Cəmi bir neçə ay əvvələdək Azərbaycana xüsusilə Rusiyadan ciddi turist axınının olacağına ümid edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin hesablamalarını baş tutmamış saymaq olar.
Buna səbəb Rusiya prezidenti Vladimir Putinlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın iki ölkə arasındakı gərginliyin aradan qaldırılması istiqamətində razılıq əldə etmələridir.
Qaynarinfo.Az-ın xəbərinə görə, hələ ötən ilin sonlarında mədəniyyət və turizm naziri jurnalistlərə açıqlamasında Rusiya və Türkiyə arasındakı gərginliyin iki ölkə arasında qarşılıqlı turist axınının azalmasına gətirib çıxaracağını bildirmişdi. Onun sözlərinə görə, Türkiyə Azərbaycan üçün çox önəmli turizm nümunəsidir: “Belə gərginliyin yaranması Türkiyəyə Rusiyadan turist axınını azaldacaq. Biz də vəziyyəti nəzərə alıb bu istiqamətdə müəyyən işlər görürük. Artıq Azərbaycan Turizm Assosiasiyası və “AZAL”la birlikdə bu məsələləri müzakirə etmişik. Otellərlə də bu məsələni razılaşdırmışıq ki, onlar yeni tövsiyələrini bizə göndərsinlər. Nazirlikdə Azərbaycan Turizm Assosiasiyası və turizm sənayesinin nümayəndələri ilə bununla bağlı görüş olacaq. Bu məsələləri bir daha nəzərdən keçirəcəyik”.
Qeyd edək ki, arxada qalan aylar onsuz da Rusiyadan Azərbaycana ciddi turist axınının olmadığını göstərirdi. Ankara ilə Kreml arasında barışıq əldə edilməsi ilə iki ölkə arasında bütün sahələrdə olduğu kimi, turizm sektorunda da münasibətlər yenidən bərpa olunub. Bununla da Ə.Qarayevin məlum gözləntilərinin reallaşma ehtimalı sıfıra enib.
Hələ mayda KİV-lər yazırdılar ki, indiyədək daha çox Türkiyə və Misirdə istirahətə üstünlük verən, amma birinci ilə siyasi münasibətlərin korlanması, ikinci ilə isə təhlükəsizlik riskləri daşıdığı üçün rusiyalı turistlər çətin vəziyyətdə qalıblar. Çünki Rusiyada əhalinin gəlirləri də azalıb, nəticədə onlar nisbətən az büdcənin tələb olunduğu ölkələri seçmək məcburiyyətinbdədirlər. Bu sırada isə hazırda Gürcüstan, Ermənistan və Azərbaycanın adları ön plana çıxırdı.
Rusiyalı turoperatorların sözlərindən belə məlum olmuşdu ki, ruslara təklif olunan yuxarıda adları çəkilən üç ölkə arasından onlar daha çox Gürcüstanı seçirlər. Bu isə Gürcüstanda olan qiymətlərin digər iki ölkəyə nisbətən daha ucuz olması ilə bağlıdır.
Elə Azərbaycandakı tur agentlikləri də təsdiqləyiblər ki, ruslar ölkəmizə gəlmək üçün digər illərə nisbətən daha çox müraciət edirlər. Amma bəzi məqamlar onların qəti qərar verməsinə mane olur. “Bizə həm rus turoperatorları, həm də fərdi olaraq ruslar özləri gün ərzində dəfələrlə “e-mail” yazırlar. Biz onlara ölkəmiz, buradakı otellər, xidmətlər və qiymətlər barədə məlumat veririk. Qiyməti eşitdikdən sonra bir çox turistlər ölkəmizə gəlməkdən imtina edirlər. Onlar deyirlər ki, bizdə Türkiyə, Gürcüstan və başqa ölkələrə nisbətən qiymətlər olduqca bahadır”, – yerli tur agentliklərindən birinin nümayəndəsi bildirmişdi.
Agentliklərdən onu da demişdilər ki, rus turistlər otellərdə “all includes” (hər şey daxil) xidməti olan ölkələrə daha çox üstünlük verirlər ki, bu xidmət də Azərbaycanın heç bir otelində yoxdur.
Uzun sözün qısası, Əbülfəs Qarayev ölkəmizə turist axınını təmin etmək üçün hansısa ölkələr arasında münasibətlərin korlanmasına ümid etməkdənsə, yaxşı olardı, yerli turizmi bahalı qiymətlərin, aşağı keyfiyyətli xidmətin əlindən azad etsin.
P.S. Yeri gəlmişkən, mədəniyyət və turizm nazirimizin Rusiyadan turist axınına ümid etdiyi vaxtda, nə məlum olsa yaxşıdır? Azərbaycan Rusiyaya gedən turistlərin sayına görə ilk beşliyə daxil olub! Belə ki, “TurStat” turistik agentliyi 2016-cı ilin I rübündə Rusiyaya gələn turistlərin sayını təhlil edib.
Saytın məlumatına görə, Azərbaycandan Rusiyaya 2016-cı ilin ilk 3 ayı ərzində 160 min turistik səfər olub.