SƏHİYYƏ ƏLAÇISI... – Mərkəzi Neftçilər Xəstəxanasının 60 İLLİYİnə! - ÖZƏL
Azərbaycanın ən köklü və aparıcı tibb ocaqlarından biri olan Mərkəzi Neftçilər Xəstəxanasının fəaliyyətə başlamasının 60 ili tamam oldu. 1956-cı ildə Neft kəşfiyyatçılarının birləşmiş xəstəxanası kimi yaradılan və çox tezliklə bütövlükdə Azərbaycan neft sənayesi işçilərinin sağlamlığının qorunması sahəsində başlıca mərkəzə çevrilən bu xəstəxana bir necə il sonra keyfiyyətli tibbi xidmət göstərilməsinə imkan verən bütün zəruri avadanlıqla təmin edilmişdi. Hazırda isə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Mərkəzi Neftçilər Xəstəxanası (MNX) adlanan bu şəfa ocağı kifayət qədər inkişaf edərək, Avropanın istənilən müasir klinikası ilə rəqabət aparacaq bir səviyyəyə yüksəlib. Mübahisəsiz demək olar ki, bu gün xəstəxana istər müalicə-diaqnostika avadanlığı ilə təminat, istərsə də tibbi kadrların hazırlıq səviyyəsi və peşəkarlığı baxımından ən müasir klinikalardan biridir. Xüsusilə qeyd etmək lazımdır ki, xəstəxananın elmi potensialı ildən-ilə yüksəlir, ən son texnologiyaları tətbiq edən, daxildə, xaricdə təhsil alan və bununla kifayətlənmiyən yüksək ixtisaslı mütəxəssislər işinin öhdəsindən peşəkarcasına gəlməklə, xəstəxananı ən yaxşı tibbi mərkəzlərdən birinə çeviriblər. Hazırda xəstəxanada çoxsayda tibb elmləri doktoru və tibb elmləri namizədi fəaliyyət göstərir. Bundan başqa, son illər Türkiyə Cümhuriyyətində uzmanlıq təhsili almış xeyli azərbaycanlı mütəxəssis bu xəstəxanaya dəvət olunaraq işlə təmin edilib. Mərkəzi Neftçilər Xəstəxanasını ölkəmizdəki digər klinikalardan fərqləndirən əsas keyfiyyət onun tibbi yeniliklərə açıq olması, günbəgün inkişaf etməsi, müsbət dəyişikliklərin bu xəstəxananın fəaliyyətində ardıcıllıq və davamlılıq qazanmasıdır. Əsas məqsədi xəstəxananın və tibbi personalın imkanlarından geniş istifadə edərək müraciət edən insanlara ən yüksək səviyyədə tibbi xidmət göstərmək və xəstəxana nəzdində illərlə yaranmış, formalaşmış tibb məktəbini inkişaf etdirmək olan MNX, “Bizim məqsədimiz Sizin sağlamlığınızın qayğısına qalmaqdır!” devizini özünün əsas fəlaiyyət hədəfinə çevirmişdir. Əminliklə demək olar ki, bu deviz yalnız sözlərdən ibarət deyil, eyni zamanda İŞDİR, ƏMƏLDİR! Elə ona görədir ki, xəstəxana Türk Standartları İnstitutu tərəfindən bütün dünyada qəbul edilən “TS EN ISO 9001:2008” beynəlxalq keyfiyyət idarəetmə sistemi standartı üzrə sertifikat ilə təltif olunub. 60 illik fəaliyyətinin sonunda bu gün Azərbaycanın sözün həqiqi mənasında SƏHİYYƏ ƏLAÇISI adlandıra biləcəyimiz xəstəxan indi minlərlə insanın sağlamlığına qovuşmaq üçün ümid yeri, pənahıdır. Baş həkim Leyla Seyidbəylinin rəhbərliyi altında hazırda ölkə səhiyyəsinin ən önəmli parçalarından birinə çevrilən MNX-nin bundan sonra da uzun illər ərzində Azərbaycan xalqına layiqincə xidmət göstərəcəyinə şübhə etməyə nə əsasımız,nə də haqqımız var! Yeri gəlmişkən, onu da vurğulamaq yerinə düşər ki, Azərbaycan tibb elminin yetişdirdiyi ən görkəmli simalardan biri olan Leyla xanım öz fəaliyyəti ilə sübut etdi ki, o, yalnız bacarıqlı, peşəkar, təcrübəli loğman deyil, həm də yüksək professionalllığa malik idarəçi-MENECERdir! Məhz onun yorulmaz fəaliyyətinin nəticəsidir ki, bu gün biz MNX haqqında müasir dünya standartlarına uyğun tibb müəssisəki kimi bəhs edirik. Sonda əlamətdar tarix münasibəti ilə həm MNX kollektivini, həm də şəxsən Leyla Seyidbəylini ürəkdən təbrik edir, daha böyük uğurlar, daha fərəhli illər arzulayırıq. Nə yaxşı ki, varsınız! Azər Abdul.