“Şərəfsiz böhtançı yarlığı üzərində qalacaq” - deputatdan Sərdar Cəlaloğluna ağır CAVABLAR

“Şərəfsiz böhtançı yarlığı üzərində qalacaq” - deputatdan Sərdar Cəlaloğluna ağır CAVABLAR

Böyük Quruluş Partiyasının (BQP) sədri, Milli Məclisin deputatı Fazil Mustafa Azərbaycan Demokrat Partiyasının (ADP) sədr Sərdar Cəlaloğlunun onun haqqında səsləndirdiyi ittihamlarına cavab verib.

F.Mustafa Publika.az-a açıqlamasında deyib ki, Azərbaycan siyasətində olanların əksəriyyəti Sərdar Cəlaloğlunun necə cığal və ədəbsiz şəxs olduğunu yaxşı bilir:

“Bu səbəbdən də çox insan çalışır ki, ona baş qoşmasın, yanından ötüb keçsin. Sadəcə olaraq, mən cəmiyyətimizin bilgilənməsi naminə Sərdar Cəlaloğluna bilərəkdən baş qoşdum və onun İranın maraqlarını necə təmsil etməsini göstərmək üçün bu mövzunu aktuallaşdırdım. Yəni buna, mənim Sərdar Cəlaloğlu obrazında irançı mollalara verdiyim cavabların tərkib hissəsi kimi baxılmalıdır. Yoxsa onu-bunu yazdı, dünya şöhrətinə yetişdi, Quranın elmini tamamladı - bu ən çox adamın özünü maraqlandıran məsələlərdir. Bir neçə məqamda mənə qarşı məhz irançılıq baxışlarına dayanaraq böhtan atdı, sosial şəbəkələrdə ictimaiyyətin gözü qarşıdında sübut etmədiyi təqdirdə onu şərəfsiz bir böhtançı adlandıracağımı söylədim, bir ay keçdi, hələ də söylədiklərini sübut etmək əvəzinə "nanay-nanay" deməklə məşğuldur. Ona görə də mən Sərdar Cəlaloğlunun yanlışlarını cəmiyyətə göstərməyə çalışdım. Əminəm ki, gec-tez onu islah edəcəm. Sadəcə olaraq, yaş fərqi və uzun illərin münasibətlərini nəzərə alıb, çox dərinə getmək istəmirdim”.

Deputat qeyd edib ki, Sərdar Cəlaloğlu son müsahibəsində də yalançı xarakterini ortaya qoyub:

“O iddia edir ki, guya mən onunla hər hansı debata çağırılmışam və bəhanə gətirib qar olduğu üçün getməmişəm. Bütün bunlar tamamilə yalan və cəfəngiyatdır. Bunun üçün sadəcə APA TV-də İlham Tumasdan soruşmaq kifayətdir ki, həqiqətənmi mənə Sərdar Cəlaloğlunun həmin verilişə dəvət olunduğu deyilib, ya yox. Heç kəs mənim Sərdar Cəlaloğlu ilə debatımı təşkil etməyib. Yaxud da həmin verilişə Sərdar Cəlaloğlunun gələcəyi barədə mənə heç bir söz deyilməyib. Digər tərəfdən isə həmin günü həm qar yağdığına görə maşını həyətdən çıxara bilməmişdim və beş saat öncədən gələ bilməyəcəyimi söyləmişdim. O zaman da mənə bildirmədilər ki, məhz Sərdar Cəlaloğlunu dəvət ediblər. Həmin verilişə sonradan baxdım. Sərdar Cəlaloğlu o qədər mənasız və qeyri-elmi tezislər səsləndirdi ki, həqiqətən orada olmağı çox arzuladım. İnşallah, onunla daha geniş və əhatəli bir proqramda bu debatı gerçəkləşdirərik. O zamana kimi S.Cəlaloğlunun Quranın elmi, fəlsəfəsi və sosiologiyası ilə bağlı əsəri də tamamlanar, daha geniş problemləri əhatə etmək mümkün olar”.

 

Sərdar Cəlaloğlu ilə Fazil Mustafa arasında dava yenidən qızışdı

Deputat öz feysbuk səhifəsində ADP sədrinə həsr etdiyi statusla “odun üzərinə benzin töküb”.

 

F.Mustafa dövlətdən maliyyə alması və müstəqil müxalifət partiyası olmaması barədə Sərdar Cəlaloğlu tərəfindən irəli sürülən ittihamlara da cavab verib:

“Biz dövlət tərəfindən açıq şəkildə parlamentdə təmsil olunan siyasi partiya kimi maliyyələşirik. Bu qanunda nəzərdə tutulduğuna görədir. Sərdar Cəlaloğlunun isə qanunda nəzərdə tutulmayan hansı mənbələrdən və hansı miqdarda vəsait aldığını söyləməyi öz vicdanının öhdəsinə buraxıram. Sirr sahiblərinin icazəsi olmadan bir çox gerçəkləri söyləməmək prinsipinə sona qədər əməl edəcəyimə söz verdiyimi unutmuram. Şəxsən mənimlə bağlı isə istənilən faktı söyləməsə, yenə də şərəfsiz bir böhtançı yarlığı üzərində qalacaq. Bir məsələni də hər zaman düşünün, adam hərəkatda ən fəallardan oldu, Elçibəy etibar edib vəzifə vermədi, İsa Qəmbər də səlahiyyəti olduğu halda ona bir iş tapşırmadı, Rəsul Quliyev də etibarsızlığına görə yanından qovdu, İlyas İsmayılov da ADP-dən ayrılıb ayrıca partiya yaratdı, özünün dediyinə görə, bu hakimiyyət də üç dəfə deputat olmağa qoymadı. Demək ki, məsələ hakimiyyətdə və ya müxalifətdə deyil, etibarsız, nadürüst adam olmaqdadır”.






Fikirlər