İcra başçısı siyasi sığınacaq alan adamına görə qalmaqal yaratdı - FOTOLAR

NAZİRİN QUDASI SAKİNLƏRDƏN "HAQQ” YIĞIR

Mingəçevirin icra başçısı Niyazi Bayramovun Kanadadan siyasi sığınacaq alan yaxın adamı, yaratdığı şirkətin rəhbəri ilə bağlı qalmaqal yaranıb.

BakiPost.az xəbər verir ki, icra başçısına məxsus "Dayaq” MTK tərəfindən Nizami rayonu, Naxçıvanski 8A ünvanında tikilmiş göydələnlərin sakinləri ilə bina sahibləri arasında gərginlik yaranıb. Buna səbəb Müsavat Partiyasının üzvü kimi Kanadaya mühacirət etmiş "Dayaq” MTK sədri Səbuhi Hümbətovun sakinlərlə bağladığı müqavilənin Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən pozulması, onlardan əlavə haqların tələb edilməsidir. Sakinlər bildirir ki, Səbuhi heç kimə demədən ölkədən qaçdıqdan sonra onlar ciddi problemlərlə üzləşiblər. Belə ki, Niyazi Bayramovun Hacı İslam və Eldar adlı köməkçiləri binada yaşayanlardan əlavə kommunal pul yığmağa başlayıblar. Onlar isə kommunal borclarını S.Hümbətovun dövründə ödədiklərini söyləyirlər. Bildirilər ki, binada yaşayanların çoxu kommunal pullarının 1 illiyini əvvəlcədən ödəyiblər: "Bir illik əvvəlcədən ödədikdə qiymətlərdə güzəşt olduğundan sakinlərin çoxu pullarını ödəyib və bu barədə MTK sədrinin möhrü vurulmuş qəbzlərimiz də var. Lakin indi gəlib deyirlər ki, Səbuhinin nə aldığı bizə maraqlı deyil. Hər ay pulunuzu ödəməlisiniz”.

 

 

Sakinlərin sözlərinə görə aylıq pul iki otaqlılar uçun 25, üç otaqlılar üçün isə 30 manatdır.

 Eyni zamanda həmin binada obyekt alanlar da çaşqın vəziyyətdədir. Məsələn, binanın həyətində S.Hümbətova 5 min manat verərək, qanuni çərçivədə, sənədlə balaca bir mağaza alın Ziya adı şəxsdən həmin pul təkrar tələb olunur. Bu ayın sonuna qədər yenidən 5 min manat ödəməyəcəyi təqdirdə mağazasının söküləcəyi bildirilib.

 

 Sakinlər Kanadada yaşayan S.Hümbətovla əlaqə saxladıqda isə mühacir sahibkar yığılan pulları N.Bayramova verdiyini söyləyib.

Onun dediyinə görə, sakinlərdən aldığı pullar icra başçısındadır.

 

 Məsələ ilə bağlı Mingəçevir şəhər İcra Hakimiyyətinin informasiya şöbəsindən heç bir açıqlama almaq mümkün olmayıb. Onlar bu sualla bağlı Niyazi Bayramovun özüylə əlaqə saxlamağı tövsiyə ediblər.

Qeyd edək ki, "Dayaq” MTK-nın sədri Səbuhi Hümbətov Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun "sağ əli” olub.

 

 

MTK sədri icra başçısının tikinti işlərinə uzun illər rəhbərlik edib, onun adından imza atmaq, müqavilə bağlamaq, lazımi qurumlarda onu təmsil etmək səlahiyyətinə malik olub.

 Əsas iş yeri, ofisi Nizami rayonu, Naxçıvanski 8A ünvanında rəhbərlik etdiyi MTK-nın tikdiyi hündürmərtəbəli yaşayış kompleksində yerləşib.

 Başçının bütün işlərini etibar etdiyi şəxsin qəfildən ondan imtina etməsi və Müsavat partiyasının üzvü kimi mühacirətə getməsi bir çox söz-söhbətlərə səbəb olub.

 S.Hümbətovu tanıyan şəxslərin sözlərinə görə, o, başçıdan möhkəm inciyib, indiyə kimi ona verdiyi vədləri yerinə yetirmədiyinə görə, bütün işləri yarımçıq buraxaraq ölkəni tərk edib. S.Hümbətov icra başçısının işləri ilə yanaşı onun qızının qayınatası olan Gənclər və İdman naziri Azad Rəhimovun da tikintilərinə nəzarət edirmiş.

 






Fikirlər