Keçmiş nazir canlı yayımda Putinlə mübahisəyə girdi: “Sənin də səhvin var...”

Keçmiş nazir canlı yayımda Putinlə mübahisəyə girdi: “Sənin də səhvin var...”Rusiyanın keçmiş maliyyə naziri Aleksey Kudrin canlı yayımda vətəndaşların suallarını cavablandıran prezident Vladimir Putinlə iqtisadi mövzuda mübahisəyə girib.

"AzerTaym.az" Virtualaz.org saytına istinadən xəbər verir ki, hazırda Rusiya prezidenti yanında ekspert cəmiyyətinin üzvü olan, hökumətin tərkibində yer alanda dalbadal iki il dünyanın ən yaxşı maliyyə naziri kimi tanınan Kudrin söz alaraq iqtisadiyyatın vəziyyəti haqda danışıb.

Keçmiş nazir Putinin Rusiya iqtisadiyyatında yaranmış problemlərin pik dövrünün arxada qaldığı, rublun möhkəmləndiyi və iqtisadi artım perspektivlərinin müsbət olduğu haqda fikirlərinə opponentlik edib.

A.Kudrin deyib ki, proqnozlar Rusiya iqtisadiyyatının 2018-ci ilə qədər ildə cəmi 1,7 faiz artacağını, bunun isə dünya iqtisadiyyatının artım tempindən aşağı olduğunu göstərir.

Keçmiş nazirin fikrincə, Rusiya iqtisadiyyatında artımın aşağı tempi ölkənin müdafiə qabiliyyətinə təsir edəcək, texnoloji proqramlara investisiya qoyuluşlarını azaldacaq, yeni iş yerlərinin açılmasına imkan verməyəcək və digər fəsadlara səbəb olacaq. Kudrin prezidentdən iqtisadi artım tempinin yavaşımasına qarşı hansı addımlar atılmasının planlaşdırıldığını soruşub.

Prezident Putin isə əvvəlcə Kudrinə xüsusi hörmətinin olduğunu, onunla xeyli müddət bir yerdə işlədiklərini, yaxın şəxsi münasibətlərinin indi də qaldığını bildirib.

Bununla belə Putin deyib ki, Rusiya iqtisadiyyatının 2020-ci ilə qədər inkişaf strategiyası Kudrinin iştirakı ilə hazırlanıb, hazırkı iqtisadi siyasət də bu strategiyaya əsaslanır.

“Mən sizin mövqeyinizi bilirəm və fikirlərinizə hörmətlə yanaşıram. Ancaq iqtisadi siyasət sizin iştirakınızla hazırlanmış strategiyaya əsaslanır və belə çıxır ki, iqtisadi artımın istənilən tempdə olmamasında sizin də səhviniz var. Yəqin biz sizinlə birlikdə nəyisə səhv etmişik” -deyə Putin bildirib.

Rusiya prezidenti çıxışını davam etdirərək deyib ki, nəzəriyyədə hər şey sadə görünə bilər, ancaq praktikada, reallıqda iqtisadi inkişafı təmin etmək başqa məsələdir. Putin sosial proqramlarının ixtisar edilməsi, əmək haqlarının artım tempinin yavaşladılması kimi əhalinin narazılığına səbəb olacaq təkliflərin də Kudrinin komandası tərəfindən verildiyini, ancaq bu təkliflərin qəbul ediləcəyi halda ölkədə sosial gərginliyin yaranacağını deyib.

“Belə olan halda biz meydana çıxan problemləri həll etmək üçün büdcədən daha çox pul ayırmalı olardıq”- deyə Putin əlavə edib.

Rusiya prezidenti onu da deyib ki, ölkədə iqtisadi artım tempinin dünya göstəricilərindən geri qaldığı haqda deyilənlərlə də razılaşmır. Çünki ABŞ-da, avrozona ölkələrində vəziyyət daha pisdir.

Putin çıxışını yekunlaşdırandan sonra Kudrin yenidən söz alıb, prezidentin onun ünvanına səsləndirdiyi iradlara cavab verib. Bildirib ki, hökumətin sosial proqramları ixtisar etməsinə dair təklifin müəllif o deyil.

“Mən sadəcə olaraq sosial yardımın ünvanlı olmasını təklif etmişəm. Yəni daha çox ehtiyacı olanlara daha çox yardım edilməli, ehtiyacı az olanlara sosial ödəmələr azalmalıdır”- deyə Kudrin bildirib.

Keçmiş nazir əmək haqlarının artırılmasının dayandırılmasını da təklif etmədiyini, sadəcə olaraq total əmək haqqı artımlarının iqtisadiyyata əlavə problemlər gətirdiyini düşündüyünü deyib.

Həmçinin Kudrin deyib ki, onun təklif etdiyi 2020-ci ilə qədər inkişaf strategiyasını nə hökumət, nə Putin özü qəbul etmədi.

Putin keçmiş nazirə cavab olaraq deyib ki, bu proqram rədd edilməyib, mövcud iqtisadi siyasət həmin proqrama əsaslanır. Rusiya prezidenti Kudrinin ünvanlı sosial yardımlar haqda təklifini tam dəstəklədiyini, hökumətə bu barədə göstəriş verildiyini də deyib. Putin bir daha vurğulayıb ki, nəzəri proqnozlar vermək və təkliflər irəli sürməklə reallıq arasında fərqlər həmişə var.






Fikirlər