“ABŞ İrəvandakı səfirliyinə 1500 XÜSUSİ təyinatlı yerləşdirib..”

Medvedevin İrəvana növbəti səfəri çevriliş qorxusuyla bağlı idimi?

Tanınmış siyasi analitik və yazıçı-publisist, “Qarabağ tələsi” kitabının müəllifi Tahir Cəfərli iddia edir ki, Ağ Ev və Pentaqon artıq Ermənistanda çevriliş etmək və Qərbyönümlü Ter-Petrosyanı hakimiyyətə gətirmək üçün ciddi hərəkətə keçib.

Müsahibimiz eyni zamanda Qarabağdakı 4 günlük müharibənin dayandırılmasında Rusiyanın səyləri və Azərbaycan Müdafiə Nazirliyinin Baş Qərargah rəisi Nəcməddin Sadıqovun bu prosesdəki rolu barədə maraqlı fikirlər söyləyib. Müsahibəni oxucuların müzakirəsinə buraxırıq:


-Tahir müəllim, hazırda Azərbaycan vətəndaşlarının böyük əksəriyyətini maraqlandıran əsas bir məsələ var: bu il aprelin 2-5-dəki 4 günlük döyüş əməliyyatlarından bəri Qarabağ ətrafında nə baş verirdi və hazırda nələr olur?

-Son hadisələr göstərdi ki, Azərbaycan 1994-cü ildən bu günə qədər ATƏT və digər beynəlxalq təşkilatların status-kvo-nu saxlamaq səyləri və faktiki olaraq torpaqlarımızın qaytarılması ilə bağlı fəaliyyətsizliyi ilə razılaşmadı. Digər tərəfdən, Ermənistanın aqressiv addımlarına, yəni qoşunların təmas xəttindəki Azərbaycan kənd, qəsəbə və hətta rayon mərkəzlərini ağır silahlardan atəşə tutmasına, dinc sakinlərin həyatına son qoymasına daha dözmək olmazdı. Odur ki, Azərbaycan tərəfi BMT-nın 4 qətnaməsini əsas tutaraq, erməni işğalçılarına qarşı ciddi mübarizəyə başladı. Bu, xalqımızın istəyindən irəli gələn düzgün bir addım idi...

“Guya Nəcməddin Sadıqov Rusiyanın əmrini yerinə yetirib...”

- İctimai rəy sorğuları göstərir ki, xalqımızın 85 %-i Qarabağ məsələsinin həllinin ancaq hərbi yolla mümkünlüyünü deyir. Bəs nə üçün çox ciddi şəkildə irəliləyən ordumuz birdən-birə dayandı?

- Səbəbi çoxlarımıza aydın olmasa da, mətbuatda gedən məlumatlara görə, ordumuza dayanma əmrini Moskvada erməni həmkarı ilə danışıqlara gedən Azərbaycan Müdafiə Nazirliyinin qərargah rəisi general Nəcməddin Sadıqov verib. Bəzi müxalif qüvvələr isə xalqda belə təsəvvür yaratmaq istəyirlər ki, bu, düzgün addım deyildi. Guya hörmətli general Rusiyanın əmrini yerinə yetirir. Ancaq həqiqət tamam başqadır...

-Vətəndaşlar düşünür ki, axı biz ordumuzun mövcud ruhu və silahlarıyla Qarabağı bütövlükdə erməni yaraqlılarından azad edə bilərdik. Belə bir vəziyyətdə nədən hücum dayandı?

- İlk baxışdan haqlı sualdır. Ancaq ehtimal etmək olar ki, daha dərin geosiyasi məsələlər Rusiya tərəfini müharibəni dayandırmaq üçün ciddi səylər göstərməyə vadar etdı. Nəticədə Moskva atəşkəsə nail oldu və Azərbaycana torpaqlarının boşaldılacağına söz verdi...

