Qəddafini satan MOSSAD-ın “mələyi”: Prezidentin kürəkəni necə agent oldu? – SİRLİ TARİX

Əşrəf Marvan XX əsrin ən böyük casuslarından biri hesab edilir. O, Misir elitasının nümayəndəsi və Misirin keçmiş prezidenti Camal Əbdül Nasirin kürəkəni olaraq dövlət sirlərinə girişə malik idi. Və eyni zamanda, daha sonra məlum oldu ki, Əşrəf Marvan ölkəsi ilə daim müharibə vəziyyətində olan İsrail kəşfiyyatına işləyirdi.

Publika.az xəbər verir ki, bu haqda “Slon.ru” saytında Mixail Tişenko yazıb.

Marvan 1973-cü ilin oktyabrında “Qiyamət Günü Müharibəsi” haqqında İsraili xəbərdar edib. Lakin İsrail bu informasiyaya lazımı əhəmiyyət verməyib. Çünki İsrail hərbi kəşfiyyatı onun ikiqat agent hesab edirdi. O, həmçinin İsrailə qarşı terror aktının qarşısını almağa kömək edib. İçində bir neçə yüz sərnişinin olduğu İsrail təyyarəsinin partladılması planının arxasında Liviya lideri Müəmmər Qəddafinin olduğu iddia olunurdu.

Yaxın vaxtlarda agentə həsr edilən kitab çıxıb: “Mələk: Misir casusu, İsrailin xilaskarı”. Kitabın müəllifi Hayfa Universitetininpolitologiya üzrə professoru Uri Bar-Yusifdir.

Qəddafinin qisası

Hadisə 1973-cü ilin fevralında baş verib. Həmin vaxt Sinay yarımadasının üzərində Liviyanın sərnişin layneri vurulur. Pis hava şəraiti ilə əlaqədar marşrutdan çıxan təyyarə İsrail tərəfindən nəzarət edilən əraziyə keçir. İsrail qırıcıları terrorçular tərəfindən idarə oluna biləcəyini güman edərək təyyarəni atəşə tuturlar. Demək olar ki, bütün sərnişinlər və ekipaj üzvləri həlak olur. İsrail daha sonra ölənlərin ailələrinə kompensasiya ödəyir.

Qəddafi qisas alacağına söz verir. O, variantları müzakirə etmək üçün müttəfiqi olan Misir prezidenti Ənvər Sadata zəng vurur. Ancaq Qəddafi həmkarından dəstək ala bilmir. Misir o zaman 1967-ci ildə baş verən “altıgünlük müharibə”dəki biabırçı məğlubiyyətin əvəzini çıxmaq üçün hücuma hazırlaşırdı və vaxtından əvvəl hücum bu planlara mane ola bilərdi.

Liviya isə qisas üçün çalışırdı. Qəddafi Misir sualtı gəmisinin kapitanını çağıraraq (Misirlə müqaviləyə əsasən Liviyada yerləşirdi) İsrailin müstəqilliyi günü münasibəti ilə keçiriləcək təntənəli tədbirlərə gedən sərnişinlərin olduğu gəmini batırmağı əmr edir. Ancaq Qahirə bu plandan xəbər tutur və sualtı gəmini geri çağırır.

Qəddafi təslim olmurdu. O, daha bir plan barədə fikirləşir: İsrailin sərnişin təyyarəsini partlatmaq. Sədat sonda kömək etməyə razılaşır. Misir hakimiyyəti bunun üçün hazırlığa başlayır. Məkan olaraq Roma aeroportunu seçirlər. Hədəf İsrailin “El Al” aviaşirkətinin layneri, istifadə ediləcək silah isə SSRİ-dən alınan “Strela-2” zenit-raket kompleksi idi.

Terror aktının icrası “Qara sentyabr” adlı fələstin qrupunun ekstremist üzvlərinə tapşırılır. Qruplaşma bir il əvvəl Münhen Olimpiya Oyunlarında terror aktı təşkil etmişdi. Ancaq İsrail təyyarəsinə ediləcək hücum barədə İsrail kəşfiyyatı MOSSAD qabaqcadan xəbər tutur. MOSSAD-a informasiyanı Əşrəf Marvan vermişdi.

Prezidentin kürəkəni

Əşrəf Marvan Qahirədə doğulub. Onun atası general idi, babası məhkəmə sistemində yüksək vəzifə tuturdu. Camal Əbdül Nasirinqızı ilə tanış olanƏşrəf Marvan onunla evlənir. Amma prezident ona çox da etibar etmirdi. Marvan prezident administrasiyasında işə götürülür. Ancaq qayınatasının ona etibarsızlığı davam edirdi. Məmur iyerarxiyasında kürəkənin mövqeyi çox da yüksək deyildi.

O, niyə casus oldu? Motivlərdən biri pul ola bilərdi. Uri Bar-Yusfin qiymətləndirməsinə görə, Marvan toplam olaraq 1 milyon dollardan çox pulu başqa mümkün səbəblərə görə də ala bilərdi: ambisiya, qayınatadan inciklik və riskə meyllilik.

