YAP-çı deputat: “16 ildir deputatam, normal avtomobil almağa imkanım YOXDUR”
“Dünyada neftin ucuzlaşması ilə başlayan maliyyə böhranı təkcə sıravi əhaliyə deyil, hər kəsə təsir göstərir. Böhrana görə şəxsən mən və övladlarım qənaət rejiminə keçmişik”. Bu fikirləri Publika.az-a Milli Məclisin Yeni Azərbaycan Partiyasından (YAP) seçilən deputatı Tahir Rzayev bildirib. O, deputat olmasına baxmayaraq, sosial problemlərinin olduğunu söyləyib: “Hər bir insanın çətinliyi olduğu kimi, Milli Məclisin deputatı olaraq, mənim də üzləşdiyim çətinliklər var. Misal üçün, mən 16 ildir ki, deputatam, ancaq normal avtomobil almağa və sürücü saxlamağa imkanım yoxdur. Ucuz avtomobil ala bilərəm, ancaq sürücüyə maaşı haradan verəcəm? Neçə ildir ki, ictimai nəqliyyatdan istifadə edirəm. Mənim bağ evim də yoxdur, neçə ildir ki, ictimai binada yaşayıram. Mənzilim sahəsi də böyük deyil. Bütün bunları almağa indi imkanım yoxdur. Mən deputat seçiləndə də qarşıma məqsəd qoymamışam ki, mütləq bahalı maşınım, villam olsun. Bu gün Milli Məclisdə mənim kimi problemləri olan bir çox deputat var. Kimin imkanı varsa, Allah ruzisini daha da bol etsin. Bütün bunlara görə indi mən hökuməti tənqid etməliyəm? Deməliyəm ki, niyə mənə maşın vermirsiniz? Heç cür tələb edə bilmərəm ki, mənə imarət və ya avtomobil verin! Mən hansı məcburi köçkündən artığam ki, durub belə bir tələb irəli sürüm! Belə çətinliklərə görə durub yerli-yersiz hakimiyyəti nədəsə günahlandırmaq doğru deyil”. Hakim partiyadan deputat seçildiyini vurğulayan T.Rzayev müxalifət liderlərinin ondan qat-qat imkanlı olduğunu bildirib: “Təsəvvür edin ki, İsa Qəmbərin, Əli Kərimlinin bahalı avtomobilləri, evləri, villaları, ofisləri, hətta, cangüdənləri belə var, ancaq mənim yoxumdur, 16 ildir ki, marşrutla gəlib-gedirəm. İndi nə olsun ki, yoxumdur, buna görə dövlətə qarşı çıxmaq olarmı? Əlbəttə ki, xeyr. Biz şükr etməliyik ki, müstəqil və sabit Azərbaycan dövləti var. Bu dəyərləri hər zaman üstün tutmalıyıq”. Deputat həmçinin qeyd edib ki, maliyyə böhranı dünyanın əksər ölkələrində yaşanır: “Azərbaycan da müəyyən çətinliklərlə üzləşib. Ancaq burada faciə yoxdur, böhran müvəqqətidir. Azərbaycan iqtidarının da, xalqının da əsas nailiyyəti odur ki, ölkəmizdə ictimai-siyasi sabitlik var. Beş-on nəfər kimsə ayağa qalxırsa, bu xalq demək deyil. Hakimiyyətə qarşı etiraz edən öyrədilmiş kütlə varsa, bu xalq demək deyil. Azərbaycan xalqı müdrikdir və yaxşını pisdən seçməyi bacarır. Müəyyən qüvvələr Azərbaycan xalqını aldadaraq, uçuruma salmağa çalışır. Ancaq əminəm ki, Azərbaycan xalqı onların sözlərinə uymayacaq. Çünki biz 20-25 il öncə çətinlikləri görüb yaşamışıq. Digər tərəfdən isə müxalifət indiyədək hakimiyyətə qarşı tutarlı nöqsan tapa bilmədiyi üçün indi yaşanan müəyyən çətinliklərdən sui-istifadə edərək hərəkətə başlayıb. Müxalifətdir də, nə deməlidir? Tərifləməli deyil ki! Əgər iki adam qarşı-qarşıya gəlib dalaşırsa, onlar bir-birinə xoş söz deməyəcək. İndi müxalifət də dünyada baş verən böhranın müəyyən təsirlərini özünə fürsət bilib, hakimiyyətə qarşı qərəzli kampaniyalar aparmağa başlayıb. Ancaq tənqid də ədalətli və qərəzsiz olmalıdır. Daha bizim müxalifət kimi hər şeyə qara demək lazım deyil”.