“Azərbaycan ordusu irəliləməkdə davam etsəydi NATO Ermənistana girəcəkdi...”

-Söhbət hansı geosiyasi məsələlərdən gedir ki?

- Diqqət edin, aprel hadisələri başlayan kimi, NATO təlim bəhanəsiylə Gürcüstana hərbi texnika və qoşun yeritdi. Avam olmaq lazımdır ki, bunların Qarabağla əlaqəsi olmadığını görməyəsən. Digər tərəfdən, bütün Avropanın- həmişə erməninin tərəfini saxlayan Avropanın birdən-birə Azərbaycanın torpaqlarının azad etməsini “haqq işi” adlandırması ağıla sığılası iş deyildi. Bunun arxasında ciddi məsələlər dururdu. Qərbin, Amerikanın heç də Azərbaycana canı yanmırdı, sadəcə, Ermənistan ordusunu qabağına qatan Azərbaycandan istifadə etməklə Qafqaza girmək istəyirdi...

-Belə çıxır ki, Qarabağda müharibə daha da qızışsaydı və Azərbaycan Ermənistan sərhədinə yaxınlaşsaydı, NATO qoşunları “erməniləri xilas etmək” bəhanəsi ilə Ermənistana girə bilərdi?

“ABŞ İrəvandakı səfirliyinə 1500 xüsusi təyinatlı yerləşdirib..”



- Bəli, necə ki, rus qoşunları 2008-ci ildə Osetiyaya girmişdi. Yəni, bunun üçün NATO-nun əlində Osetiya presedenti vardı: ruslar müstəqil dövlətin ərazisinə girdikləri kimi, NATO da girə bilərdi. Belə olduqda NATO ermənilərin “qırıldığını” bəyan edib, köməklərinə gəldiklərini əsas götürəcəkdilər. Bu halda isə biz Qarabağı alsaq da, NATO qoşunları bizi bayıra atacaqdı və biz əbədi Qarabağı itirəcəkdik...

“Rus ayısı məntiqsiz hərəkət etmir...”

- O da var ki, ermənilər azğınlaşıb, Rusiyaya qarşı durmadan mitinqlər keçirirdilər. Belə alındı ki, ruslar erməniləri cəzalandırmaq əvəzinə, hələ onları xilas etdilər də. Axı bu, heç bir məntiqə uyğun gəlmir,Tahir müəllim?..

- Rusiyanı ona görə ayı ilə müqayisə edirlər ki, onun hərəkətləri həqiqətən ilk baxışdan heç bir məntiqə uyğun gəlmir. Ancaq dərinə getsək, görərik ki, rus ayısı heç də məntiqsiz hərəkət etmir. Azərbaycan ordusunun Ermənistan ordusunu bu 4 gün ərzində darmadağın etməsi göz qabağındadır. Ordumuz şücaətini, Qarabağı azad etmək əzmində olduğunu göstərdi. Ancaq Kremlin xahişi ilə Azərbaycan rəhbərliyi daha irəli getmədi...

- Səbəb nə idi?

- Çünki Moskva Bakıya təsir vasitəsi kimi Qarabağa nəzarəti itirərdi. Hələ üstəlik, Ermənistandan ordusunu çıxarmalı olacaqdı. Və nəticədə Cənubi Qafqazı da itirəcəkdi. Çünki NATO qoşunları Ermənistana girsəydi, Rusiya məcburiyyət qarşısında qalıb oradan da çıxacaqdı...


“Belə olsaydı, biz İranı da zərbə altında qoyurduq...”

- Bəs biz nə udduq?

