Aypara taktikası ilə müharibə: ÜÇ TƏRƏFDƏN HÜCUM BAŞLAYIR

Aypara taktikası ilə müharibə: ÜÇ TƏRƏFDƏN HÜCUM BAŞLAYIR

Türkiyə, ABŞ və Rusiya Baş qərargah başçılarının Antalyada keçirdiyi toplantıda Ankaranın təqdim etdiyi 3 mərhələli Rakka planının detalları məlum olub.

AzerTaym.az Publika.az -a istinadən xəbər verir ki, Rakkanın İŞİD terror təşkilatından azad edilməsini nəzərdə tutan planda YPG-yə (PKK terror təşkilatının Suriya qolu olan PYD-nin silahlı gücləri –red.) yer verilməyib.

Türkiyə, ABŞ və Rusiya Baş qərargah başçılarının Antalya toplantısı martın 7-də keçirilib. Toplantıda əsas müzakirə mövzusu Suriya böhranı, həmçinin Rakkanın azad edilməsi üçün nəzərdə tutulan plan olub. Türkiyə tərəfi Rakka planında iştirak etmək istədiyini, ancaq bunun üçün YPG-nin əksəriyyət təşkil etdiyi Suriya Demokratik Güclərinin Rakka əməliyyatına daxil edilməməli olduğunu bildirib.

Əldə edilən məlumata görə, Türkiyə Rakkanın İŞİD-dən təmizlənməsi üçün 3 mərhələli yol xəritəsi ilə masaya oturub. Əməliyyat planına görə, PYD-nin nəzarətində olan Talabyad və Kobanidən, eyni zamanda Azad Suriya Ordusunun nəzarətindəki Əl-Babdan üçtərəfli dəhliz açılacaq. Hərbi qüvvələr Aypara şəklində açılan dəhlizdən Rakkaya doğru irəliləyəcək və koordinasiya tamamilə ortaq şəkildə təmin ediləcək.

Türkiyə ilə ABŞ-ın rəhbərlik etdiyi koalisiya ölkələri isə əməliyyata hava dəstəyi verəcək, qurudan isə Azad Suriya Ordusu ilə Suriya Demokratik Güclərinin tərkibində yer alan ərəblər və peşmərgə gücləri hərəkət edəcək.






Fikirlər