Prezidentlərin tarixi Bakı sammiti və Putinin QARABAG vədi...

Prezidentlərin tarixi Bakı sammiti: yeni dönəm, mühüm mesajlar...

Azərbaycan daha bir mötəbər tədbirə ev sahibliyi etdi ; Azərbaycan, Rusiya və İran dövlət başçıları paytaxtımızda ilk dəfə üçtərəfli formatda bir araya gəldilər; Bakı görüşündə regionun da taleyinə təsir edəcək yeni ortaq layihələrin təməli qoyuldu; İlham Əliyev Qarabağa görə Putinə təşəkkür elədi, Putindən Qarabağ vədi gəldi... 

 

Dünən Bakıda ilk dəfə olaraq Azərbaycan, Rusiya və İran prezidentləri - İlham Əliyev, Vladimir Putin və Həsən Ruhani arasında üçtərəfli görüş  keçirilib. Dövlət başçıları bundan öncə ikitərəfli formatda bir araya gəliblər.
Öncədən xəbər verildiyi kimi, üçtərəfli görüşdə əsas diqqət nəqliyyat layihələrinə, əsasən də “Şimal-Cənub” dəmiryol xəttinin inşasına yönəldilib. Prezidentlərin Suriya, Əfqanıstan, terrorçuluq və narkotik vasitələrin dövriyyəsinə qarşı mübarizə, iqtisadi əməkdaşlığın dərinləşdirilməsi kimi məsələlərə də toxunacaqları gözlənilirdi. 
“Üçtərəfli sammitin əsas məqsədi ilk növbədə nəqliyyat sahəsində infrastruktur layihələrini irəli aparmaq imkanlarını araşdırmaqdır”, - deyə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov görüş öncəsi gündəliklə bağlı verdiyi açıqlamada bildirib (virtualorg.az). Onun sözlərinə görə, söhbət ilk növbədə Rəşt (İran)-Astara (Azərbaycan) dəmiryol magistralının tikintisindən gedir. Bu, beynəlxalq “Şimal-Cənub” nəqliyyat dəhlizinin bir hissəsidir. Uşakov xatırladıb ki, bu layihə 2008-ci ildən müzakirə olunur.
“Diskussiyalarda Rusiya Dəmir Yolları tərəfindən bəyan edilib ki, şirkət bu layihənin operatoru qismində çıxış edə bilər və buna hazırdır” - Putinin köməkçisi əlavə edib. Bundan əlavə, o, prezidentlərin gündəmində iqtisadi-ticarət sahəsində əməkdaşlığa dair yeni perspektivlərin müzakirəsinin dayandığını da söyləyib. “Əsas diqqət energetika sahəsində əməkdaşlığa yönəldiləcək. Biz hər şeydən əvvəl Xəzərdə neft yataqlarının birgə kəşfiyyatı, işlənməsi və hasilatı ilə bağlı layihələrin reallaşdırılmasına əhəmiyyət veririk” - Uşakov vurğulayıb. 
Ümumiyyətlə, Kreml rəsmisi üç ölkə liderlərinin görüşündə müzakirə olunası çox məsələnin olduğunu deyib.“Çünki söhbət bir-biri ilə qonşu olan üç ölkədən gedir. Onlar oxşar problemlərlə qarşılaşıb, o cümlədən qlobal iqtisadi böhran, sərhədlərimiz yaxınlığında situasiya, Əfqanıstanla sərhədlər və Yaxın Şərqdə vəziyyət, terrorçuluqla mübarizə və s.” - Putinuin köməkçisi qeyd edib. 
Bu baxımdan, sammit çərçivəsində regional təhlükəsizlik kontekstində prezidentlərin Qarabağ münaqişəsinin nizamlanmasına da diqqət yetirəcəkləri gözlənilirdi. 
***
Qeyd edək ki, İran prezidenti bir gün öncədən Bakıda idi. Rusiya prezidenti V.Putin isə dünən günün ikinci yarısında Azərbaycan paytaxtına gəlib. “Kommersant” nəşrinin yazdığına görə, onunla birgə baş nazirin müavini, hərbi sənaye kompleksini kurasiya edən Dmitri Roqozin, xarici işlər naziri Sergey Lavrov, enerji və nəqliyyat nazirləri Aleksandr Novak və Maksim Sokolov, iqtisadiyyat naziri Aleksey Ulyokayev, habelə Rusiya Dəmir Yollarının vitse-prezidenti Aleksandr Mişirinvə “Rosneft”in başçısı İqor Seçinin paytaxtımıza təşrif buyurub ki, bu da iki və üçtərəfli görüşlərin önəmindən xəbər verən məqam sayıla bilər. 
 
