“Bu təhqir-söyüşün yaxşı sonunu görmürəm”
Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzinin sədri Eldar Namazov günün aktual mövzuları ilə bağlı “Yeni Müsavat”ın suallarını cavablandırıb.
(əvvəli ötən sayımızda)
- Seçkilərdən söz düşmüşkən, hazırda prezident seçkisi kampaniyası gedir. Seçkiyə az vaxt qalıb. Prosesi izləyirsinizmi və proqnozlarınız necədir?
- Açığını deyim ki, seçkiləri o qədər də ciddi izləmirəm. Mənə yaxın olan şəxslərdən informasiyalar alıram. Bir müddət əvvəl elə sizin qəzetə açıqlamamda bəyan etmişdim ki, bu seçkidən dəyişiklik gözləmirəm və İlham Əliyev qalib olacaq. Namizədlərin sırasına baxanda bu tam aydın görünür. Məni daha çox maraqlandıran seçkidən sonrakı proseslərdir. Azərbaycanda müəyyən sahələrdə islahatlara çox ciddi ehtiyac var. Qarabağ məsələsi ilə bağlı işləri sürətlə aparmaq lazımdır, daxildə islahatların aparılması labüddür.
- Sizcə, seçkidən sonrakı proseslər necə olacaq? Bəllidir ki, qanunvericiliyə əsasən, seçkidən sonra hökumət buraxılır və yeni seçilən prezident yeni hökumət formalaşdırır. Sizcə, yeni hökumətin formalaşmasında müəyyən dəyişikliklər olacaqmı?
- Mən bu sahədə çox ciddi addımların atılmasının tərəfdarıyam. Seçkilərdən sonra hökumət onsuz da istefaya getməlidir. Bundan sonra yeni hökumət formalaşır. Adətən buna formal yanaşılıb indiyə qədər. Yəni hökumət istefaya gedirdi, sonra da elə həmin tərkiblə, həmin strukturlarla da yenidən işə başlayırdılar. Ancaq indi vəziyyət bir az başqa cür yanaşma tələb edir. İndi dünyada baş vermiş iqtisadi böhrandan, dünya bazarında neftin qiymətlərinin kəskin aşağı düşməsindən sonra bu bizə bir dərs olmalıdır ki, dövlət idarəçilik sistemi çox kompakt effektli sistem kimi qurulmalıdır. Burada artıq köhnə şablonları saxlamaq düzgün deyil. Şəxsən mən, ümumiyyətlə, Nazirlər Kabinetinin ləğvinin tərəfdarıyam. Ölkədə prezident var, birinci vitse-prezident var, prezident tərəfindən təyin olunan və prezident qarşısında hesabatlı nazirlər var. ABŞ kimi böyük bir dövlətdə Nazirlər Kabineti yoxdur. Prezident özü müşavirləri və nazirlərinin köməkliyi ilə bu cür nəhəng dövləti idarə edir. Azərbaycan kimi balaca ölkədə bu qədər əlavə strukturların saxlanması, onlara vəsait xərclənməsi artıq lazım deyil. ABŞ sisteminə keçsək, bu, Azərbaycan kimi ölkəni səmərəli idarə etməyə tam kifayət edər. Əvvəllər qanuna görə prezident öz səlahiyyətlərini icra edə bilməyəndə baş nazir prezident səlahiyyətlərini yerinə yetirirdi. 2016-cı ildə konstitusiya dəyişəndən sonra bu funksiya baş nazirdən alınıb. Ona görə də Nazirlər Kabineti kimi qurumun mövcudluğu şəxsən məndə şübhə yaradır.
Bu istiqamətdə islahatlardan başqa digər sahələrdə də ciddi islahatlara ehtiyac var. Bu yaxınlarda Vergilər Nazirliyində islahatların keçirilməsi ilə bağlı anonslar verildi. Güman var ki, gömrük sistemi də Vergilər Nazirliyi sistemi ilə birləşdirilə bilər. Bu da labüddür. Bir neçə il öncə “ASAN xidmət” adlanan bir qurum yaradıldı. Bu qurum vətəndaşlar üçün bir çox sahələrdə dövlət, hökumət xidmətlərindən istifadə etmək üçün çox rahat şərait yaradıb. Orada nə rüşvət var, nə vaxt itkisi var, çox effektli işlək bir strukturdur. Hesab edirəm ki, iş adamları üçün də bir “ASAN xidmət” yaratmalıyıq. Yəni vergilərdə və gömrükdə yeni bir sistem qurulmalıdır ki, iş adamlarının işləri asanlaşsın, rüşvət mexanizmi sıradan çıxsın. Mən düşünürəm ki, seçkilərdən sonra bu və digər sahələrdə çox ciddi addımların atılması həm xalq, həm dövlət üçün çox vacibdir.
