İnstitut direktoru ANS-lə bağlı bəzi faktları açdı: “Bizə borcları var, deyirlər ki, kişidirlərsə…” - MÜSAHİBƏ

Fəaliyyəti dayandırılmış  ANS Şirkətlər Qrupu yerləşdiyi Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnistitunun ərazisini tərk etməklə bağlı edilən xəbərdarlıqlara məhəl qoymayıb. Zoologiya İnistitutunun son xəbərdarlığı da yerinə yetirilməyib. 

İnstitutun direktoru Elman Yusifov Cebhe.info-nun suallarını cavablayarkən belə deyib. 

-Son vəziyyəti öyrənmək istəyərdik. ANS ərazini tərk etməyi düşünürmü? 
- ANS xəbərdarlıqlara cavab vermir, əsassız olaraq ərazimizi zəbt edir. Faktiki olaraq 8 aydır ki, ANS ərazini tərk etmir. Bizə faktlarla manipulyasiya edir. ANS Şirkətlər Qrupu 3 min kvadrat metrdən artıq ərazini zəbt edib ki, onun da min kvadrat metri hüquq-mühafizə orqanları tərəfindən möhürlənib. Hazırda 2 min kvadrat metrdən artıq ərazi onların nəzarətindədir. 

-Polislər işə qarışıbmı? 
-Bundan sonra hüquq-mühafizə orqanlarına müraciət edəcəyik ki, bir tədbir görsünlər. Belə olan halda onların avadanlıqları, əşyaları çıxarılaraq digər yerlər də möhürlənəcək. Biz onlara müraciət etdikdə, məktub yolladıqda mövzuya aid olmayan məsələlərə toxunurlar. 

-Bu vaxtadək nə qədər xəbərdarlıq məktubu yollamısız? 
-Bu vaxtadək iki dəfə Mirşahinlə üzbəüz danışmışıq. Bundan əlavə iki dəfə də rəsmi xəbərdarlıq məktubu yollamışıq. Lakin təəssüflər olsun ki, danışıqlar, bu məktublara heç bir konstruktiv cavab əldə edilməyib. Biz onlardan möhürlənməmiş sahənin boşaldılmasını tələb edirik. Onlar isə qəsdən KİV-ə yanlış məlumatlar verirlər ki, guya biz möhürlənmiş otaqların da boşaldılmasını tələb edirik. Sonuncu müraciətimizdən sonra telekanalın rəsmisi Mais Məmmədov jarqon, qeyri-normativ ifadələrlə KİV-də açıqlama verdi ki, kişidilərsə, avadanlıqları atsın. Çox müəmmalı, təccüblü bir vəziyyət yaranıb. Axı, onlar ziyalıdırlar. Onların bu cür mövqe sərgiləməsi anlaşılmazdır. 

-Maraqlıdır digər ərazi niyə möhürlənməyib? Müəmma doğuran başqa bir məsələ isə möhürlənən ərazinin də sizə aid olub- olmamasıdır. -Əslində, burda da bir uyğunsuzluq var. ANS faktiki olaraq 3 min kvadrat metrdən artıq ərazinin olduğunu göstərir. Amma nədənsə Əmlak Məsələləri üzrə Dövlət Komitəsində bu sahələr az göstərilir. Min kvadrat metr ərazi möhürlənib, biz bilmirik ki, orda nə var. Ərazi polis orqanları tərəfindən mühafizə edilir. 600 kvadrat metrdən artıq ərazi, hansı ki, studiya olub, ordan da anbar kimi istifadə edilir. ANS-in rəhbərliyinin başqa sahələri var. Məsələn, Qobuda onların əraziləri var. Həmçinin Dadlılar Makaron fabriki də onlara məxsusdur. Bu qədər böyük əraziləri olsa da, ödənişşsiz ərazimizi zəbt ediblər. 

- Artıq müəyyən qədər möhlət vermisiz. Lakin ANS rəhbərliyi heç bir xəbərdarlığa cavab vermir. Bu müddətdə dəfələrlə xəbərdarlıq etsəz də, əşyaları ərazidən çıxartmamısız. 

- Bilirsiniz necədir, artıq 25 illik bir münasibətimiz var. 25 ildir ki, onlarla səmimi münasibətimiz olub. Amma nədənsə rəhbərlik emosiyaya qapılır. Biz də etik olaraq bu cür addım atmağa yaxşı baxmırıq ki, telekanal fəaliyyətini dayandırıb, biz də onların avadanlıqlarını çölə ataq. Görünür onlar vəziyyətdən sui-istifadə edir. 

- Ən son həddə hansı addımı atacaqsınız? 
- Son hədd olaraq polisə müraciət edərək onların iştirakı ilə əmlakı hansısa anbara yığıb orada saxlayacağıq. Çünki onların bizə borcları da var. Bu məbləğ dəqiq yadımda deyil, hazırda sənədlər əlimin altında deyil. Bu borc ANS fəaliyyət göstərən müddətdə də yaranıb. Bu borc siyahısında ANS-in kommunal xərcləri də yer alıb. Telekanal ərazini zəbt etdiyi üçün inkişaf edə, arta bilmirik. Artıq elm haqqında qanun çıxıb ki, intelektual sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilərik. Strateji hədəflərimiz olsa da, yaranan bu vəziyyət imkan vermir ki, nəsə edək.






Fikirlər