“Stratfor”dan xəbərdarlıq: “NATO Rusiya ilə toqquşa bilər”

“Stratfor”dan xəbərdarlıq: “NATO Rusiya ilə toqquşa bilər”

“Rusiya bundan sonra Qara dənizdə NATO-nun bu regiona artan marağı səbəbindən Alyansın daha çox müdaxiləsi ilə üzləşməli olacaq”. 

Musavat.com-un məlumatına görə, belə bir proqnozla ABŞ-ın “kölgə kəşfiyyatı” sayılan “Stratfor” hərbi-analitik qurumunun ekspertləri hazırladıqları hesabatda çıxış ediblər.
Hesabata görə, yaxın zamanlarda Qara dəniz hövzəsində nüfuz uğrunda rəqabət kəskinləşəcək:“2014-cü ildə Krım Rusiyanın tərkibinə daxil edildikdən sonra Qara dənizdə qüvvələr nisbəti dəyişib. Ukrayna meydandan çıxarılıb, Moskva isə öz donanmasını gücləndirib”.
“Bu arada Avroda Rusiyanın siyasətini cilovlamağa çalışan NATO-nun gözündə Qara dəniz akvatoriyasının əhəmiyyəti artıb” – deyə qeyd olunur. 
Müəlliflərə görə, Şimali Atlantika bloku Qara dənizdə qeyri-Qara dəniz ölkələri hərbi gəmilərinin tonnajını, sayını və qalma müddətini məhdudlaşdıran 1936-cı il Montre konvensiyasını nəzərə almalıdır. 
“Ancaq NATO kimi çoxmillətli qüvvələr öz donanmalarını bir neçə ölkənin gəmiləri ilə komplektləşdirməklə və orduların rotasiyası ilə həmin məhdudiyyətlərdən yayına bilər. Məhz ona görə də alyansın iyulun 8-9-da Varşavada keçiriləcək sammitində Qara dənizdə alyansın birgə hərbi-dəniz qüvvələrinin gücləndirilməsi imkanları da müzakirə olunacaq” – deyə sənəddə bildirilir.
Lakin sənəd müəlliflərinə görə, Qara dənizə çıxışı olan heç də bütün NATO ölkələri regionda Alyansın qüvvələrinin artırılmasını dəstəkləməyə hazır deyil. 
“Məsələn, Rumıniya yəqin ki, bunu qızğın tərəfdarı olsa da, Türkiyə və Bolqarıstan Rusiya ilə düşmənçilik istəmədikləri üçün buna ehtiyatlı yanaşa bilər” – ekspertlər güman edir.
“Stratfor”a görə, bu yaxınlaradək Türkiyə də NATO-nun Qara dənizdə güclənməsinin tərəfdarı kimi çıxış edib, ancaq son vaxtlar Ankara “Su 24” insidentinə görə Moskva ilə pozulmuş münasibətləri qaydaya salmağa başlayıb, bu üzdən məsələyə ehtiyatlı yanaşa bilər.
Analitiklər həmçinin, regionda hərbi-dəniz qüvvələri arasında nisbəti müqayisə ediblər. 
“Regionda hərbi gəmilərin sayına görə Rusiya NATO-dan geri qalır. Amma Rusiyanın bir çox başqa üstünlükləri var - məsələn, aviasiyada. Bundan əlavə, Moskva öz donanmasını, o sırada sualtı qayıqlarını fəal şəkildə modernləşdirməklə məşğuldur” – deyə hesabatda bildirilir.

 






Fikirlər