“Nazirlər Kabinetinin ləğvinin tərəfdarıyam”
|
- Avropada yaşayan bir qrup mühacir son zamanlar, xüsusən də seçki kampaniyası başlayandan bəri hakimiyyətin ən yuxarı pillələrində olan şəxslərə qarşı internet üzərindən təhqir kampaniyası aparırlar. Bu prosesi izləyirsinizmi? Bu məsələdə sizin mövqeyiniz necədir? Bu problemin həlli yolunu necə görürsünüz?
- Biz balaca ölkəyik və demək olar ki, ictimai-siyasi fəaliyyətlə məşğul olan adamların hamısı göz qabağındadır, hamısı bir-birilərini tanıyırlar. Mənim özümün leksikonumda təhqir, söyüş yoxdur deyə mən bu tipli çıxışlara, yazılara çalışıram baxmayım. Ona görə ki, mən təhqiri, söyüşü qəbulolunmaz sayıram. Eyni zamanda indi araşdırmaq ki, kim birinci başlayıb, kim ikinci başlayıb, bunun mənası yoxdur. Ona görə ki, bir tərəf deyəcək ki, qarşı tərəf birinci başlayıb. Mənə belə gəlir ki, birdəfəlik bu məsələyə son qoyulmalıdır və daxilimizdə belə bir qırmızı xətt çəkilməlidir ki, siyasi mübarizədə təhqir, söyüş olmaz. Xüsusən də siyasi mübarizədə ailə üzvlərinə toxunmaq olmaz. Belə bir daxili razılaşmaya nail olmaq üçün ciddi addımlar atılmalıdır. Əks halda, bu təhqir-söyüşün yaxşı sonunu görmürəm. Təhqir olunan tərəf ondan da betər təhqirlə cavab verməyə çalışır, bu dəfə yenidən qarşı tərəf təhqirə keçir. Beləliklə də çox arzuolunmaz bir vəziyyət yaranır. Bunun yaxşı sonu ola bilməz. Ona görə də mən qəti olaraq siyasi mübarizədə təhqirin, şərəf və ləyaqətin aşağılanmasının əleyhinəyəm. Burada hansısa bir “stop” siqnalı qoyub dayanmaq lazımdır və bundan sonra da belə halların qarşısı alınmalıdır. Əslində gərək bunu ictimai rəy yoluna qoysun. Hansısa siyasi göstərişlərlə, hansısa qurumların, partiyaların qərarları ilə buna nail olmaq çətindir. Burada ən ciddi təsir aləti ictimai rəydir. Təəssüf ki, bu məsələdə də ciddi problemlər var. Siyasi qüvvələr hətta söyüş söyməyən, siyasi dillə mübarizə aparan insanlarla da dil tapa bilmirlər. Onların da, ziyalıların da səsləri eşidilmir. Ona görə də ictimai rəy işləməyəndə o qırmızı xətlər də pozulur. Burada siyasi qüvvələrin də mövqeyi çox vacibdir. İctimai rəy daha çox insanları lazımsız hərəkətlərdən çəkindirir, nəinki Cinayət Məcəlləsində hansısa bir maddə və siyasi bəyanatlar.
- Bu vəziyyətin yaranmasında ənənəvi demokratik dinc müxalifətin zəifləməsi, zəiflədilməsi və nəticədə proseslərə təsir imkanlarının aşağı düşməsi də rol oynayırmı?
- Bəli. Bu məqamın da təsiri olmamış deyil. Siz dediyiniz amil də çox vacib rol oynayır. Diqqət edin, biz ümummilli məsələlər ətrafında da ictimai-siyasi qüvvələrin əməkdaşlığını yaratmaqda çətinlik çəkirik. Bunun səbəbi tərəflər arasında münasibətlərin yaxşı olmaması, müxalifət qüvvələrinin təsir imkanlarının azaldılmasıdır. Halbuki cəmiyyətə, dövlətə müxalifətin güclü olması lazımdır. Dinc siyasi mübarizə yolunu seçənlərin zəif duruma düşməsi istər-istəməz arzuolunmaz mübarizə üsulunu seçən alternativləri ortaya çıxarır. Bizim problemlərimiz həddən artıq çoxdur. Ümummilli problemlərin həllində biz bir yerdə çalışmasaq heç bir uğur əldə edə bilməyəcəyik. Əksinə, təhqir-söyüş siyasi həyatı başına götürəcək, problemlər dərinləşəcək. Ona görə də cəmiyyətdə konsensus yaranması üçün çox ciddi addımlar atılmalıdır. Onda həmin o konsensusu, qırmızı xətti pozub keçən insanları bütün ictimaiyyət, bütün siyasi qüvvələr qınayacaq və onlara ictimai etiraz böyük olacaq. Nəticədə heç kim siyasi mübarizədə söyüş ritorikasını seçməyəcək.
