Trampın “bombalı mesajı” – ABŞ lideri ölkəsini növbəti savaşa SÜRÜKLƏYİR?
“Trampın həqiqətən də bu cür açıqlama verib-vermədiyi hələ ki məlum deyil. Açığı desək, onun Putinlə telefon danışığında bu səviyyədə mövqe sərgiləməsinə, Rusiyanın “yıxılacağı”, “bombalanacağı” kimi təhdidlər səsləndirməsinə inanmıram. Çünki nə Rusiya, nə də Çin İran deyil ki, ona hərbi və ya siyasi zərbə vurulsun və bunun cavabı olmasın”. Bunu Yenicag.az-a açıqlamasında politoloq Rəşad Bayramov deyib. Siyasi təhlilçi CNN telekanalının ABŞ prezidenti Donald Trampın rezonans doğuran məlum səs yazısını şərh edib. Xatırladaq ki, ABŞ lideri rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı əsnasında Moskvaya qarşı hava zərbələri həyata keçirəcəyi ilə bağlı hədyan dolu çıxışlar edib. Bundan başqa, Tramp Çinin Tayvanı işğal etməsi təqdirində analoji prosesin Pekinə qarşı da baş tutacağını istisna etməyib R. Bayramovun fikrincə, əgər Tramp doğrudan da Rusiyaya müəyyən təzyiqlər göstərmək niyyətindədirsə, bunu ancaq Ukraynaya dəstəyi maksimum səviyyədə artırmaqla edə bilər: “Yəni Vaşinqton Kiyevə uzaqmənzilli raketlərin, hava hücumundan müdafiə sistemlərinin verilməsi və uzun müddətdir Senat və Konqresdə müzakirə olunan Rusiyaya ağır zərbələr nəzərdə tutan sanksiyalar paketinin təsdiqlənməsi ilə bunu həyata keçirə bilər. ABŞ Rusiyaya qarşı real və effektli addımlar ata bilərdi. Amma indiyədək biz bunun şahidi olmamışıq. Əksinə, ABŞ-nin Ukraynaya müəyyən təzyiqlər göstərdiyini görürük və Vaşinqtonun Rusiya ilə danışıqlarda iki ölkə arasında münasibətlərin normallaşdırılması, əməkdaşlıq imkanlarının genişləndirilməsi istiqamətində mesajlar verdiyini müşahidə edirik”. Analitikin fikrincə, həm Rusiya, həm də Çinin nüvə silahına malik olması ABŞ-nin bu iki ölkəyə qarşı birbaşa təzyiq göstərmək imkanlarını faktiki olaraq aradan qaldırır: “Çünki ABŞ-nin bu ölkələri açıq şəkildə hədəf alması dünya miqyasında xaosa səbəb ola bilər. Hazırda həm Rusiya, həm də Çinlə bağlı ABŞ-nin apardığı siyasət, əgər gələcəkdə daha gərgin mərhələyə keçəcəksə, yəni bu, hərbi qarşıdurmanı da ehtiva edəcəksə, bu, çox böyük ehtimalla, birbaşa deyil, digər ölkələr vasitəsilə həyata keçiriləcək. Necə ki Qərb bu gün Ukraynanı vasitəçi kimi istifadə edərək Rusiya ilə mübarizə aparır, eyni ssenarini Tayvan üzərindən Çinlə bağlı da gerçəkləşdirməyə çalışa bilər. Tayvanı Çinlə müharibəyə sövq etməklə və ardınca ona maksimum dəstək göstərməklə ABŞ Çini uzunmüddətli bir müharibə bataqlığına sala bilər”. Müsahibimiz onu da əlavə edib ki, əgər Tramp danışıq zamanı hansısa xəbərdarlıqla çıxış edibsə, bu, ən yaxşı halda iqtisadi təzyiqlərlə məhdudlaşa bilər: “Ümumiyyətlə, ABŞ-nin həm Rusiya, həm də Çinlə bağlı indiyədək gözləmə mövqeyində qalmasının səbəbləri var. ABŞ uzunmüddətli strateji oyun oynayır. Rusiya ilə münasibətlərin yumşaldılması fonunda biz nə gördük? İsrail və ABŞ-nin İrana hücumu zamanı Rusiya yalnız səthi bəyanatlarla kifayətləndi, konkret və praktik dəstək göstərmədi. İndi də ABŞ-nin Rusiya ilə yaxınlaşmaq niyyəti, əslində, onunla Çin arasında məsafə yaratmaq məqsədi daşıyır. Əgər bu plan gerçəkləşərsə, bu, Vaşinqton üçün uğurlu nəticə sayılacaq. Yox, əgər bu alınmasa, o zaman ABŞ-nin Rusiya ilə bağlı daha sərt mövqe nümayiş etdirməsinin şahidi olacağıq. Bu da özünü Ukraynaya maksimum dəstəyin verilməsi və Rusiyaya qarşı yeni sanksiyaların tətbiqində göstərəcək. Amma birbaşa hərbi addımlar – Rusiyanın bombalanması, çökdürülməsi və s. indiki mərhələdə real və inandırıcı görünmür”.