Putin əvvəlcə azərbaycanlı həmkarı İlham Əliyevlə, sonra isə İran prezidenti Həsən Ruhani ilə görüş keçirib. 
“Rusiya, Azərbaycan və İran Xəzərdə yeni layihələri müzakirə edə bilər”. Bunu Rusiya prezidenti azərbaycanlı  həmkarı ilə görüşdə bəyan edib. O qeyd edib ki, bu layihələr energetika və nəqliyyat sahələrini əhatə edə bilər. “Üçtərəfli formatda görüşün təşkilinə görə sizə minnətdaram, bu da sizin təşəbbüsünüzdür. Bizim doğrudan da bu formatda müzakirə edəcəyimiz məsələlər var” deyən Putin üçtərəfli formatda iqtisadi-ticarət əlaqələrinin diversifikasiyasını da istisna etməyib.
Putin-Əliyev görüşündə ikitərəfli iqtisadi, ticari əlaqələrin mövcud durumu və perspektivləri, əlaqələri daha yüksək səviyyəyə qaldırmaq yolları müzakirə edilib. “Rusiya ilə Azərbaycan arasında əməkdaşlıq strateji tərəfdaşlıq xarakteri alıb. Bu isə əlaqələrin şaxələndirilməsi üçün çox vacibdir” - Kreml başçısı deyib. 
 
