20.03.2014. - “Siz bunlara ”nurçu“ deyə bilərsinizmi?“

20.03.2014. -  “Siz bunlara ”nurçu“ deyə bilərsinizmi?“Ölkənin siyasi mənzərəsını zəbt edən mövzulardan biri bəlkədə birincisi heç şübhəsiz NURÇULUQLA bağlı açılan polemikalardı.
Müxtəlif yanaşmaların yer aldığı,bəzən də sanki bir kompaniya xarakteri daşıyan bu piar cameəsində kimlər hədəfə alınmadı...Bu arada "silistə" çəkilənlərdən biri də QAFQAZ UNİVERSİTETİ idi.
Yerli xəbər portallarından birinin elə bu mövzuda aldığı müsahibənin aktuallığını AzerTaym.az olaraq biz də nəzərə alıb,onu olduğu kimi oxucularımızın ixtiyarına veririk.

Əhməd Saniç: “Biz bir təhsil müəssisəsiyik, iddiaların əksinə heç bir siyasi görüşümüz və məqsədimiz yoxdur”

Nurçularla əlaqədə ittiham olunan ali təhsil müəssisələrindən biri - Qafqaz Universitetinə gedişimizi, təhsil ocağının rektoru Əhməd Saniçlə açıq söhbətimizi zəruri edən səbəb də elə son günlərin müzakirələri ilə bağlı idi.

Fəthullah Gülənə yazıldığı bildirilən məktubların bəzilərinin Ə.Saniç və ya onun rəhbərlik etdiyi təhsil ocağının rəsmiləri tərəfindən göndərildiyi də mətbuatda iddia olunub. Kifayət qədər açıq söhbətimizdə rektorun bu və digər məsələlərə münasibətini almağa çalışdıq.


- Yeri gəlmişkən, söhbət var ki, Qafqaz Universitetinin rektorunu dəyişirlər. Bu barədə deyilənlərin əsası varmı?

- Hələ ki, gördüyünüz kimi vəzifəmi davam etdirirəm (gülür). Bildiyiniz kim universitetimizin müəllim heyətinin böyük əksəriyyəti gənclərdən ibarətdir. Həqiqətən də heyətimizin akademik karyeralarını inkişaf etdirmələrini çox istəyirəm. Keçən əsrin 90-cı illərində gəlib bu şirkəti quranların əziyyəti çox olub. Sonrakı nəsil olaraq biz inkişaf etdirməyə çalışdıq, azərbaycanlı qardaşlarımız da daha irəli aparıb ciddi uğurlar əldə edəcəklər. İnanıram ki, Qafqaz Universiteti bölgənin Harvardı olacaq. Buradan Nobel mükafatına layiq görüləcək məzunlar çıxacaq. Baxın, bu kitabı (göstərir-E.P.) Amerikada mənim tələbəm çap etdirib.

Yaxud Pərvanə adlı qızımız Xocalıya aid kitab nəşr etdirib. Bir zamanlar ilk açılan məktəblərdən biri Corat qəsəbəsindəymiş. İndi həmin məktəbin məzunu Harvard Tibb Məktəbində müəllim işləyir. İki gün əvvəl yanıma gəlib dedi ki, hocam, biz Coratda yetişdik, Harvardda işləyirik. Bizim qazancımız bunlardır.

- Əhməd bəy, hazırda dolaşan söz-söhbətlərdən dolayı narahatlığınız varmı?

- Narahatlığa əsas görmürəm. Bütün sahələrdə şəffaf çalışan Qafqaz Universitetinin rektoru olaraq bildirirəm ki, narahatlığa heç bir əsas yoxdur.

- Sizin adınızdan yayılan məktubda deyilir ki, guya Fəthullah Gülənə “Müsavat başqanlığına yeni namizədimiz var - Bəxtiyar Hacıyev” yazmısınız. Niyə məhz Bəxtiyar Hacıyev?

