Rus səfirini qətlə yetirmiş qatil hansı psitexnologiyalar nəticəsində zombiyə çevrildi?
Nüvə silahına malik ölkələrə qarşı indi “isti” müharibə aparmaq mümkün deyil. Adətən bu cür ölkələrə qarşı isti müharibə deyil, soyuq müharibələr aparılır. Amma “Soyuq müharibə” kodu indi köhnəlib, qalıb ötən əsrin gizli-açıq arxivlərində. İndi bu cür müharibələrə “hibrid müharibələr” deyilir, biləsiz.
Qanlı-odlu müharibələr “bu cür hibrid savaşlar”ın həmişə “mülayim” müqəddiməsi ilə başlayır. Sabiq QRU agenti, vətənini İngiltərəyə dəyişmiş Viktor Suvorov “Akvarium” kitabında oxşar müharibələri təxminən belə təsvir edib: “Müharibələr, əvvəl özünün məxfi, bir növ açıq çəhrayı rəng dövrünü yaşayır, sonra axıra yaxın tündləşərək rəngini qırmızıya çevirir. Yəni əvvəlcə boru kəmərləri partladılır, dənizlərdə üzən estakadalar aşır, ölkədə kütləvi zəhərlənmə faktları, yanğınlar-filan, sabotaj aktları baş verib, kütləvi psixozla nəticələnir ən axırda”. Suvorov burda, necə deyərlər, “oxu atıb, yayını gizləyib”. Prosesin pik nöqtəsində baş verən labüd bir terror aktını öz siyahısına salmayıb deyə, indi biz bunu Suvorovun əvəzinə etməyə məcburuq. Proses öz pik nöqtəsinə bilirsiniz nə vaxt yüksələrək idarəolunmaz hal alır? Qəfildən, naməlum bir əlin iştirakı ilə hardasa bir terror aktı baş verib, mass-medianı çalxalayanda, həəə, proses idarəolunmaz bir hal alır.
Deyəsən, Suvorovun həmin siyahısı bugünkü Rusiya gerçəklikləri fonunda özünün tam təsdiqini tapıb indi. İrkutskdə kütləvi zəhərlənmə nəticəsində ölənlərin sayı 50-ni ötüb. Hərbi qarnizonların birində baş verən helikopter qəzası qurbansız ötüşməyib - 30-dək əsgəri o dünyaya sürükləyib öz ardınca. Qoşa qətl nəticəsində iki fərqli ünvanda - Moskvayla Ankarada iki diplomat həyatını itirib.
Ankarada Rusiya səfiri Andrey Karlovun qətli, sözsüz, bu uzun siyahıda ilk yerlərdən birini tutmalıdır, məncə.
Deməzdim ki, müvafiq Rusiya qurumları cari siyasi hadisələrin bu cür axarına əvvəlcədən hazır olmayıblar. Hələ 2013-cü ildə Rusiya Baş Ordu Qərargahı, adına “Gerasimov doktrinası” (ingiliscə “Gerasimov Doctrine”) deyilən bir layihə qəbul edərək, ən azı öz nəhəng zabit korpusundan, müasir hibrid müharibələrə qarşı səfərbər olmağı tələb edib. “Gerasimov Doctrine”nin mətbuatdakı mətninə aldanmayın. Sənədin tam, məxfi mətniylə tanış olsaz, görəcəksiz ki, Rusiya Ordu Kəşfiyyatı bu cür qurama müharibələrə qarşı çoxdan yüz faiz hazırlıq vəziyyətinə gətirilib. Ankarada öldürülən səfirin qanı da, görünür, yerdə çox qalmayacaq.
“Gerasimov Doctrine” sənədində ən maraqlı maddə, Qərb kəşfiyyatının öz rəqiblərinə qarşı xüsusi, zombiləşdirilmiş agentlərdən istifadə faktı, bu cür agentlərin necə neytrallaşdırılıb aşkarlanması texnologiyalarıdır. Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovu öldürən çevik qüvvət polisi Mövlud Mərd Altıntaşla bağlı bəzi detallarla tanış olmaq kifayət edir ki, oxşar ittihamı ona ünvanlayasan. “Altındaş bu cür hazırlıq mərhələsini, məşqlərini harda, dünyanın hansı ünvanında keçib” sualına cavab verməzdən öncə, gəlin, arxivlərə müraciət edək. Görək oxşar qatillər barəsində dünya mətbuatına nələr, hansı sirlər məlumdur.
