondakı əmlak bahalaşıb. Borc almaq problem deyil. Ölkənin xarici borcu çox yüksək deyil, Ümumi Daxili Məhsulun 20 faizi civarındadır. Amma tendensiya təhlükəilidir. Borc elə bir şeydir ki, insan kreditlə yaşamağa tez öyrəşdiyi kimi, ölkələr də borcla yaşamağa tez öyrəşirlər.

- Bəs dövlət şirkətləri özəlləşdirilə bilərmi?

- Çox güman ki, belə olacaq. Məsələn, “Beynəlxalq Bank”la bağlı qərar verilib, səhmləri satışa çıxarılıb. Doğrudur, ancaq fiziki şəxslərə satılır. Amma müəyyən müddət sonra özəl qurumlara da satılacaq.

- Bəs kommunal qurumlar?

- Paylayıcı şirkətlər ola bilər, amma istehsalçılar yox. Bu, dövlətin nəzarətində qalacaq. Təhlükəsizlik nöqteyi-nəzərdən belə olmalıdır.

Əhali bilməlidir ki, iqtisadi problemlər artdıqca benzinin də, nəqliyyatın da, verginin də, kommunalın da qiyməti artacaq. Bu bir yoldur və çox təəssüf ki, bu yolla gediləcəyi gözlənilir. 

- Nə qədər perspektivli yoldur?

- İnsanların reaksiyası özünü biruzə verənə qədər bu yolla gedəcəklər.

- Yəni əhalidən yığım imkanları hələ də qalıbmı?

- Görünən odur ki, qalıb. Bir çox yüksək səviyyəli məmurlar müxtəlif konfranslarda, səfirliklərin tədbirlərində yaxınlaşırlar və deyirlər ki, “daim ölkədəki sosial vəziyyəti pisləyirsiniz. Amma restoranlar, kafelər, rayondakı otellər insnlarla doludur. Narazılıq olsa, küçədə ifadə olunardı. Yoxdusa, deməli narazılıq yoxdur”. Yəni, insalarda pulun qaldığını düşünürlər. Bu səbəbdən yığım olacaq. İkinci yol isə liberallaşmadı. Yəni, iqtisadiyyatın tam açılması, Ümumdünya Ticarət Təşkilatına üzvlük, rəqabətli mühit, xarici şirkətlərə imkan yaradılması, vergilərin aşağı salınması və s. Lakin buna indi gedəcəklərini düşünmürəm.

- Bu iqtisadi liberallaşma bir növ siyasi liberallaşma ilə iç-içə olan məsələdir...

- Bəli, amma müəyyən bir zaman çəkir. Bizim hökumət elə bilir ki, bu gün liberallaşsaq, siyasət də liberallaşacaq. Ancaq buna illər lazım olur. Məsələn, Çində 30 ildir iqitsadi liberallaşma gedir, amma siyasi liberallaşma yoxdur. 

- Yəni siyasi sistemin legitimliyini cəmiyyət qəbul edir.

- Bəli.

- ÜDM əvvəlki dövrə nisbətən azalıb. Amma rəsmi statistika əhalinin gəlirlərinin artdığını göstərir...

- Nominal olaraq artır. Real gəlir belə deyil. Nominal gəlirdən inflyasiya, inflyasiyanın dalğaları çıxılır, sonra real gəlir qalır.

- Amma bu tendensiya nəzərə alınmadan vergilər artırılır, xarici investisiya qoyuluşu kəskin aşağı düşür...

- Bu, siyasi olmasa da, hüquqi açılım tələb edir. Mən 2004-cü ildən xarici şirkətlərə konsaltinq xidmətləri göstərirəm. Bizdə bəzi məmurlarda belə bir təsəvvür var ki, xarici investor öz pulunun qədrini bilməyən, o qədər də ağıllı olmayan şəxsdir. Onlar hüquqi zəmanət istəyir. İstənilən xarici yatırım azad məhkəmə istəyir. Bundan sonra başqa şeylərə baxır. Mən yüzlərlə konsaltinq layihələr icra etmişəm. İlk sırada hüquqi zəmanət məsələsi gəlir. Sonra siyasi risklərə baxırlar, sonra məndən vergi, gömrük analizi istəyirlər. Bizim məmurlara bunu deyəndə deyirlər ki, “Bunun hüquq sisteminə nə dəxli var? Biz qarantiya veririk”. Deyirlər “alman gəlsin, deyəcəyik ki, sən öl yaxşı olacaq”. Amma sonda yaxşı olmur və daha böyük problemlər ortaya çıxır...

- Dövlət Statistika Komitəsinin məlumatına görə, dövlət qulluqçularının orta əmək haqqı 1933 manatdır. Amma ölkədə minimum əməkhaqqı 345 manat olaraq qalıb. Burada kəskin kontras var. Digər tərəfdən, median əmək haqqı alanların sayı kifayət qədər yuxarıdır. Son 10-15 ildə görməmişik ki, muzdla çalışanların sayında əhəmiyyətli artım olsun... 

- Bəli, 1,7 milyon rəqəmi sehrli bir rəqəm kimi, dəyişməz qalıb.

- Bir tərəfdən də hökumət kölgə iqtisadiyyatını ağartmaya gedib, onun hesabına öz imkanlarını genişləndirməyə çalışır. Bunu necə qiymətləndirirsiniz?

- Burda da hər şey hüquq siyasətinə aiddir. Bizdə median əməkhaqqı dünyada ən vacib indikatordur. Lakin hökumət bu haqda danışmaq istəmir. Hazırda bizdə median əməkhaqqı 455 manatdır.

- Təxminən nə qədər insan bu qədər əməkhaqqı alır?

- Median əməkhaqqı nə deməkdir? O deməkdir ki, ölkədə 1,7 milyon əhali işləyirsə, onun tən yarısı 455 manata qədər maaş alır.

- Bu ildən və ya gələn ildən yüksək maaş, pensiya artımları görə biləcəyikmi?

- Xeyr.

- Bəs inflyasiya artırmı?

- Bizdə rəsmi inflyasiya düşüb. Hətta deyirlər ki, qiymət də ucuzlaşıb. Bu ilin rəsmi inflyasiyası il sonunda yəqin ki, 3-4 faiz civarında elan olunacaq. Artım da 5-10 faiz civarında olacaq. Təəssüf ki, hökumət sosial yönümlü dövlət modeili elan edib, amma sonda bunu çatdırmır.

- Amma büdcə müəyyən edilərkən görürük ki, inrastruktur xərclər həmişə sosial xərclərdən daha artıq olur.

- İndi daha da artıq olacaq. Əslində bu infrastruktur layihələr iş yeri yaratmaq üçün dövlət investisiyasıdır. Sonra onsuz da bu, vergi kanalları ilə yenidən dövlətin büdcəsinə qayıdır. Çox primitiv bir sistemdir. Mən onun da əleyhinəyəm ki, dövlət insanlar üçün zavod və ya fabrik tiksin. Dövlət şərait yaratsın ki, insanlar özləri bu fabrikləri tiksin. Bizdə daxili yatırımçılar da yox səviyyəsindədir.

- Var, amma sayları çox azdır...

- Bəli. Hamı bilir kimlərə bağlıdılar. Xarici investorlar isə ancaq neft-qaz sektorundadırlar. Orda da qiymət də, hasilat da aşağı düşür, perspektiv azalır. Düşünürəm ki, insanlar maaş və sosial müavinətlərin artmağını tələb etməkdənsə, iqtisadi azadlıqlarının artmasını, genişlənməsini tələb etsələr, daha yaxşı yaşayarlar.

 

 






Fikirlər