- (Gülür) Əvvəla, mən heç o xəbəri görməmişəm. Adımdan yayılan birinci xəbəri görmüşdüm, ikincini oxumadım belə, sadəcə, mənə məlumat verdilər. Dərhal bütün mətbuata bildirdim ki, o email ünvanı mənə aid deyil. Burada bir məsələni daha vurğulamaq istəyirəm. Biz bir təhsil müəssisəsiyik, iddiaların əksinə heç bir siyasi görüşümüz və məqsədimiz yoxdur. Bizim bir amalımız var. Ümummilli liderimiz Heydər Əliyevin qurduğu və möhtərəm prezidentimiz İlham Əliyevin uğurla davam etdirdiyi Azərbaycanımızın çiçəklənməsi işində ona dəstək olmaq.

- Bir xəbər də yayıldı ki, universitetdə bir toplantı düzənlənib və guya siz tələbələrinizi Gülənin Ərdoğana ünvanladığı qarğışına “amin” deməyə çağırmısınız. Olubmu belə şey?

- Belə bir şey olarmı heç? Heç mümkündürmü? Çox təəssüf hissi ilə qeyd edim ki, digər bütün uydurma xəbərlər kimi bu xəbər də Türkiyə mənşəli idi. İnternet qəzetçiliyi çox yaxşıdır, ancaq bunun da bir qanuni çərçivəsi olmalıdır. Bu qədər saxta, insanın ağlına belə gəlməyən şeylər yazılır, böhtanlar atılır. Azərbaycanımızın ən istedadlı, ən qabiliyyətli övladlarının və dünyanın 17 ölkəsindən gələn tələbələrimizin təhsil aldığı böyük bir təhsil müəssisəsinin hər hansı çirkli oyuna alət edilməsinin doğrusu anlaya bilmirəm.

- Qafqaz Universiteti ilə Rəcəb Tayyib Ərdoğanın adını daşıyan universitet arasında müqavilə imzalanmışdı. Bundan sonra əməkdaşlıq qalacaqmı?


“Belə bir durumda təxmin edə bilməzsiniz ki, mən Türkiyədəki məsələlərin Azərbaycanımızı incitməsindən nə qədər narahatam


- Bizim Türkiyədən olan onlarca universitetlə anlaşmamız var. Təbii ki, siyasi məsələlər bizim əməkdaşlığımıza təsir etməz. Biz universitetik. Bizim gördüyümüz işlər, yetişdirdiyimiz tələbələr keyfiyyətli və tədrisimiz də dünya standartlarında olduğu üçün o universitetlər bizimlə əməkdaşlıqda maraqlıdırlar.

- Ancaq əgər cənab Ərdoğan sizin məktəblərin qapadılmasını istəyirsə, onda necə?

- Bir daha bildirim ki, mən Azərbaycanda işləyirəm və bu məktəblər Azərbaycanındır.

- Prezident Gülün sizə münasibəti necədir?

- Heç bir problem yoxdur. Əslində bizim heç kimlə problemimiz yoxdur. Biz təhsil müəssisəsiyik, məsələn, mən buraya qəbul olan tələbələrimin kimin övladı olduğunu bilmirəm. Çünki məni tələbə maraqlandırır. Tələbəm Amerikada kitab çap etdirirsə, bu, mənim fəxrimdir. Onların dünyagörüşünü zənginləşdirmək üçün hər il 100-dən artıq tələbənin mübadilə proqramları əsasında xaricə təhsil almasını təmin edirik. Bu dəqiqə mən bu rəqəmi necə artıra bilərəm, onu fikirləşirəm. Çünki əsl işimiz təhsildir və biz bununla məşğuluq.

- Qafqaz Universiteti dünya reytinq cədvəlində hansı sıralardadır?

- Artıq iki ildir ki, universitetimiz dünya universitetlərinin reytinqini ölçən və nüfuzlu reytinqlərdən sayılan QS dünya universitetlərinin akademik sıralanmasında 650-700 dilimində yer alan Azərbaycan universitetidir. Ancaq biz ilk 100 universitet sırasında olmaq istəyirik. Hədəfimiz budur. Hələ ki yola yeni çıxmışıq və işimiz çoxdur. Diplomumuz Azərbaycanda çox rəğbət görür. Bir çox sahədə Qafqaz Universitetinin diplomunu alan məzunumuz bir daha imtahan edilmir, etimad edilir, işə alınırlar. Universitetimizdə 3500 tələbə oxuyur.

