Prezident “ABAD Mərkəz”də oldu, yerli məhsullara baxış keçirdi - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 3-də Balakəndə "ABAD Mərkəz”in açılışında iştirak edib.

AzerTaym.az Azərtac-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev əvvəlcə rayonun Katex kəndində yerləşən "Balxurma” müəssisəsinin 2016-2017-ci illər üzrə fəaliyyəti və gələcək planları ilə bağlı məlumatları əks etdirən stendlərə baxıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov "ABAD” layihəsi çərçivəsində görülən işlər barədə dövlətimizin başçısına məlumat verib.

Son illərdə ölkəmizdə kiçik ailə biznesinin və təsərrüfatlarının inkişafını təşviq etmək və regional inkişafa töhfə vermək məqsədilə icra olunan layihələr arasında "ABAD” layihəsinin xüsusi yeri var. "ABAD” Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən irəli sürülən və 2016-cı il sentyabrın 23-də yaradılan publik hüquqi şəxsdir.

O Dayanıqlı İnkişaf Məqsədlərinin əldə olunmasına dəstək verməyi nəzərdə tutan yeni sosial innovasiya konsepsiyasıdır. Layihənin məqsədi kiçik və orta sahibkarlığın inkişafına, məşğulluq səviyyəsinin artırılmasına, rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına, ölkədə regionların və kənd təsərrüfatının inkişafına dəstək verməkdir. Qeyri-kommersiya və sosialyönümlü qurum olan "ABAD” yeganə ictimai təşkilatdır ki, ailə təsərrüfatının "ideyadan rəflərə” daşınmasına kömək edir. "ABAD” istehsalın planlaşdırılmasından məhsulların satışına qədər olan bütün biznes prosesinin idarə edilməsini həyata keçirir, yığılan gəlirin ailələrə köçürülməsini təmin edir. Ailələr öz bizneslərini qurmaq üçün ictimai və özəl qurumlarla birbaşa qarşılıqlı əlaqə saxlamır. Bu funksiya "ABAD” tərəfindən həyata keçirilir. "ABAD” ailələr üçün bacarıqların inkişaf etdirilməsi təlimləri də təşkil edir, "vahid pəncərə” prinsipindən istifadə edərək ailə məhsullarının sertifikatlaşdırılmasını təmin edir. Layihənin mütəxəssisləri ailələrə bazaryönümlü qablaşdırma həlləri və məhsulların dizaynı ilə bağlı kömək göstərirlər, supermarket şəbəkəsində ailə məhsullarının satışını, habelə onların daşınması və saxlanmasını idarə edirlər. "ABAD” əl işlərinin satışını öz İncəsənət mərkəzlərində təşkil edir. Bu ilin martında İçərişəhərdə "ABAD”ın ilk İncəsənət Mərkəzi açılıb. İyunda isə ikinci İncəsənət Mərkəzi Heydər Əliyev Beynəlxalq Aeroportunda istifadəyə verilib. Balakəndə "ABAD Mərkəz”in yaradılması da olduqca önəmlidir.

Bildirilib ki, ötən ilin oktyabrında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi arasında "ABAD mərkəz”lərin fəaliyyət sahələrində Korporativ Əməkdaşlıq Sazişi imzalanıb. Əməkdaşlıq çərçivəsində Balakən rayonunun "ABAD” layihəsi 2-ci pilot layihə olaraq müəyyən edilib. SOCAR-ın dəstəyi ilə 12 ailəyə 9 meyvə, 2 süd və 1 ət emalı üçün xüsusi istehsal avadanlığı ilə təchiz edilmiş konteynerlər təhvil verilib.

Prezident İlham Əliyev "ABAD” layihəsi çərçivəsində Balakəndə və digər rayonlarda istehsal edilən məhsullara baxıb.

Balakən rayonundan əl işləri hazırlayan dörd sənətkar "ABAD” layihəsinin iştirakçısıdır. Ümumilikdə, Balakənin və qonşu rayonların potensialını, layihəyə olan marağı, bu səbəbdən də artan iş həcmini nəzərə alaraq, Balakəndə regional "ABAD Mərkəz”in təsis edilməsi məqsədəuyğun hesab olunub. Burada layihə çərçivəsində 280 kvadratmetrə yaxın sahəsi olan ikimərtəbəli inzibati bina inşa edilib. Binadakı iş otaqları zəruri avadanlıqla təchiz olunub. Burada, həmçinin təqdimat və görüş zalları, laboratoriya da fəaliyyət göstərəcək. Binada ümumi sahəsi 640 kvadratmetrdən çox olan müxtəlif temperaturlu anbar kompleksi də yaradılıb.

"ABAD Mərkəz” ilə tanışlıqdan sonra Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

Rayon ictimaiyyətinin nümayəndələri adından çıxış edən Xanım Zurnayeva və Məhəmməd Bazarov göstərdiyi yüksək diqqət və qayğıya görə Azərbaycan Prezidentinə minnətdarlıqlarını bildiriblər.

Sonda xatirə şəkli çəkdirilib.






Fikirlər