Ulyukayev noyabrda Bakıya niyə gəlmədi? ; Tatar əslli iqtisadi inkişaf naziri Aliksey Ulyukayevin öz kabinetində qandallanmasının sirri; noyabrın 1-də Bakıda keçirilən VII Azərbaycan-Rusiya regional forumunda iştirak edəcək hökumət üzvləri arasında Ulyukayevin olmamasının səbəbi nə olub?
Noyabrın 14-də Rusiyanın iqtisadi inkişaf naziri Aliksey Ulyukayev 2 milyon dollar nağd rüşvət (bəzi mənbələr pulun bank hesabına köçürüldüyünü, nağd olmadığını iddia edir) alarkən həbs olunub. Nazir “Başneft” şirkətinin səhmlərinin 50%-nin alınmasında yardımçı olması üçün “Rosneft”dən 2 milyon dollar rüşvət aldığı üçün saxlanılıb. İddia olunur ki, rüşvəti nazirin kabinetinə gətirənlər Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları olub.
Life.ru saytının xəbərinə görə, otağında Federal Təhlükəsizlik Xidmətinin əməkdaşlarını görən nazir çaşqınlıqla yüksək rütbəli məmurlara dəfələrlə telefonla zəng edib və “Burada nə baş verir?” deyə soruşub. İlk saniyələrdə ona elə gəlib ki, bu, sadəcə olaraq, kiminsə təşkil etdiyi bir oyundur. Amma ona baş verənlərlə bağlı cavab verən olmayıb.
Məlum olub ki, Federal Təhlükəsizlik Xidməti naziri bir ilə yaxındır izləyirmiş və onun “Rosneft” şirkətindən rüşvət tələb etdiyi barədə məlumat Ulyukayevin telefon danışıqlarının dinlənilməsi, habelə yaxın ətrafının söhbəti sayəsində əldə edilib. Ulyukayev Rusiya tarixinə rüşvətə görə vəzifə başında həbs olunan ilk nazir kimi düşüb.
12-ci mərtəbədəki sorğu
Rusiya KİV-ləri xəbəri alan kimi, Rusiya İstintaq Komitəsinin binasına toplaşıblar. Gecəyarı İstintaq Komitəsi saxlanma barədə ilkin məlumat yayıb. Ulyukayevin sorğu-sualı komitənin 12-ci mərtəbəsində səhər saatlarınadək davam edib. Saat 9 radələrində nazirin xidməti maşını İstintaq Komitəsinin həyətindən çıxıb, amma jurnalistlər Ulyukayevin içəridə olub-olmadığı öyrənə bilməyiblər. Bir neçə saat sonra məlum olub ki, Ulyukayev buraxılmayıb. Komitədən bildirildiyinə görə, əməliyyat çərçivəsində baş vermiş bu hadisə xüsusi xidmət orqanları tərəfindən əvvəlcədən planlaşdırıldığından, “Rosneft”ə qarşı heç bir iddia irəli sürülməyəcək.
Putin bilirmiş...
Kremldən ilk reaksiya Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovdan gəlib. Peskov deyib ki, Ulyukayevə ittihamlar ciddidir və son qərarı məhkəmə verməlidir. Bir neçə saat sonra Peskov dəqiqləşdirib ki, nazirin həbsinə hazırlıq barədə Putin əvvəldən məlumatlı olub. “Prezidentə hər şey məruzə olunub, o, kursda idi. Ona əməliyyat tədbirlərinin başlanılması barədə məlumat verilib” - Peskov deyib. Federal Təhlükəsizlik Xidmətindən verilən açıqlamada təsdiq edilib ki, nazir son bir il ərzində nəzarətdə imiş və keçiriləcək əməliyyat barədə çox az adamın məlumatı varmış.
Kremldə iş vaxtı başlayan kimi isə baş nazir Dmitri Medvedyev nazirin həbsi ilə bağlı məsələni dövlət başçısı ilə müzakirə edib. Medvedyev həbslə bağlı məsələnin ciddi araşdırılacağını deyib. KİV-lər iddia edir ki, Ulyukayevin işi üzrə daha bir neçə yüksək vəzifəli şəxs həbs oluna bilər.
İstefa verəcəkmiş...
Moskva Dövlət Universitetinin məzunu olan 60 yaşlı məmur 2013-cü ildə nazir vəzifəsinə təyin edilib. Ulyukayev Yeltsin hakimiyyəti dövründə Yeqor Qaydarın islahatçılar hökumətində müşavir vəzifəsini tutub. 2000-ci illərin əvvəllərində isə sabiq maliyyə naziri Aleksey Kudrinin müavini olub. Ulyukayev Mərkəzi Bankın İdarə Heyətinin sədr müavinliyindən nazir postuna gətirilib. Nazir büdcə kəsirlərini önləmək üçün onun karyerasını bitirən “Rosnerft” də daxil olmaqla, “VTB Bank”ın, “Başneftin”, “Sockomflot”un, almaz çıxaran “ALORSA”nın özəlləşdirilməsinin qatı tərəfdarı kimi tanınırdı. Maraqlıdır ki, indi rüşvətə görə həbs edilən nazir Rusiya iqtisadiyyatının əsas bəlası kimi korrupsiyanın göstərirdi.