Bunların hamısının məsuliyyəti bizim üzərimizdə olduğu qədər bütün qurumların da üzərindədir. Təhsil sistemimizdə xətamız varsa, yazsınlar. Amma yalan-yanlış yazmasınlar. Bu, nə ölkəmizin, nə bizim, nə də tələbələrimiz adına faydalı bir iş deyil. Tələbə tələbədir, ona şəfqətlə yanaşmaq lazımdır. Necə ki, analarımız həmişə bizim irəli getməyimizi istəyir, onun kimi biz də onların inkişafını arzulamalıyıq.

- Siyasətdən uzaq olsanız da, hər halda, Türkiyə vətəndaşı kimi bələdiyyə seçkilərinə münasibətiniz olmamış deyil. Yoxsa bu proseslərdən məsafə saxlayırsınız?

- Əlbəttə ki, bir vətəndaş kimi maraqlandırır. Kim yaxşı olacaqsa qoy, o qalib gəlsin. Son qərarı xalqımız verəcək. Təbii, Türkiyə və Azərbaycan bizim canımız, hər şeyimizdir. Bu gün şəhid olmaq lazım olsa, mən Azərbaycan üçün də sevə-sevə şəhid olaram, Türkiyə üçün də. Bu qədər sevdiyimiz ölkələrimizin hər zaman irəlidə olmasını, dövlətlər arasında söz sahibi olmasını istərdik. Bu mövzuda da əlimizdən gələn hər şeyi də etməyə çalışırıq. Siyasi məsələlər məni çox maraqlandırmır, mən hətta universitetimizdə o məsələlərin ifadə olunmasını da istəmirəm.

- Azərbaycan parlamentində, digər rəsmi qurumlarda nurçuların olması ilə bağlı iddialara sizin münasibətiniz necədir?

- Çox yanlış fikirlərdir, bu iddiaların heç bir əsası yoxdur. Əgər biz dəvət etmişiksə, hər hansı bir dövlət və hökumət nümayəndəsi, deputat, yaxud tanınmış ziyalılar, iş adamları və tanınmış şəxsiyyətlər hansısa tədbirdə çıxış edibsə onlar qaralanmalıdırmı? Universitetin foyesində bizi ziyarət edən bütün qonaqlarımızın rəsmləri asılıb. Siz bunlara nurçu deyə bilərsinizmi? Yaxud mən nurçuyammı? Bu nurçu olmağın kriteriyası nədir? Belə bir durumda təxmin edə bilməzsiniz ki, mən Türkiyədəki məsələlərin Azərbaycanımızı incitməsindən nə qədər narahatam. Amma bu anda əsas hədəfim bu gənclərin yetişməsidir, başqa bir şey deyil.

Tələbə, müəllim və professorlarımla qürur duyuram. Məndən bəzən soruşurlar: sizin zənginliyiniz nədədir? Deyirəm mənim zənginliyim bu gənclərdir. Baxın, hazırda 22 assisentim və müəllimim xaricdə, bəziləri magistratura, bəziləri doktorantura, bəziləri də postdoktor olaraq təhsil alırlar. Bunlara universitet xərc çəkir. Niyə? Bu universitetin nüfuzu azərbaycanlı elm adamları tərəfindən daha da yüksəldilsin deyə. Çözüm yalnız yerli müəllimlərimizin inkişaf etdirilməsidir. Əgər hədəflərimiz Azərbaycan naminə dünya universitetləri ilə yarışmaqdırsa başqa çarəmiz yoxdur, bunu etməliyik və edə bilərik.

- 30 martdan sonra Türkiyə-Azərbaycan münasibətlərini necə görürsünüz?

- Azərbaycan - Türkiyə xalqlarının dostluğu hər hansı bir gün və günlərdən asılı deyildir, bu qardaşlıq kökləri minilliklərə gedib çıxır. Ümummilli liderin ifadəsi ilə BİR MİLLƏT, İKİ DÖVLƏTİK. Ümid edirəm ki, ən qısa zamanda bütün məsələlər öz həllini tapar.