Yaddaşımda ilişib qalmış belə məxfi sənədlərin biri ilə zamanında dövrü mətbuatda tanış olmuşam. “Gerasimov Doctrine”da, məncə, bu cür sənədlərin daha mükəmməl, tam mətnləri mövcuddur. Məxfi killerlərin Amerikada hazırlıq prosesi bu cür sənədlərdə öz müəyyən, zəif əksini tapıb.
Buyurun, belə sənədlərin biri ilə indi tanış olun:
“Amerika Mərkəzi Kəşfiyyat İdarəsi. Tam məxfi. Sənəd 190691-dan çıxarış.
Mövzu-hipnoz. Tədqiqatlar və təcrübələr. 10 fevral 1954-cü il.
Çərşənbə günü hipnozla bağlı tədqiqatlar, Kolaradonun Maunt-Messiv qoruğundakı 13-cü korpusda davam etdirildi.
1. Ötən günün hipnoz seansında işlədilən üsullar (barmaq işarəsi ilə ötürülən “yat!” əmri) bu dəfə də uğurla nəticələndi. Miss Jeksonla miss Pirsi yuxulatmaq üçün əlavə hərəkətlərə ehtiyac qalmadı. Miss Pirsə əmr edildi ki, miss Jeksonu oyatmaq naminə hər cür üsuldan istifadə etsin. Görəndə miss Jekson oyanmır, tapançanı götürüb ona atəş açsın. Hipnoz nəticəsində o, özünü tanımasa da, bərk əsəbi idi. Miss Jekson oyanmasa, onu güllələməyə belə hazırdı.
2. Miss Pirs, gülləsiz tapancanı götürüb miss Jeksona atəş açmaq əmrini yerinə yetirən kimi dərin yuxuya, amneziyaya məruz qaldı. Oyandıqları vaxt ikisi də bütün bunları xatırlamaq qüdrətində belə deyildilər".
***
Oxşar zombiləşdirilmiş killerlər barədə Amerika dövrü mətbuatda az yazılmayıb. Mövzu öz start nöqtəsini jurnalist Donald Beynin “Kendi Jons üzərində kontrol” bestellərindən başlayıb, Qərb mətbuatında indiyəcən davam etməkdədir. Çoxsaylı təfərrüatla zəngin bu kitabda zombiləşdirilmiş Kendi Cons adlı bir qadın killerin acı taleyi əks olunub. Müxtəlif dərmanlar, hipnoz seansları, norkotiklər vasitəsilə bu qadında iki əlavə paralel insan mövcud imiş.
Kendi onu zombiləşdirmiş “Jensen” kod isimli hipnozçunu çox çətinliklə xatırlayıb axır öz həqiqi sifətinə qayıdır. Verdiyi ifadələrdə o göstərirdi ki, daxilində iki fərqli zombi var - birinin adı Arlin Hrantdı, digərinin Jessika Uilkoks. Bir müddət məxfi ünvanlarda təxribatçı kimi proqramlaşdırılan Kendiyə orda sabotaj aktları törətmək, zəhərdən istifadə etmək, müxtəlif silahlardan sərrast atəş açmaq üsulları mükəmməl şəkildə öyrədilir. Sonra bu zombi xanım çıxır dünya səyahətinə - Tayvan adasına yollanıb, orda öz növbəti tapşırığını uğurla həyata keçirir.
Kendinin qorxunc həyatı qələmə alınarkən üzə bir çox başqa, daha dəhşətli faktlar, detallar çıxır. Bəlli olur ki, müəmmalı doktor “Jensen” təkcə Kendiylə kifayətlənməyib öz tədqiqatlarında. Habelə Sirxan Beşfar Sirxanı - ABŞ prezidentliyinə namizəd Robert Kennedinin qatilini də eyni üsullarla zombiləşdirib 1968-ci ildə. Uzaq məsafədən göndərilən “vur!” əmri anında öz müsbət təsirini göstərərək ikinci Kennedini də özü ilə məzara sürükləyib.
Digər oxşar nümunə məşhur müğənni Jon Lennonun qatili Mark Çepmena aiddi. Jurnalist F.Bresler “Jon Lenonun qətli” əsərində göstərir ki, bu Çepmen, MKİ-nin nəzarəti altındakı “MK-ultra” “Monarx” psitexnologiyaları süzgəcindən keçirildikdən sonra dönüb əsl zombiyə. 8 dekabr 1980-ci ildə aldığı məxfi işarənin təsiri ilə Lenonu qətlə yetirib.