- Hər halda, danışıqlarda Ermənistana qarşı psixoloji üstünlük qazandıq. Və Rusiyanın Azərbaycana rayonları qaytarmaq təklifi təqdirə layiqdir. Azərbaycan 5-6 rayonu sülh yolu ilə qaytarmaqla həm hərbi resurslarını saxlayar, həm canlı qüvvəsini. Digər tərəfdən, bu halda Azərbaycan regionda Rusiyanın maraqlarına toxunmur. Deməli, şimal qonşumuzla problem yaranmır. Əksinə olsaydı, yəni NATO qoşunları Ermənistana girsəydi, bu, bizim də xeyrimizə deyildi. Çünki bu halda Rusiya ilə bərabər cənub qonşumuzu - İranı da zərbə altına qoyurduq...

-Bəs ümumiyyətlə, Qarabağda gedən 4 günlük müharibə bizə nə verdi və yaxud bundan sonra bizi nə gözləyir?

- Bu hadisələr dünyaya göstərdi ki, Azərbaycan tərəfi Qarabağı azad etmək əzmindədir və bu, mübarizənin başlanğıcıdır. Azərbaycan xalqı BMT-nin bütün qətnamələrinin yerinə yetirilməsini tələb edəcək, əks halda bunu ordumuz edəcəkdir. Bu hadisələr onu da göstərdi ki, genişmiqyaslı hərbi əməliyyatlar keçirərkən, bütün siyasi-diplomatik mövqelər nəzərə alınmalıdır. Yəni, hücum üçün uyğun məqamı düzgün proqnozlaşdırmalıyıq... 

“Qərbdəki erməni diasporu Moskvanın xətti ilə rayonların qaytarılmasına əngəl olacaq...”

–Axı, deyəsən, biz bu məsələyə birtərəfli baxdıq. Moskva atəşi dayandırdı. Bu yandan da deyirsiz ki, Qərb hərbi əməliyyatların başlanmasında maraqlıdır. Bu halda Qərb yenidən erməniləri qızışdırıb üstümüzə qaldıra bilməzmi?

- Əlbəttə ki, bu da mümkündür. Qərbdəki erməni diasporu Moskvanın xətti ilə 5-6 rayonun Azərbaycana qaytarılmasına əngəl törədəcək. Hətta Serj Sarkisyanın bununla bağlı hakimiyyətdən gedəcəyini də deyirlər. Belə olduqda vəziyyət yenidən köklü surətdə dəyişir. Yəni, Qərbin siyasətini həyata keçirmək istəyən Ermənistan müharibəni qızışdıracaq.

-Bəs Moskva?

- Əlbəttə ki, Moskva çalışacaq ki, müharibəni dayandırsın. Vyana görüşləri də elə bununla bağlıdır. Deyəsən, ruslar ermənilərin satqınlığını hiss ediblər. Ancaq inanılası deyil ki, ermənilər sakit dursunlar, çünki onlar indi ancaq NATO-nu eşidirlər...

“Donbasdan Qarabağa döyüşçü göndərilməsi dezinformasiyadır...”

-1991-1994-cü illərdəki döyüş əməliyyatlarının tərcübəsindən bəlli olduğu kimi, ermənilər daim Rusiya, yaxud Qərbin, ATƏT-in xətti ilə atəşkəsə nail olduqda vaxt qazanıb, qüvvə toplayıb əks-hücuma keçərək hər dəfə yeni-yeni torpaqlarımızı işğal ediblər. Məsələn, 1991-ci ilin sentyabrında Jeleznovodskda Rusiya prezidenti Boris Yeltsinin və Qazaxıstan prezidenti Nursultan Nazarbayevin vasitəçiliylə keçirilmiş danışıqlarda əldə olunmuş razılığı pozan ermənilər oktyabr-noyabr aylarında bir sıra məntəqələrimizdə, o cümlədən Xocavəndin kəndlərində qətliamlar törətdilər. Noyabrın 20-də Qarakənd səmasında sülh danışıqları üçün Qarabağa gedən və içərisində Azərbaycan, Rusiya və Qazaxıstanın hökümət nümayəndələrinin olduğu helikopter vuruldu... 1992-ci il sentyabr ayının 19-da Ermənistan və Azərbaycan müdafiə nazirləri Rusiyanın Soçi şəhərində hərbi əməliyyatların dayandırılması ilə bağlı razılaşma əldə etdilər. Həmin il dekabr ayında bu razılaşmanı pozan Ermənistan tərəfi Zəngilan rayonunun 8 kəndini işğal etdi... 1993-cü ilin iyulunda Bakıda səfərdə olan ATƏM Minsk konfransının sədri M.Rafaellinin təşəbbüsü ilə bağlanan atəşkəsdən istifadə edən ermənilər bir həftə ötməmiş qüvvələrini toplamaq və Rusiyadan hərbi yardım almaqla Ağdamı işğal etdilər. Və s. və i.a.

