Prezidentlərin görüşü başlayır
Əliyevlə Sarkisyanın bu dəfəki görüşündən gözləntilər böyükdür.
İlham Əliyev ötən gündən İsveçrənin Bern şəhərindədir. Görüş elə bu şəhərdə baş tutacaq. Prezientlərin bu dəfəki görüşündən gözləntilər böyükdür. Rəsmi Bakı görüşlərdən yayınmır və görüşməyə hazırdır. Amma görüş, sadəcə görüş xatirinə olmamalıdır.
Bundan əvvəl xəbər yayılmışdı ki, Əliyevlə Sarkisyanın görüşü dekabrın əvvəllərində baş tutacaq. Həmin ərəfədə Azərbaycan Prezident Administrasiyası bəyan etdi ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində irəliləyişə doğru hər hansı addım üçün şəraitin yaradılacağına dair əminlik olarsa, görüş baş tuta bilər.
Politoloq Qabil Hüseynli ANS PRESS-ə bildirib ki, Rusiya və Türkiyə arasında baş verən gərginlik görüşün nəticələrinə təsir göstərəcək: “Ölkələr arasında gərginlik erməniləri ruhlandırır. Azərbaycan tərəfini isə müəyyən qədər sıxır. Rusiya bu məsələdə obyektiv mövqe tutarsa, nəticəli görüş alına bilər”.
İlham Əliyev, Fransua Olland və Serj Sarkisyan - 27.10.2014
Xatırladaq ki, İlham Əliyev ilə Serj Sarkisyan arasında son görüş 2014-cü il oktyabrın 27-də Fransa prezidenti Fransua Ollandın vasitəçiliyi ilə Parisdə baş tutub.
Olland, Əliyev və Sarkisyan arasındakı üçtərəfli görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ), Pyer Andrie (Fransa) və ATƏT-in qüvvədə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik iştirak ediblər.
Paris görüşü Azərbaycan və Emənistan prezidentlərinin ötən il üçüncü görüşü olub. Bunadək iki ölkə başçısının görüşü ABŞ-ın dövlət katibi Con Kerrinin iştirakı ilə ötən il sentyabrın 4-də Nyuportedə olub.
Tərəflər danışıqların indiki mərhələsinə və Qarabağ münaqişəsinin həlli perspektivlərinə aid məsələləri müzakirə edib, danışıq prosesi üzrə mövqelərini ortaya qoyublar.
Dövlət katibi C.Kerri münaqişənin sülh yolu ilə həllindən başqa alternativin olmadığını söyləyib, tərəfləri gərginliyin azaldılması və etibarın yaradılması üçün mexanizmləri tapmağa çağırıb.