“Aprel müharibəsi”ndə nələr yaşanıb? - İrəvanın SİRRİ ORTAYA ÇIXDI
Ermənistanın “aprel müharibəsi”ndə məğlubiyyətinin yeni sirləri ortaya çıxıb. Publika.az xəbər verir ki, Ermənistan ordusunda acınacaqlı vəziyyəti davam edir. Erməni hüquq-müdafiəçisi Ruben Martiorosyan deyib ki, onda olan məlumatlara görə, “aprel müharibəsi”ndə bir çox tank döyüş yerinə qədər gedib çata bilməyib: “Buna səbəb yanacağın olmaması idi. Döyüş hazırlığına gətirilən tankların yalnız 10 faizində yanacaq var idi. 90 faiz tankın çəni isə boş idi. Çünki bütün yanacaq oğurlanaraq satılıb”. Onun sözlərinə görə, Ermənistan ordusunda oğurluq hazırda da davam edir və nəhəng ölçülərə çatıb “Əgər bu gün hərbi hissələrdə yoxlama aparılarsa, əminəm ki, biabırçı nəticələr ortaya çıxacaq. Yanacaq oğurlayanlar başqa məhlullarla qarışdırılmış yanacaqları texnikaya tökür, buna görə də hərbi texnika yararsız vəziyyətə düşür. Ordu rəhbərliyi bu problemləri yaxşı bilir. Bununla bağlı prokurorluqda və istintaq komitəsində cinayət işi açılsa da, iş dayandırılıb. Bu problemi keçmiş müdafiə naziri Seyran Ohanyan da bilirdi, indiki müdafiə naziri Viqen Sarkisyan da bilir. Lakin onlar buna göz yumurlar, çünki haqları çatır. Lakin orduda oğurluq və mənimsəmə təkcə yanacaqla yekunlaşmır. Məndə olan məlumata görə, əsgərlərə verilən kartof 50-60 drama alınır. Bu kartof keyfiyyətsizdir. Lakin həmin kartofun qiyməti sənədlərdə 120-130 dram göstərilir”, - deyə o bildirib. Hüquq müdafiəçisi qeyd edib ki, Ermənistan ordusundakı qətllərin və intiharların əksəriyyəti də məhz oğurluqlarla bağlıdır: “Bizdə faktlar var ki, Valeri Muradyan adlı əsgər yanacağı texnikadan necə oğurlandığını görüb. Danışmaması üçün ona pul təklif ediblər, lakin o, pulu götürməyib və bildirib ki, gördükləri haqda heç kimə danışmayacaq. Amma onun sözlərinə inanmadılar və onu öldürdülər. Bu ölümü leytenant Artak Nazaryanın üstünə yıxdılar və şantajla ondan hər ay 80 min dram aldılar. Belə nümunələr onlarladır”.