- Son vaxtlar da mediada Rusiyadan Ermənistana rəsmi və qeyri-rəsmi formada silah və canlı qüvvə göndərilməsi barədə informasiyalar da yayılır. Bu günlərdə Donbasdakı separatçılardan da bir qrupunun Qarabağa yollanması haqda məlumatlar verildi... Bu halda Rusiyanın vasitəçiliyinə növbəti dəfə necə etibar etmək olar?

-Rusiyanın Donbasdan Qarabağa ordu göndərməsi Ukrayna KİV-lərinin "utkasıdır". Əlbəttə ki, bu dezinformasiya sadəlövh azərbaycanlıları Rusiyaya qarşı qaldırmaq məqsədi güdür. Başqa bir "utka" buraxıldı - Rusiya Ermənistana 200 milyon həcmində kreditlə silah verməsini başlayıb. Əslində isə məsələ başqa cürdür. Bunu deyən erməni rəsmisidir. Məqsəd Azərbaycan rəhbərliyini yoldan azdırmaqdır. Ruslar necə ermənilərə kömək edə bilərlər ki, Rusiyanın Qafqazda qalıb-qalmaması onların geri çəkilməsindən və yaxud irəli getməsindən asılıdır. Tam əminliyi ilə deyə bilərəm ki, Ermənistan Qərbin tapşırığı ilə əlindən gələni edir ki, rusları oradan uzaqlaşdırsınlar. Və rus hərbi bazalarını NATO-ya icarəyə versinlər. Ermənistanın bir ölkə kimi mövcudluğu bundan asılıdır. Belə olduğu halda Rusiya erməniyə silah verər? Sadəcə, Moskva Ermənistanı bir az cəzalandıracaq. Yəni, 5-6 rayonu Azərbaycana qaytaracaq. Və üstəlik, Dağlıq Qarabağın taleyini sual altına qoyacaq. Bilirsiz, Rusiyanın siyasətin başa düşmək üçün onun addımlarına məntiqi-nöqteyi nəzərdən yanaşmaq lazımdır. Yəni, “azərbaycanlının sonrakı ağlıyla”...

“Sarkisyan Ağ Evin sözündən çıxsa, bir anda müxalifət küçələrə tökülə bilər...”

-Dediklərinizdən həm də belə bir məntiqi nəticə çıxarmaq olur ki, bu yaxınlarda Ermənistanda Qərbin patronajlığıyla hakimiyyət çevrilişi də mümkündür...

-Bəli, Rusiya hərbi KİV-lərindən gələn məlumatlara görə, artıq Ağ Ev və Pentaqon Ermənistandakı rejimi devirib özünə sadiq qüvvələri hakimiyyət başına gətirmək üçün ciddi hərəkətə keçib. Hətta belə bir informasiya da yayılıb ki, ABŞ-ın Yerevandakı səfirlıyi ərazisində mülki geyimdə 1500 dəniz piyadası yerləşdirilib. Və bu xətlə daha 3 min xüsusi təyinatlının gələcəyi gözlənilir. Bu o demədir ki, Sarkisyan Qərbin dediyindən çıxsa, bir anın içində, müxalifət küçələrə çıxa və Amerikanın yarımgizli köməyi ilə Qarabağ klanınının hakimiyyətinə son qoyula bilər.. Onu da xatırladaq ki, burada ermənistanlı və “şutsvats” adlandırılan gəlmə (qarabağlı) ermənilər arasındakı ziddiyyətlər də böyük rol oynayır. Yerlilər gəlmələrin hakimiyyətindən son həddə bezib...

