Namiq Abbasovdan MTN-nin qardaşına işgəncə verməsi xəbərinə REAKSİYA: "Tramvaya minəndə..."
Keçmiş milli təhlükəsizlik naziri Namiq Abbasovun qardaşı Rafael Abbasovun ləğv edilmiş MTN-in keçmiş rəhbərliyinin formalaşdırdığı mütəşəkkil cinayətkar qruplaşma tərəfindən oğurlanması və aylarla məruz qaldığı işgəncə nəticəsində ölməsi xəbəri yayılıb. Bu sensasiyalı məlumatı hazırda Avropada mühacirətdə olan keçmiş MTN zabiti Ramin Nağıyev contact.az-a müsahibəsində deyib. 1995-2004-cü illərdə Azərbaycanın milli təhlükəsizlik naziri olmuş Namiq Abbasov Modern.az-a açıqlamasında qardaşı barədə yayılan xəbərlərə aydınlıq gətirib. “Qardaşım Rafael Abbasovun Eldar Mahmudovun bandası tərəfindən oğurlanaraq işgəncələrə məruz qalması barədə yayılan xəbərlər cəfəngiyatdır. O vaxtlar “Montin” tərəflərdə bir evimiz vardı. Orada yaşayırdıq. Qardaşım Rafael Abbasov bir dəfə ya tranmaya minəndə, ya da düşəndə -dəqiq yadımda deyil - ayağından zədə almışdı. Həmin vaxt həkimə də aparmışdıq. Bu hadisədən sonra Rafael Abbasov düz 11 il yaşayıb. 2005-ci ildə 51 yaşında vəfat edib. Vəfat edəndə də elə ciddi xəstəliyi olmayıb”. Namiq Abbasov, keçmiş MTN zabiti Ramin Nağıyevlə tanışlıq məsələsinə də toxunub. “Ramin Nağıyev də o zamankı MTN-də olan çoxsaylı əməkdaşlardan biri olub. Onu da tanımışam. Amma bu cür həqiqəti əks etdirməyən informasiyaların hansı səbəbə görə yayılması çox maraqlıdır. Həmçinin, qardaşımın tikinti biznesi ilə məşğul olması, “Qanlıgöl”ün ətrafında çoxsaylı binalar inşa etməsi də yalandır. Ola bilsin ki, bu cür xəbərlərin ildırım sürətilə mətbuatda yayılması bir təxribatdır” Qeyd edək ki, Ramin Nağıyev müsahibəsində bunları deyib. “Oğurlananlardan 20-yə yaxınının adları o dövrün mətbuatında dərc edilib. Onların arasında keçmiş milli təhlükəsizlik naziri Namiq Abbasovun qardaşı Rafael Abbasov da var idi. Lakin bu barədə indiyədək heç kim danışmayıb. Oğurlanandan sonra 6 ay ərzində Rafaeli zirzəmidə saxlayıb işgəncə veriblər. Nəticədə onun ayağında qanqrena yaranıb. Azad olunandan sonra göstərilən tibbi müdaxiləyə və aşağı ətraflarının kəsilməsinə baxmayaraq Rafael Abbasov bir müddət sonra vəfat etdi". Keçmiş MTN zabiti deyir ki, oğurlananların bir qismi indiyədək qorxularından başlarına gələnləri danışmağa cəsarət etmir. O cümlədən bir vaxtların qüdrətli milli təhlükəsizlik naziri Namiq Abbasov da qorxusundan susur.