- Ərdoğanın ABŞ-dan Fəthullah Güləni istəməsini necə qarşıladınız?

- Türkiyə mətbuatı Amerikan səfirliyinin açıqlamasını yazdı. Bildiyim qədəri ilə Amerika rəsmiləri belə bir tələb almayıblar...

* * *
Söhbətimizin davamı rektorun təklifi ilə universitetlə tanışlıq çərçivəsində oldu. Öncə foyedəki fotostendlərdən başladıq. Burada kimlərin fotoları yoxdur? Türkiyə və Azərbaycanın rəsmi şəxsləri, nazirləri, deputatları, komitə sədrlərinin Qafqaz Universitetini ziyarətdən çəkilmiş fotolar saysız-hesabsızdır. Fotolardakı insanları göstərən rektor “Bu insanların buraya gəlməsi, tələbələrlə görüşməsi yaxşıdır, yoxsa gəlməməsi” deyə, sual edir.

Şənbə günü olsa da, universitetdə xeyli canlanma var idi. İclas zalına girdiyimiz zaman tələbə dərnəyinin böyük bir tədbir keçirdiyini gördük. Digər otaqlara daxil olduğumuzda da dərslərin olduğunu görürük. Rektor deyir 3500 tələbənin yalnız 300-ü türkiyəlidir. Əlavə edir ki, burada tələbələr müstəqil fəaliyyət göstərir, 22 fərqli dərnəkdə çalışır, ideyalar verir və hər fikrə sayğı ilə yanaşılır. “Buradakı xidmətçi xalalar da bizə əzizdir” deyə, rektor bildirir. Rektor əsas binanın pəncərəsindən bizi universitetin ərazisi ilə tanış edir, qız və oğlanlar üçün yataqxanaları, ikimərtəbəli texnoparkı göstərir.

Daha sonra nəhəng kitabxanaya enirik. Novruzdan sonra isə daha müasir kitabxananın təməli qoyulacaq. Hazırda Qafqaz Universitetində 700 balla qəbul olunmuş 12 tələbə oxuyur. Bundan əlavə, 89 prezident təqaüdçüsü, 683 nəfər 600 baldan çox toplamış, 1229 da dövlət sifarişli tələbə var. Universitetin dram dərnəyində “Kral Lir”i ingiliscə oynayacaq qədər istedadlı tələbələr də var. Kimya və mexanika laboratoriyaları isə BP şirkətinin maliyyə dəstəyi ilə ən müasir avadanlıqlarla təmin olunub. Universitetin ərazisində daha üç ədəd dördmərtəbəli binanın tikintisi planlaşdırılır. Texnologiya parkında da tələbələrin ən müasir standartlara uyğun şəkildə təhsil alması üçün avadanlıqlar var.

Otaqların birində isə Texnopark Yeni Fikir layihələri üzrə ideyalarının qiymətləndirilməsi prosesi gedirdi. Münsiflərdən ən çox bal alan ideya müəllifləri sonradan həmin ideyaları əsasında şirkət açmaq, böyük miqdarda vəsait əldə etmək şansı qazanır. Rektor onu da deyir ki, universitetin belə bir qaydası var. Tələbə həftədə ən çox 5 gün dərsə gələ bilər. Həftənin iki gününü sərbəst olmalı, özünə ayırmalıdır. Beləcə, Ceyranbatan gölünün sahilində yerləşən, kifayət qədər özəllikləri olan bu təhsil müəssisəsi ilə bir neçə saatlıq tanışlığımızı başa vurub geri dönürük.

Yeri gəlmişkən, rektorla tələbələrin qarşılaşmasında bir məqam diqqətimi çəkdi. Bizim bir çox ali məktəblərin rektorları dəhlizdə görünəndə tələbələr gizlənmək üçün yer axtarır, o anlarda sanki fövqəladə vəziyyət elan olunur. Ancaq Əhməd Saniç akt zalına, dərs gedən auditoriyaya daxil olanda da, universitet yeməkxanasına girəndə də, həyətdə onlarla rastlaşanda da tələbələrin çöhrəsində heç bir həyəcan görmədim...


Elşad Paşasoy.






Fikirlər