 
Qarabağ mövzusu da əsas diqqət mərkəzində olub. “Rusiya çalışacaq ki, Dağlıq Qarabağ münaqişəsinin kompromisli və tərəflər üçün məqbul həll variantını tapsın”. Bu sözləri də Rusiya lideri Azərbaycan prezidenti ilə görüşdə deyib. O, problemin Azərbaycan və Ermənistan üçün nə qədər ağrılı məsələ olduğunu anladığını bildirib: “Biz çalışacağıq ki, hər iki ölkə kompromisli, lakin hər ikisi üçün məqbul olan həll yolunu tapsın. Bu məsələnin həllində qalib iki ölkənin xalqı olsun, hər iki ölkə hiss eləsin ki, bu çətin məsələni bu günün və gələcək nəslin maraqları çərçivəsində həll edib”.
Öz növbəsində İlham Əliyev Rusiya dövlət başçısına Qarabağ nizamlanmasındakı fəal iştiraka görə təşəkkür edib. O, Rusiyanın münaqişənin həllindəki rolunu xüsusi vurğulayıb və xatırladıb ki, iyunda Sankt-Peterburqda keçirilən görüş bu mövzuya həsr olunub. “Bu prosesdə fəal iştirak etdiyinə görə sizə minnətdaram” - Azərbaycanın başçısı bildirib. 
İlham Əliyev onu da bildirib ki, Azərbaycan və Rusiya prezidentlərinin mütəmadi görüşləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş ikitərəfli münasibətlərin inkişafına yeni impuls verir. “Beynəlxalq təşkilatlarda fəal əməkdaşlıq edirik, siyasi dialoq, iqtisadi əlaqələr möhkəmlənir”, - deyə o əlavə edib. Azərbaycan prezidenti həmçinin qeyd edib ki, yeni format olan Rusiya, Azərbaycan və İran liderlərinin üçtərəfli görüşü regionda ölkələrin iqtisadi əməkdaşlığının inkişafına və təhlükəsizliyin möhkəmlənməsinə xidmət edəcək.
***
Daha sonra prezidentlərin üçtərəfli formatda görüşü başlayıb. 
“Bu gün tarixdə ilk dəfə olaraq üçtərəfli görüş keçirilir. Zirvə görüşündə iştirakına görə İran və Rusiya prezidentlərinə təşəkkür edirəm. Bugünkü görüş yeni əməkdaşlığa təkan verəcək”. APA-nın məlumatına görə, bu barədə prezident İlham Əliyev prezidentlərin üçtərəfli görüşündə deyib. “Ölkələrimizi sıx dostluq münasibətləri bağlayır, ölkələrimiz bir sıra beynəlxalq təşkilatlarda bir-birilərini dəstəkləyirlər. Qonşularımızla dostluq əlaqələri milli maraqlarımıza uyğundur. Hər iki ölkə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir”, deyə prezident Əliyev bildirib.
Dövlət başçısı bildirib ki, Dağlıq Qarabağ münaqişəsində status kvo qəbuledilməzdir: “Uzun illərdir Azərbaycanın ərazi bütövlüyü pozulub, ölkəmizdə 1 milyondan çox qaçqın və köçkün var. BMT-nin 4 qətnaməsində  erməni silahlı qüvvələrinin qeyd-şərtsiz Azərbaycan ərazilərindən çıxarılması əksini tapsa da, bu qətnamələr, əfsuslar olsun ki, yerinə yetirilmir”. İlham Əliyev deyib ki, Azərbaycan, Rusiya və İran arasında üçtərəfli əməkdaşlıq regionda sülhün təmin olunmasına kömək edəcək.
Üçtərəfli sammitin yekununa dair birgə Bakı bəyannaməsi qəbul olunub. “RİA Novosti”nin məlumatına görə, Bakı bəyannaməsində deyilir ki, Azərbaycan, Rusiya və İran nəqliyyat infrastrukturunun, o cümlədən “Şimal-Cənub” dəhlizinin inkişafı üçün tədbirlər görəcək. “Tərəflər iqtisadi cəhətdən sərfəli və ətraf mühit üçün ekoloji cəhətdən təhlükəsiz olan nəqliyyat infrastrukturunun yaradılmasına yönələn regional nəqliyyat və rabitə imkanlarının inteqrasiyası üçün səylərini dəstəkləmək niyyətindədir. Tərəflər ”Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi boyunca sərnişin və malların daşınması imkanlarını yaxşılaşdırmaq məqsədilə nəqliyyat-rabitə infrastrukturunun inkişafı üçün effektli addımlar atmaq niyyətindədir", - deyə sənəddə vurğulanır.
Bəyannamədə həmçinin qeyd olunur ki, rəsmi Bakı, Moskva və Tehran “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin effektivliyini artırılması çərçivəsində dəmir yollarının birləşdirilməsi ilə bağlı yeni layihələr reallaşdırmaq niyyətindədir. Bundan əlavə, Tehran, Bakı və Moskva terrorizm və narkotrafikə qarşı mübarizədə beynəlxalq birliyə əməkdaşlıq təklifi edir. “Tərəflər narkotik ticarətinə, terrorizmə, ekstremizmə, qanunsuz silah ticarətinə, insan alverinə və kibercinayətə qarşı mübarizə aparmağa qərarlıdır”, - deyə bəyannamədə daha sonra deyilir. 
Bundan başqa, “tərəflər terrorizmi onun bütün formalarında pisləyir və effektiv əməkdaşlıq üçün ikitərəfli və üçtərəfli  fikir mübadiləsinə çağırış edir. Regionda həll olunmamış münaqişələr əməkdaşlığa mane olur. Buna görə həmin münaqişələrin beynəlxalq normalar və prinsiplər əsasında qısa müddətə nizamlanması vacib bilinir”.
Bəyannaməyə görə, tərəflər viza rejiminin sadələşdirilməsi, biznes, turizm və mədəniyyət sahəsində intensiv əməkdaşlıq etmək barədə razılıq əldə edir. 
 
Azərbaycan, Rusiya və İran prezidentlərinin növbəti üçtərəfli görüşünün İranda keçirilməsi qərara alınıb.

 






Fikirlər