Mətbuat günü ilə bağlı müsabiqənin qalibləri MÜKAFATLANDIRILIB
Qaliblər arasında “Yeni Müsavat”çılar da var İyulun 22-də “Altun Saray” istirahət mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Azərbaycan Milli Mətbuatının yaranmasının 142 illiyi ilə əlaqədar elan etdiyi fərdi jurnalist yazıları müsabiqəsində birinci yerə layiq görülmüş media nümayəndələrinin mükafatlandırılmasına həsr olunmuş tədbir keçirilib. Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə dövlət və hökumət təmsilçiləri, Milli Məclisin deputatları, diplomatik korpusların nümayəndələri, aparıcı yerli və xarici kütləvi informasiya vasitələrinin rəhbərləri və müsabiqədə qalib olmuş jurnalistlər iştirak ediblər. Tədbiri giriş sözü ilə açan fondun icraçı direktoru Vüqar Səfərli qonaqları və media nümayəndələrini salamlayaraq milli mətbuatın yaranmasının 142-ci ildönümü münasibətilə onlara səmimi təbriklərini çatdırıb. Bugünlərdə Azərbaycan mediasının ikiqat bayram sevinci yaşadığını vurğulayan icraçı direktor iyulun 20-də Azərbaycan prezidenti İlham Əliyevin iştirakı ilə jurnalistlər üçün inşa edilmiş binada 255 jurnalistə mənzillərin verilməsini tarixi və əlamətdar hadisə kimi qiymətləndirib. V.Səfərli şəxsi vəsaiti hesabına mənzil almaq imkanında olmayan jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində atılan addımları - iki binanın istifadəyə verilməsini və sayca üçüncü binanın təməlinin qoyulmasını dünyada analoqu olmayan sosial layihə kimi dəyərləndirib və bu humanist münasibətə görə ölkə jurnalistləri adından dövlət başçısına təşəkkürünü ifadə edib. Daha sonra o, 22 iyul - Milli Mətbuat günü münasibətilə keçirilən fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri barədə məlumat verib. Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov tədbirdə çıxış edərək bildirib ki, builki bayram jurnalistlər üçün ikiqat əlamətdardır. Azərbaycan prezidenti İlham Əliyevin jurnalistlərlə görüşünün uzun müddət xatırlanacağını vurğulayan Əli Həsənov dövlət başçısının çıxışındakı mühüm məqamlara və mesajlara toxunub. Mənzillərin bölgüsü zamanı Azərbaycan jurnalistikasında əməyi olan veteran jurnalistlərin də diqqətə alındığını xatırladan prezidentin köməkçisi deyib: “Təəssüf ki, bir sıra veteran jurnalistlərə, bu gün fəaliyyət göstərən və ehtiyacı olanlara mənzil ayıra bilmədik. Onlar növbəti binada mənzillə təmin olunacaqlar”.
Azərbaycanda əsaslı iqtisadi islahatların aparılması, qeyri-neft sektorunun inkişafı, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması, yoxsulluğun, işsizliyin tamamilə aradan qaldırılması istiqamətlərində prezident İlham Əliyevin rəhbərliyi ilə genişmiqyaslı fəaliyyətin həyata keçirildiyini bildirən Əli Həsənov deyib: “Azərbaycan dövlətinin sosial sahədə nəzərdə tutduğu proqramların, layihələrin heç biri təxirə salınmayıb. Son dövrdə qaçqınların və məcburi köçkünlərin problemlərinin həllində 1-ci vitse-prezident xanım Mehriban Əliyeva başda olmaqla, ciddi fəaliyyət həyata keçirilir. Ümumiyyətlə, son dövrdə ölkəmizdə həyata keçirilən təşəbbüslər Azərbaycan mediası tərəfindən birmənalı şəkildə müsbət qarşılanır, dəstəklənir. Azərbaycan prezidentinin siyasətinin təməlində Azərbaycan xalqı dayanır. Azərbaycan dövləti xalqın iradəsinə söykənərək bütün sahələr üzrə uğurlu fəaliyyət həyata keçirir. Əminik ki, bunun nəticəsində xalqımız daim əmin-amanlıq şəraitində yaşayacaq”. Çıxışlardan sonra fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinə mükafatlar təqdim edilib. Mükafatçılar arasında “Yeni Müsavat”ın əməkdaşları da var. Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov Azərbaycan mətbuatına göstərdiyi yüksək diqqət və qayğıya, jurnalistlərin fəaliyyətinə verilən qiymətə görə prezident İlham Əliyevə KİV nümayəndələri adından minnətdarlığını bildirib. Mərasim konsert proqramı ilə davam edib. AzerTaym.az