***
Rusiya səfiri Andrey Karlovun qatili Altındaş, hardasa Mehmed Ali Aqcanı xatırladır, hardasa bir başqa ölüm qəssabını - Filippin prezidenti Markosu öldürməyə göndərilmiş xüsusi agent Luis Anjelo Kastilonu.
Kriminalistlərin bu qatil barədə yekun rəyi eynidir - Kostilonun daxilində dörd fərqli insan, daha doğrusu zombi mövcuddur. Bu dörd fərqli şəxsiyyətin hər birinin ayrıca gizli adı, qan təzyiqi, ürək döyüntüsü, nəbzi, nəfəs alma tempi varmış. “Zombi-1" vəziyyətinə düşərkən o, özünü üstündəki pasport göstəricilərindəki kimi Antonio Reys Eloriaqa adlandırıb istintaqa ifadə verməyə tam hazırdı. Ancaq ”Zombi-2" vəziyyətində o, istintaqla əməkdaşlıq etməkdən imtina edərək sükuta qapılırdı. “Zombi-3" halında o, iflasa uğramış agent kimi intihar etmək isəyir, ”Zombi-4" vəziyyətində özünə qayıdıb Nyu-York sakini 29 yaşlı Manuel Anjelo Ramires olurdu. Xatırlayırdı ki, MKİ-nin xüsusi qapalı düşərgələrində nə cür, nə vaxt təxribatçı sənətinə mükəmməl yiyələnib.
Dediklərimiz sizə çox da fantastik görünməsin. Axtarış zamanı Kastiloda 12 hərifdən ibarət xüsusi şifroqramm aşkarlandığını görən həkimlər bu kodu sındırmaq qərarına gəlirlər. Şifroqramı müxtəlif ahənglərdə, kombinasiyalarda yuxulu Kastiloyanun qulağına pıçıldamağa başlarkən gördüklərinə əvvəlcə heç özləri də inanmırlar. Sonra tədricən özlərinə gəlib Kostilonun daxilində dörd fərqli insanın dörd fərqli siqnala reaksiya verdiyini imzaladıqları sənədlə təsdiqləyirlər.
***
Killerin daxilində iki fərqli insan bir başqa cür də yaradılır. Pasientin gözlərinə xüsusi gözlük taxılır. Eynəyin sağ gözündə killerə bir film nümayiş etdirilir, solunda bir başqa kinolent. Sarsıntı nəticəsində, killer əvvəlcə diksinib dartınır, sonra rahatca yuxuya gedir. Beynin sağ yarımkürəsinə bu vaxt fürsətdən istifadə edilərək bir proqram yazılır, sol yarımkürəsinə bir başqa yad proqram.
Heyf, Altındaş atışma zamanı həlak oldu. Müstəntiqlərin yerinə olsaydım, onun üstünü, yaşadığı mənzili bittə-bittə arardım. Hədəfimdəki bircə sənəddi - killerin məxfi parol siqnalları. Onu tapdıqsa, vəssalam, bizə çox gizlinlər açılacaqdı bu qaranlıq, zülmət dolu cinayətdə.
***
O cür məxfi siqnallardan biri elə bil prezident Putinə də göndərilib. Mətbuat israr edir ki, Ankaradakı məlum qətl zamanı Putin Moskva teatrlarından birində diplomat-dramaturq Qriboyedovun növbəti dram əsərini izləyirmiş. Bu qəribə təsadüfü “Financial Times”ın Moskvadakı müxbiri Maks Seddon ortaya çıxarıb. M.Seddonun bu barədə sosial şəbəkədəki tviti yüzlərlə insan tərəfindən paylaşılıb. Bəzi istifadəçilər bu xəbərin altına “Ankaradakı sui-qəsd Putinə və ya İrana göndərilən mesajdır?” şərhini yazıblar.
Xatırladaq ki, 20 dekabrda, Moskvada Suriyanın taleyi ilə bağlı Türkiyə-Rusiya-İran xarici işlər nazirlərinin mühüm görüşü olacaq.
Budəfəki növbəti Qriboyedov, görünür, mərhum səfir Andrey Karlov idi.