KREMLdən Ankara və Bakıya erməni SÜRPRİZi

Kremldən Ankara və Bakıya erməni sürprizi

Qardaş ölkə savaşa təhrik edilir; Bu gün “Rusiya NATO”sunun baş katibi postunu işğalçı ölkənin generalı tuta bilər; Putinin “qara qutu”sunda daha nələr var?; Moskvanın anti-Türkiyə şantaj siyasətinin yeni, təhlükəli pərdəarxası... 

 

Rusiya prezidenti Vladimir Putinin ötən həftə mətbuat konfransında Türkiyə rəhbərliyinin ünvanına işlətdiyi aşağılayıcı ifadələr Kremlin Ankaraya qarşı aqressiv siyasətinin səngimədiyini göstərdi. Bəlli oldu ki, Moskva hələ ki, ikitərəfli əlaqələrin bərpasında maraqlı deyil. 
Bir çox təhlilçilərə görə, Putinin təhqiramiz ifadələri və hədələri arxasında Türkiyəni təxribata çəkmək və şantaj eləmək istəyi də var. O üzdən müşahidəçilər məsələnin Ankaranın müttəfiqlərinə, NATO-ya da birbaşa dəxli olduğu, onların da şantaj edildiyi qənaətindədir. Türkiyə Azərbaycana qardaş ölkə və 1 saylı müttəfiq olduğundan, sözsüz ki, Pitinin hədə və həqarətlərindən ölkəmizə də pay düşür.
 
***
Mövcud vəziyyətdə Ankaranın yetərincə təmkinli və praqmatik davranması, paralel surətdə İsraillə yaxınlaşmağa başlaması, proqnoza yatmayan Rusiya rəhbərinin davranışına qarşı digər ehtiyat tədbirlər görməsi məntiqli və anlaşılandır. Baş nazir Əhməd Davudoğlunun bu xüsusda Putinə cavabı da Türkiyə dövləti adından Kremlin son mesajlarına adekvat sayıla bilər. 
Baş nazir Türkiyə hökumətinə xas tonda Kreml başçısını dövlət rəhbərinə yaraşmayan ifadələr işlətməkdə və “uşaq davranışı göstərməkdə” qınayaraq deyib: “Bir ay öncə Putin belə açıqlama niyə vermirdi? Bir ay öncə qəbuledilməz olan məsələlər indi söylənilərsə, onlar ciddi qəbul edilə bilməz. Ona görə də Putinin dediklərini ciddi hesab etmirik. Bu, uşaq davranışıdır. Əvvəllər belə işləri ölkəmizdə hərbi çevrilişi edənlər görərdi, indi də Putin bu işlə məşğuldur. O, birdən-birə Türkiyənin müsəlman dövləti olduğunu, Türkiyədə islamlaşmanı, ABŞ-la yaxın əməkdaşlığımızın olduğunu indi xatırladı?” 
Əhməd Davudoğlu Rusiyanın Türkiyə, Suriya və qaçqınlar məsələdə xoşniyyətli olmadığını da söyləyib. 
****
Bu,  gerçəkdən də belədir, Rusiya xoşniyyətli olsaydı, onun prezidenti Ankaranın ünvanına təhqiramiz sözlər deməzdi. Bəs belə davranışın arxasında daha hansı hədəflər dayanır və vəziyyətin sonrakı inkişafında hansı təhlükəli sonuclar mümkündür? 
 
Politoloq Qabil Hüseynliyə görə, “Pitinin dövlətlərarası münasibətlərə yaraşmayan son hərəkəti yeni hərbi qarşıdurmalardan xəbər verir” (axar.az): “Çünki Rusiyada iqtisadi vəziyyət pisdir. Üstəlik, Putinin ölkədə reytinqi aşağı düşməkdədir. Moskva hesab edir ki, belə bir qarşıdurma Türkiyə ilə olsa, daha yaxşı olar. Nədən ki, Rusiya Türkiyədən qisasını hələ ala bilməyib. Güman ki, NATO ölkələri Türkiyənin şərəfini qorumaq üçün Putinin ədəbsiz davranışlarına qarşı cavabsız qalmayacaq. Rusiya kimi böyük bir dövlətin başçısına nəinki NATO, digər böyük türk dövlətlərinin münasibəti də bundan sonra tamamilə dəyişəcək”.
 
 
Sabiq dövlət müşaviri hesab edir ki, Putinin son mətbuat konfransı həm də Türkiyənin siyasi rəhbərliyinə qarşı şantaj niyyəti güdüb: “Görünür Moskva yeni qarşıdurmalar istəyində israrlıdır. Putini Rusiyanın maraqlarından çox, indi öz reytinqini düşündürür. Son gedişat göstərir ki, Moskvanın Ankaraya qarşı şantajları davam edəcək. Putin bütün işlərini bu cür təbliğatlar üzərində qurur və son davranışları ilə də Türkiyənin əsəblərini sanki sınağa çəkir”.
“Hazırda əsəb oyunu gedir, hətta Rusiya bəzən Türkiyəni təxribata çəkmək istəyir”. “Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu bu fikirdədir. Lakin onun qənaətincə, iki ölkə arasında gərginlik çox ciddi fəsadlara gətirib çıxarmayacaq: “Müharibə variantı istisnadır. Çünki Rusiya müharibəyə getsə, qarşısında təkcə Türkiyəni yox, NATO-nu görəcək. Kremlin siyasəti, Putinin son mətbuat konfransı, bütün bunların hamısı auditoriyaya hesablanmış piar xarakterli davranışlardır. Putin çalışır ki, rus xalqı qarşısında zəif görünməsin”.
Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının sədr müavini, “21-ci yüzil” Türkiyə İnstitutunun rəhbəri, professor Ümit Özdağ isə hesab edir ki, Putinin açıqlamalarını hissə-hissə deyil, bütövlükdə Moskvanın Ankaraya qarşı apardığı psixoloji savaşın hissəsi kimi qiymətləndirmək lazımdır. 
 
