Meral Akşenerin bayram tədbirində DAVA düşdü
MHP daxili müxalifətçilərindən olan Meral Akşenerin təşkil etdiyi bayramlaşma proqramı bir qrup tərəfindən etirazla qarşılanıb. Tezis.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Akşener tərəfindən Ramazan münasibəti ilə bayramlaşma mərasimi təşkil olunub və tədbirə MHP daxilindəki digər müxalifətçilər də qatılıb. Tədbirin keçirildiyi zalda Akşenerin çıxışı zamanı bir qrup "Hərəkatın lideri Dövlət Baxçalı" şüarları səsləndirib. Bundan savayı, tədbirin keçirildiyi otelin qarşısında yaranan sıxlıqda silah səsləri də eşidilib. Bunun qarşılığında etirazçıların üstünə stəkan və stul atılıb. Hadisənin davaya çevrilməsi nəticəsində etirazçı dəstə müxalifətçilər tərəfindən zaldan çıxarılıb. Bunun ardından yenidən kürsüyə çıxan Akşener əks qüvvələrin bu hərəkətini tənqid edib. Akşener münaqişəni uzatmayacaqlarını da bildirib. Bayramlaşma proqramında baş verən hadisə ilə bağlı iki nəfəri polis nəzarətə götürüb. Verilən məlumatlara görə, Akşener tərəfindən təşkil olunan mərasimdə əks qüvvələrin etirazından sonra zala daxil olmaq istəyən beş nəfərdən üçü zaldakı insanlar tərəfindən zərbəyə məruz qalıb. Bu vaxt etirazçılardan biri otelin həyətində silahla havaya atəş açıb. Həmin şəxs polislər tərəfindən saxlanılıb.