“Ter-Petrosyan hakimiyyətə qaytarıla bilər...”

-Və əgər Vyanada Serjik rusların torpaqları qaytarmaq planına razılıq veribsə, prosesi uzatmaq üçün Ter-Petrosyanın da yenidən hakimiyyətə qaytarılması mümkündür. Son hadisələr də bunu göstərdi. Sarkisyanla Köçəryanın onun ayağına getməsi və Ter-Petrosyanın Qarabağda görünməsi ondan xəbər verir ki, düşmənlərin (axı Ter-Petrosyanı bunlar yıxmışdılar) barışığının səbəbi elə hakimiyyyətin yaxın vaxtlarda Terikə ötürülməsi olacaq. Sadəcə olaraq, bu yaxınlığın bir məqsədi var: hakimiyyətə gələcək adamdan qarant almaq. Bu görüşlərdən irəli gələn məntiqi nəticə ondan ibarətdir ki, Ermənistanda Qərbpərəst siyasətçi hakimiyyəti götürəcək və Rusiyanı oradan çıxaracaq. Sual oluna bilər: Bəs ABŞ-ın NATO-nun Ermənistanda fəallaşacağı təqdirdə KTMT hansı mövqe tutacaq. Cavab qısadır: bu qurum da MDB kimi üzvlərinin rəyi çox zaman yekdil olmayan, amorf bir təşkilatdır və bir anın içində dağıla bilər...

“Rusiyanın bizimlə əlaqələndiricisi Roqozin, ermənilərlə isə Medvedevdir...”

-Yoxsa Rusiya hökumət başçısı Dmitri Medvedevin aprel döyüşlərindən bəri ikinci dəfə İrəvana səfər etməsi də Ermənistanı itirmək qorxusuyla bağlıdır?...

-Bəli. Medvedevin gözlənilmədən Ermənistana növbəti dəfə səfər etməsi də Rusiyanın öz for-postunun cızığından çıxmasından qorxmasıyla bağlıdır. Nəyin bahasına olursa –olsun, Ermənistanı gözdən qoymamaq, nəyin bahasına olursa-olsun, onun NATO-ya qaçmasının qarşısını almaq... Rusiyaya vaxt udmaq lazımdır. Bizimlə Rusiya arasında əlaqələndirici Roqozindir, ermənilərlə isə Medvedev... Bu və ya digər ölkənin rəhbərlərin regiona gəlməsi ondan xəbər verir ki, vəziyyət həqiqətən ağırdır və bu vəziyyətdən çıxış yolu axtarırlar...

“İndi növbə İlham Əliyevindir...”

- Dediklərinizdən belə nəticəyə gəlmək olur ki, Qarabağda yaxın aylarda yenidən hərbi əməliyyatların bərpası labüddür və dediyiniz kimi, bu, Rusiyanın zərərinədir. Bu halda Azərbaycan hansı mövqeni tutmalıdır?

-Bəli. Belə olduğu halda yeganə yolumuz Rusiyaya arxalanıb torpaqlarımızı azad etməkdir. Elə 1991-ci ildə etdiyimiz kimi. Yadınızda varsa, Azərbaycanın ilk prezidenti Ayaz Mütəllibov belə situasiyada bunu etmişdi. Rusiya qoşunlarının dəstəyi ilə məşhur “Həlqə” əməliyatını keçirib Gəncə ətrafındakı Gülüstan və Çaykənd də daxil olmaqla onlarla yaşayış məntəqəmizi erməni yaraqlılarından azad etmişdi. İndi növbə İlham Əliyevindir...






Fikirlər