Musavat.com-a müsahibəsində o deyib: “Bu psixoloji hərəkatda gərginliyin dərəcəsini Moskva müəyyən edir, hücumları onlar həyata keçirirlər. AKP hökuməti isə bu hücumlara qarşı özünümüdafiə vəziyyətindədir. Düşünürəm ki, Rusiya Türkiyəyə qarşı gərginliyi məqsədli şəkildə artırır. Bunun sonunda Putinin Türkiyəyə qarşı qarşıdurma törədəcəyi fikrindəyəm”. 
*** 
 
Bu arada Rusiya mənbələrindən məlum olub ki, Kreml Türkiyə, eləcə də Azərbaycan əleyhinə ermənilərin əli ilə yeni sürpriz hazırlamaq niyyətindədir. Məsələnin məğzi belədir: bu gün - dekabrın 21-də Moskvada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT - ona “Rusiyanın NATO-su” da deyilir) sammiti olacaq və sammitə Ermənistanın xarici işlər naziri Edvard Nalbəndyan sədrlik edəcək. Bundan başqa, sammitdə KTMT-nin yeni baş katibi postuna Ermənistan nümayəndəsinin - keçmiş müdafiə naziri, general Vaqarşak Arutyunyan təyin ediləcəyi gözlənilir. 
Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bunu əlifba sırasında Ermənistanın birinci gəlməsi ilə əlaqələndirsə də, müşahidəçilərə görə, səbəblər sırasında Türkiyəyə daha bir “kötü sürpriz” eləmək istəyi var. İş ondadır ki, Putin “Su-24" təyyarəsinin ”qara qutu"sundakı məlumatları da özünə sərfəli şəkildə məhz bu sammitdə açıqlamağı planlaşdırır.
Toplantı barədə erməni saytlarından birində maraqlı şərh yer alıb: “Putin hər şeyi etməyə çalışacaq ki, məsələdə KTMT-nin Rusiyanı dəstəkləməsinə nail olsun, anti-NATO bloku yaratdığı təəssüratını formalaşdırsın və Türkiyəni fakt qarşısında qoymaqla, özünə tərəf ”qaytarsın". Bu isə yalnız təyyarə insidentində ABŞ-ın rolunun “ifşa edilməsi” variantında mümkündür. Moskvada bunu Nalbəndyan bəyan eləməli olacaq. Şübhə olmasın ki, onu buna məcbur edəcəklər, necə ki, vaxtilə Sürix protokollarını imzalamağa vadar eləmişdilər".
*** 
Yada salaq ki, KTMT-yə Rusiya və Ermənistandan savayı daha 4 ölkə - türkdilli Qazaxıstan və Qırğızıstan, habelə Belarus və Tacikistan daxildir. Bu 4 dövlətdən heç biri indiyədək “Su-24" məsələsinə görə Türkiyəni qınayan, Rusiyanı isə müdafiə edən açıqlama verməyib. Əksinə, bu yaxınlarda KTMT ölkələri Baş Qərargahları rəislərinin İrəvan toplantısında erməni general Xaçatıryan Kremlin təhriki ilə hamının adından yaydığı bəyanatda Türkiyənin hərəkətini ”arxadan zərbə", “alçaq hərəkət” kimi qiymətləndirsə də, həmin 4 ölkənin Müdafiə nazirlikləri buna ciddi etiraz eləmiş, birgə təkzib bəyanatı vermişdilər. İndi isə Putin erməninin dili ilə və “qara qutu”nun köməyi ilə onları da Türkiyə qarşı qoymağı hədəfləyib.
Qeyd edək ki, Rusiya “Su-24" insidentindən dərhal sonra Türkiyə ilə həmsərhəd işğalçı Ermənistanda, Suriyada, həmçinin, həmsərhəd beynəlxalq sularında öz hərbi kontingentini xeyli artırıb, bu ölkələrə müasir hava hücumundan müdafiə sistemləri göndərib. Yunan Kiprində isə hərbi baza yerləşdirmək üçün iki tərəf arasında danışıqlar başlaması haqda informasiyalar yayılıb. 
 
Xüsusən də Kremlin bölgədəki yeganə forpostu, işğalçı Ermənistanı sürətlə hərbiləşdirilməsi Türkiyə ilə yanaşı, Azərbaycanı da narahat etməyə bilməz. Üstəğəl, indi də Ermənistanın KTMT-yə rəhbərlik eləməsi “bir millət - iki dövlət”ə ünvanlı növbəti, ortaq düşmən mesajı sayıla bilər. Guya neytral vasitəçi olan Rusiya bununla açıqca işarə vurur ki, o, Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiası və təxribatlarda təcavüzkarın arxasındadır. Əlavə edək ki, KTMT Akademiyasının mərkəzi ofisi də İrəvanda yerləşir.
(musavat.com)
     
 






Fikirlər