19.02.2014. - Müdafiə Nazirliyindən Fətullah Gülənlə bağlı açıqlama
AzerTaym.az saytı ANS-ə istinadən xəbər verir ki, Azərbaycan Müdafiə Nazirliyi bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə nurçuların lideri Fətullah Gülən və Mustafa Günay adlı şəxslər arasında keçən telefon danışığının yayılmış audioyazısında Azərbaycanın müdafiə naziri Zakir Həsənov barəsində səsləndirilən fikirlərə münasibət bildirib. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, belə informasiyalar təxribatdır.
"Bəzi elektron kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə Fətullah Gülən və Mustafa Günay adlı şəxslər arasında aparılan telefon danışığının yayılmış audioyazısında Azərbaycan Respublikasının Müdafiə naziri barədə səsləndirilən fikirlərə münasibət olaraq bildiririk ki, müdafiə nazirinin adı çəkilən şəxslərlə heç bir tanışlığı yoxdur, ünvanına heç bir təbrik məktubu daxil olmayıb və bunu bir təxribat kimi qiymətləndiririk".
Qeyd edək ki, ötən gün "Youtube"da və bəzi mətbu orqanlarda Fətullah Gülən və Mustafa Günay adlı şəxslər arasında keçən telefon danışığı yayılıb. Audioyazıda oktyabr ayında Azərbaycanda müdafiə naziri postuna təyinatdan bəhs edilir.
Danışıqların yekununda Fethullah Gülənin Azərbaycanda özlərinə yaxın olan bir komandirə təbrik məktubu yazdığı və onun buna görə çox şad olduğundan bəhs olunub.