Marvan birinci dəfə MOSSAD-la 1970-ci ilin yayında, Londonda təhsil alarkən əlaqə saxlamağa çalışır. Telefon köşklərindən birinə girən Marvan məlumat kitabçasında İsrail səfirliyinin nömrəsini taparaq zəng vurur. Öz adını deyən Marvan kəşfiyyatdan biri ilə danışmaq istədiyini bildirir.

Marvanı hərbi attaşe ilə birləşdirirlər. Ondan bəzi məlumatları alırlar, lakin bu məlumatlar kəşfiyyata çatdırılmır. Marvan bir neçə ay sonra yenidən səfirliyə zəng vurur.

MOSSAD-ın agenti

O, təsadüf nəticəsində MOSSAD-ın agenti olur. 1970-ci ilin dekabrında kəşfiyyatın iki əməkdaşı Londonda öyrənir ki, səfirliyə hansısa inadkar “ərəb” zəng edir. Onunla dərhal əlaqə saxlayır (Marvan öz tefefon mömrəsini səfirliyə vermişdi) və görüş haqqında razılaşırlar.

Marvan görüşə sənədlərin olduğu diplomatı, həmçinin Misir ordusunun döyüş heyəti və yerləşdiyi yerlər haqqında məxfi informasiyaları gətirir. İsraillilər buna təəcüblənirlər. Onlardan birinin sözlərinə görə, belə mənbədən belə məlumatlar min ildə bir dəfə olur.

Marvan həmçinin onlara bir sənədin olduğu möhürlənmiş zərfi verir. Onun içində nə olduğu indiyə qədər məlum deyil. İsraildə ehtiyat edirdilər ki, Marvan ikiqat agent ola bilər. Amma bununla belə onunla işləməyə qərar verirlər. Marvan “Mələk” kod adı alır.

Müəyyən zaman içində agentin dəyəri artır. O, Nasirin ölümündən sonra yeni prezident Ənvər Sadatın məsləhətçisi olur. O, Misirin Liviya və Səudiyyə Ərəbistanı ilə əlaqələrinə nəzarət edirdi. Marvan 1974-cü ildə xarici əlaqələr üzrə prezidentin katibi təyin edilir. Bundan başqa, Marvan hərbi dairələrdə yaxşı əlaqələrə malik idi.

Qarşısı alınan terror aktı

İsrail təyyarəsinə qarşı terror aktı 1973-cü ilin yayına planlaşdırılmışdı. “Qara sentyabr”ın üzvləri Romaya avqustun sonunda gəlirlər, sentyabrın əvvəlində isə iki “Strela-2” kompleksi gətirilir. Marvan yükün çatdırılmasına nəzarət edirdi, silahı onun arvadının adından diplomatik yük adı altında gətirirlər. Yük guya yerli incəsənət akademiyası üçün nəzərdə tutulurdu.

Fələstinliləri isə artıq İsrail kəşfiyyatı izləyirdi. Bütün terrorçular həbs ediir. Mətbuatda informasiya sızdırıldı ki, İsrail kəşfiyyatı terror aktı haqqında italiyalıları xəbərdar edib. “Strela-2” komplekslərindən biri İsrail tərəfinə verilir.

İfşa və ölüm

MOSSAD-la Marvanın əlaqələri o, dövlət postunu tərk edəndən sonra ortaya çıxdı. Marvan Londona getdi və uğurlu biznesmen oldu. Onun agent olması İsraildə gedən müzakirələr zamanı üzə çıxdı. Müzakirələr isə onunla bağlı idi ki, İsrail “Qiyamət Günü Müharibəsi”nə niyə lazımı şəkildə hazır deyildi. Müharibədən sonra araşdırmalar aparılmış və yüksək vəzifəli ordu səlahiyyətliləri istefa vermişdilər.

Marvanın adı bir neçə kitabda çıxır. Onlardan biri hərbi kəşfiyyatın keçmiş rəhbəri Eli Zeyrinin kitabı idi. O, 1973-cü il müharibəsindən sonra öz postundan məhrum olur. Eli Zeyri iddia edirdi ki, Marvan sürətli müharibənin başlanması haqqında iki dəfə səhvən xəbərdarlıq edib və buna görə də üçüncü xəbərdarlıqda (müdaxilədən bir gün əvvəl) ona inanmayıblar.

Zeyrinin etirafı faktiki olaraq agenti ifşa edir. MOSSAD-ın keçmiş rəhbəri Svi Zamira həmkarını milli təhlükəsizliyi zərbə vurmaqda ittiham edir.

Bundan bir neçə həftə sonra keçmiş agent Londonda öz evinin eyvanından düşərək həlak olur. Çoxları onun öldürüldüyünü bildirdilər. Şahidlərdən biri neçəsi naməlum şəxsləri Marvanın eyvanında gördüklərini söylədilər. Amma onun güman edilən qatillərini tapmadılar. Versiyalardan birinə görə, qətlin arxasında Misir xüsusi xidmət orqanları dayanırdı.

Ancaq Marvana qarşı vətəndə rəsmi ittihamlar irəli sürülmədi. Misirdə onun dəfninə elitanın nümayəndələri gəldilər. Misirin gələcək prezidenti Hüsni Mübarək isə onu “vətənpərvər” adlandırdı.






Fikirlər