[url=http://]- Son günlərin təkcə Azərbaycanda deyil, bütün dünyada aktual mövzularından biri İngiltərənin və onun ardınca bir sıra Qərb dövlətlərinin Rusiya diplomatlarını ölkədən çıxarmasıdır. Putin yenidən prezident seçiləndən sonra start götürən bu prosesin sonu necə ola bilər? Azərbaycan yaranmış vəziyyətdə necə davranmalıdır[/url]
- Bu çox böyük və çox ciddi mövzudur. Vladimir Putin hakimiyyəti, hesab edirəm, çox ciddi geopolitik səhvə yol verdi. O da nə ilə bağlıdır? Aydındır ki, SSRİ dağılıb, SSRİ dünyada hegemon dövlətlərdən biri idi. SSRİ-nin dağılmasından peşmançılıq hissi keçirən qüvvələr var və bunu Putin gizlətmirdi. Putin hakimiyyətə gələndən sonra 2000-ci illərin ortalarında Putin Qərblə açıq kəllə-kəlləyə gəlməyə başladı. Əvvəlcə Gürcüstan hadisələri, Gürcüstanın ərazilərini ələ keçirdi, sonra Krım hadisəsi baş verdi, daha sonra Donbasda məlum hadisələr həyata keçirildi. Başqa sahələr üzrə də Rusiya NATO və ABŞ-la qarşıdurmaya getməyə başladı. Bununla da özü-özünə ciddi problemlərin əsasını qoydu. Çin kimi böyük bir dövlət keçən əsrin 70-80-ci illərindən ciddi iqtisadi islahatlara başladı və həmin dövrdən öz geopolitik ambisiyalarını arxa plana keçirdi. Çinlilər qərara gəldilər ki, geopolitik ambisiyalarla çıxış eləmək üçün böyük iqtisadi gücün olmalıdır. Əvvəlcə o iqtisadi gücü yaratmaq lazımdır, iqtisadi üstünlüyə nail olmaq lazımdır, ondan sonra geoplitik ambisiyaları ortalığa çıxarmaq lazımdır. Vaxtilə ABŞ da o yolu seçmişdi. ABŞ dünyanın aparıcı gücü idi, dünyanın ümumi məhsulunun 30-40 faizi əsasən öz iqtisadi gücünü artırırdı. Yalnız İkinci Dünya müharibəsindən sonra böyük geopolitik ambisiyalarını ortalığa qoydu. Rusiya isə iqtisadiyyatını inkişaf etdirmədən, ordusunu müasir standartlara uyğun güclü hala gətirmədən geopolitik mübarizəyə başladı. Dünya bazarında neftin qiymətlərinin qalxmasından və 5-6 il əllərinə neft pulları gələndən sonra başladılar geopolitik ambisiyalarını ortalığa qoymağa.
“Vladimir Putin hakimiyyəti çox ciddi geopolitik səhvə yol verdi ”
|
Lakin unutdular ki, müvəqqəti dövr üçün neft pullarının gəlişi hələ ölkənin iqtisadiyyatının inkişafı demək deyil. Həmin neft pullarına arxayın olub geopolitik ambisiyalarını sərt şəkildə ortaya qoymaq yanlış idi. Neftin qiyməti sürətlə aşağı düşəndə məlum oldu ki, Rusiyanın iqtisadi bazası heç dünyada birinci onluğa daxil deyil. Başda ABŞ olmaqla, NATO ölkələrinin iqtisadi imkanı Rusiyanın iqtisadiyyatından dəfələrlə böyükdür. İndi həmin o geopolitik ambisiyaların arxasında yetərli iqtisadi güc olmadığı üçün Rusiya və onun hakimiyyəti çox ciddi problemlərlə üz-üzə qalıb. Gün-gündən artan təzyiqlərə nə cür tab gətirəcəyi sual altındadır. Rusiyaya qarşı diplomat müharibəsi məncə hələ yekun deyil, yeni-yeni sanksiyalar meydana gəlməsi gözlənilir. Ən müxtəlif məsələlərlə bağlı sanksiyalar tətbiq olunacaq. Bu prosesin Rusiya üçün daha böyük mənfi nəticələrini biz gələcəkdə görəcəyik. O ki qaldı Azərbaycanın bu diplomat olayında yaranmış vəziyyətdə necə hərəkət etməsinə, hesab edirəm ki, Azərbaycan balanslı siyasətini davam etdirməlidir. Azərbaycan hansı geopolitik vəziyyətdə və məkanda olduğunu nəzərə almalıdır. Bir tərəfimiz Rusiyadır, bir tərəfimiz İrandır, bir tərəfdə də Azərbaycanın torpaqlarını işğalda saxlayan Ermənistan var. Ona görə də bu geopolitik vəziyyəti nəzərə alıb balanslı siyasət yürütməyə məcburuq. Balans siyasətinə baxanda mən uğurlar görürəm. Məsələn, ABŞ və Rusiyanın hərbi rəhbərləri neytral bir yerdə görüş keçirmək qərarına gəlirlərsə, Bakını seçirlər. Deməli, hər iki tərəf Azərbaycana etibar edir.“Yeni Müsavat”
AzerTaym.az