O, Dumadakı çıxışlarında korrupsiyaya qarşı mübarizədə şəffaflığın artırılmasının, məmurların gəlirləri və xərcləri haqda müntəzəm hesabat verməli olduğunun vacibliyini qeyd edirdi. Daha bir diqqətçəkən məqam son aylar onun Dumada daima sərt tənqid olunmasıdır.
Gazeta.ru saytının xəbərində deyilir ki, Ulyukayev sanksiyalar və neftin qiymətinin düşməsi səbəbindən ciddi kəsirlərlə qəbul olunması gözlənilən 2017-ci il dövlət büdcəsinin Dumada qəbulundan sonra istefaya getməyə hazırlaşırmış. Sayt bunun səbəbi kimi Ulyukayevin maliyyə naziri ilə rublun məzənnəsinə və inflyasiya faizinə dair proqnozlar ətrafında fikir ayrılıqlarının olmasını göstərir.
Tatar kökənli nazir
İqtisadiyyat üzrə doktor elmi dərəcəsi almış nazir ata tərəfdən kökəncə tatardır. Onun atası Valentin Xusainoviç Ulyukayev də torpaqşünaslıq üzrə alimdir, kitabları ali məktəblərdə dərslik kimi istifadə olunur. Nazir birinci arvadından boşandıqdan sonra yenidən ailə həyatı qurub. İki oğlu, bir qızı var.
“Rosneft” şirkətinin prezidentindən rüşvət istəmək nə demək?
“Rosneft” dövlət şirkətinin prezidenti İqor Seçin Vladimir Putinin ən yaxın dostlarından biridir. Rusiyanın “boz kardinalı” hesab edilən İqor Seçinin şirkətindən 2 milyon dollar rüşvət istənilməsi həm də Putinə kəsilən “xərac” anlamına gəlir.
Bakıda da izlənibmi?
Ulyukayev bir neçə dəfə Azərbaycanda olub. O, mütəmadi olaraq Azərbaycan-Rusiya regional forumunda əsas iştirakçılardan biri idi. Sonuncu dəfə bu ilin avqustunda Azərbaycanda keçirilən ənənəvi Azərbaycan-Rusiya regional forumunda iştirak edib. FTX məlumat yayıb ki, naziri son bir ildə izləyiblər. Belə anlaşılır ki, naziri elə Bakıda da izləyiblərmiş...
Maraqlıdır ki, noyabrın 1-də Bakıda keçirilən VII Azərbaycan-Rusiya regional forumunda iştirak edəcək hökumət üzvləri arasında A.Ulyukayev olmayıb. Halbuki bir neçə gün əvvəldən nazirin köməkçisi Yelena Laşkina A.Ulyukayevin tədbirdə iştirak edəcəyini demişdi. Amma Ulyukayev nədənsə, ilk dəfə olaraq təşkilatçısı olduğu foruma gəlmədi. Onu Rusiya Prezidenti Administrasiyasının xarici ölkələrlə regionlararası və mədəni əlaqələr idarəsinin rəisi Vladimir Çernov əvəz edirdi.
“Lənətlənmiş” iqtisadi inkişaf naziri postu Azərbaycanda da iki naziri bitirib
Azərbaycanda da iqtisadi inkişaf naziri postu “lənətlənmiş” hesab edilir. Məlumdur ki, 2005-ci il oktyabrın 19-da parlament seçkiləri ərəfəsində iqtisadi inkişaf naziri Fərhad Əliyev öz xidməti kabinetində həbs edildi. Fərhad Əliyev dövlət çevrilişinə cəhd ittihamı ilə həbs edilsə də, sonralar ona dövlət əmlakını mənimsəmə ittihamı irəli sürüldü. 2007-ci il oktyabrın 31-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə çıxarılmış hökmə əsasən, sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev 10 il müddətinə azadlıqdan məhrum edildi. Binədə yerləşən 2 saylı cəzaçəkmə müəssisəsində 8 il məhkumluq həyatı yaşayandan sonra əfv olundu.
2008-ci ildə F.Əliyevin xələfi Heydər Babayev də vəzifəsini itirdi. Prezident İlham Əliyev seçkidən sonra yeni hökumətdə yalnız iqtisadi inkişaf naziri Heydər Babayevi öz postuna təsdiq etmədi.