Ermənistan Rusiyadakı səfirini dəyişir – Paşinyan Arutyunyandan niyə narazıdır?

Ermənistan Rusiyadakı səfirini dəyişir – Paşinyan Arutyunyandan niyə narazıdır?

Tezliklə Ermənistan Respublikasının Rusiya Federasiyasına yeni səfiri təyin olunacaq.

 Bu barədə Ermənistan parlamentinin sədri Alen Simonyan bu gün ABŞ senatoru Rocer Uikerin başçılıq etdiyi nümayəndə heyətinin üzvləri ilə birgə mətbuat konfransında bildirib.

 

Simonyan deyib ki, artıq yeni səfirin kim olacağı məlumdur: “Ümid edirəm ki, yeni səfirimiz olacaq, namizədlik artıq təqdim olunub, təyinatı gözləyirik. Digər şərhlər üçün Xarici İşlər Nazirliyi ilə əlaqə saxlamaq daha məqsədəuyğun olardı”. Erməni mətbuatı yazır ki, yeni səfirin hakim partiyadan olan deputat Qurgen Arsenyanın olacağı gözlənilir.

Qeyd edək ki, Ermənistanın Rusiyadakı hazırkı səfiri Vaqarşak Arutyunyan bu vəzifəyə 2022-ci ildə təyin olunub. Buna qədər isə o, 44 günlük müharibədən dərhal sonra Ermənistanın müdafiə naziri təyin olunmuşdu. 2019-cu ildə general-leytenant rütbəsi alan Arutyunyan 2020-ci ildə üç ay Nikol Paşinyanın baş müşaviri vəzifəsini daşıyıb. Müdafiə naziri postunda da cəmi 7 ay oturan Arutyunyan 2022-ci ildə Moskvaya səfir göndərilib.

Son olaraq onun adı iyulun 1-də Rusiyanın Ukrayna ilə həmsərhəd Belqorod şəhərinə səfəri zamanı gündəmə gəlib. Erməni mətbuatının yazdığına görə, “səfir Ukrayna Silahlı Qüvvələrinin raketi nəticəsində dağıdılan yaşayış binasına baş çəkib”. Buradakı Rusiya vətəndaşlarının düşdüyü durumdan məyus olduğunu bildirən səfir deyib: “Onlarla insanın kədərinin cəmləşdiyi yer, məncə, bütün şəhərə psixoloji təsir göstərir. Burada yalnız bir hissi yaşamaq olar - mərhəmətlilik və bu acını bütün miqyası ilə anlamaq dərdi. Və təbii ki, istək odur ki, bütün bunlar tez bir zamanda sona çatsın”.

Səfirin bu səfəri və açıqlamaları birmənalı qarşılanmamışdı. Özünü qərbpərəst kimi sırımağa çalışan Paşinyan hökumətini təmsil edən səfirin işğalçı sayılan Rusiyaya bu “canıyananlığı” görünür, rəsmi İrəvana baha başa gəlib və Qərbdəki sponsorlarının hiddətinə səbəb olub. Nikol Paşinyanın “Ukrayna müharibəsində Ermənistanın Rusiyanın müttəfiqi olmadığını” deməsi ilə səfirin bu addımları yumşaq desək, uzlaşmırdı.

Onu da qeyd edək ki, ötən ayın əvvəlində Rusiya Ermənistana nota vermişdi. Buna səbəb Ermənistan nümayəndə heyətinin Ukraynanın Buça şəhərinə səfər etməsi və orada anti-Rusiya açıqlamaları verməsi idi.

 

Beləliklə, Paşinyan hökuməti bir tərəfdən Rusiyanı, digər yandan isə Qərbi qəzəbləndirməməyə çalışır. Görünür, bütün bunlar İrəvanın səfiri geri çağırıb, başqası ilə əvəzləməsində başlıca səbəbdir.

 






Fikirlər