İsrailin yeni naziri: ''AZƏRBAYCANI SEVİRƏM'' - EKSKLÜZİV MÜSAHİBƏ
İsrailin Baş naziri Benyamin Netanyahu və yeni təyin olunmuş müdafiə naziri, ultramillətçi, "Bizim ev - İsrail" partiyasının lideri Aviqdor Lieberman ötən gün koalisiya barədə razılaşma imzalayıblar. Razılaşmada Aviqdor Libermanın müdafiə naziri, Sofa Landverin isə absorbsiya naziri seçildiyi qeyd olunub. Admiral.Az xanım Landveri təbrik edib və suallarını ona ünvanlayıb: - İsrailin mühacirət siyasətində hansı yenilikləri görmək olar? - Əvvəlcə qeyd edim ki, biz immiqrant deyilik. Çünki yəhudilər öz vətənlərinə qayıdırlar. Bu, İsrailin qayıdış haqqında əsas qanunlarından biridir (ivr. חוק השבות — "xok xa-şvut"). Həmin qanunla hər bir yəhudi asanlıqla İsrailə qayıda bilər. Yəni sözügedən qanun kimin vətəninə qayıda biləcəyini müəyyən edir. Ona görə də hər hansı dəyişiklik gözləməyə ehtiyac yoxdur. - Bu sahədə Azərbaycanla əməkdaşlıq gözlənilirmi? Azərbaycanda da yüzlərlə yəhudi yaşayır. - Biz həmişə vətəninə qayıtmaq istəyənlərin yanındayıq. Və mən nazir kimi bu sferada başqa ölkələrdə yaşayan həmvətənlərimi qəbul etməyə davam edəcəyəm. Bu gün ölkəmizdə yaşayan 8,5 milyon vətəndaşdan 3,5 milyonu burada doğulmayıb. Onlar dünyanın müxtəlif guşələrindən gəliblər. Çünki onlar yəhudidirlər və öz vətənlərinə qayıdırlar. Biz absorbsiya olaraq, işimizə davam edəcəyik ki, yəhudilər İsrailə qayıtmağa davam etsinlər. Bu sahədə nazirliyin təcrübəsi çox böyükdür. - Siz dəfələrlə Azərbaycanda olmusunuz. Azərbaycanın və İsrailin dövlətlərarası münasibətlərinin inkişafı sahəsində hər hansı planınız varmı? - Bəli, mən sizin ölkənizi sevirəm. Mən, "Bizim evimiz - İsrail" partiyasının lideri və üzvləri dəfələrlə Azərbaycanda olmuşuq. İsrail və Azərbaycan münasibətlərində mövqelərimizin təmiz olmadığına inanmayanlar çoxdur. Lakin iki ölkə arasında insani körpülər var. Mən hər zaman sizin ölkənizi dəstəkləyəcəyəm. - Azərbaycan haqqında hansı xatirələriniz var? - İlk növbədə, ölkəniz çox-çox gözəldir və inkişaf etmiş ölkədir. Rəhbərliyiniz mükəmməldir, insanlarınız səmimi, ağıllıdır. Mən Azərbaycana daha böyük uğurlar, nailiyyətlər arzu edirəm. Və sadəcə olaraq, Azərbaycanı sevirəm. Sizin ölkəniz isti, təmiz və parlaqdır və bu, daim inkişaf edir. - İki ölkə arasında viza rejiminin ləğvini gözləmək olarmı? - Bu sadə məsələ deyil. İsrail Rusiya, Ukrayna, Belarus və Moldova ilə vizasız rejimə keçib. Ümid edirəm ki, sizinlə də sərhədlərimiz yaxın vaxtlarda açılacaq. Partiya olaraq, bunun üçün hər şeyi edəcəyik ki, Azərbaycan və İsrail vətəndaşları gedib-gəlməkdə çətinlik çəkməsinlər. Bu, hər iki tərəf üçün uğurlu addım olar. Rəşid Mustafazadə Çevirdi: Nərgiz Nənə