Laçınlılar Akif Səlimovu yenidən icra başçısı görmək üçün QURBAN DEDİLƏR
Daim mətbuatın gündəmində olan, “lal başçı” kimi tanınan Laçın rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli istər əhaliyə, istərsə də mətbuata öz laqeydliyi ilə diqqətimizi daha çox cəlb etdi. Bəs nəyə görə bu qədər mətbuatda gedən tənqidi yazılara Aqil Nəzərli biganədir ?! Biz də XəbərAl.az saytı olaraq çoxsaylı şikayətləri nəzərə alıb, Ağcabədi rayon Taxta körpü deyilən ərazidə yaşayan müəyyən laçınlılar arasında sorğu keçirtmək məcburiyyətində qaldıq. Sorğumuz nəticəsində məlum oldu ki, Aqil Nəzərli icra başçısı təyin edildikdən sonra Laçın camaatı onu heç vaxt yerində tapmır, dərdlərini demək üçün Ağcabədi rayonu Taxta körpü ərazisində yerləşən Laçın obalarında icra başçısına məxsus olan yanacaq doldurma məntəqəsinə üz tutub dərdlərini başçının qardaşına söyləyirlər. Təbii ki, bu söylədikləri fikirlər də, şikayətlər də elə həmin yanacaq doldurma məntəqəsində qalır. Aqil Nəzərlidən öncəki icra başçısı Akif Səlimovu əliçıraqlı axtaran laçınlılar eks-başçını yenidən rayonda rəhbər görmək üçün bir qrup ağsaqqallardan ibarət Cənab Prezident İlham Əliyevə xahiş müraciəti də hazırlayıblar, hətta onun qayıdışı şərəfinə qurban deyənlər də az deyil. Şəhid ailələri və məcburi köçkünlərin heç bir zaman dərdləri dinlənilmir, onların problemləri elə yerindəcə addımlayır. Bu yaxınlarda Binəqədi rayon icraçıları tərəfindən öz evindən küçəyə atılan Şəhid xanımı Rzayeva Afaq öz dərdlərini bizimlə bölüşdü : “ Mənim həyat yoldaşım Vətən yolunda Şəhid olub. Mən heç bir zaman bu Şəhidlik adından istifadə dövlətimin mənə ayırdığı yardımlara göz dikməmişəm. Bunlara baxmayaraq bu yaxında Binəqədi rayon İcra Hakimiyyəti və Binəqədi rayon məhkəmə icraçıları mənə məxsus əşyalarımı götürərək məni məndən xəbərsiz küçəyə atdılar. Mən də dərdimi demək üçün istər Laçın rayon İcra Hakimiyyəti, istərsə də Qaçqınkoma müraciət etsəm də, məni boş vədlərlə yola saldılar. Hələ də onun-bunun evində gecələməli oluruq. Laçın rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərliyə etdiyim müraciət elə bil ki, havaya söz demək kimi bir şey oldu. Amma Akif Səlimov icra başçısı olsaydı, mən hal-hazırda küçələrdə yaşamazdım. Çünki o, mənim həyat yoldaşım kimi və onunla bərabər Qarabağ uğrunda gedən döyüşlərdə bir komandir və canlı bir qəhrəman kimi layiqli döyüş yolu keçmişdir. O, Şəhidliyin və qəhrəmanlığın nə olduğunu bizim özümüzdən də yaxşı bilir. Düzdür, biz Cənab Prezident İlham Əliyevin işinə qarışa bilmərik. Amma hal-hazırki Aqil Nəzərlinin bizlərə qarşı laqeydliyini çox güman ki, düzgün formada Cənab Prezidentə çatdırmırlar. Mən Bakıdan bura neçə dəfələrlə yol pulu verib gəlməyimə baxmayaraq, Aqil Nəzərli mənə heç cür kömək edə bilmir. Bəlkə də edə bilər amma çox təəssüf ki, nədənsə etmək istəmir. Mən Aqil Nəzərlidən maddi cəhətdən kömək istəmirəm, heç olmasa mənim evimi, əmlaklarımı geri qaytarmaq üçün və ya məni yeni mənzillə təmin etmək üçün hər hansı bir cəhd göstərsinlər. Mənim haqq səsimi yuxarılara çatdırsınlar. “
Həmsöhbətimiz olan digər adlarını çəkilməsini istəməyən laçınlılar da bu Şəhid ailəsinə qoşulub öz fikirlərini bizimlə bölüşdülər : “ Əgər Aqil Nəzərli az vaxt da icra başçısı işləsə, qəhrəman laçınlıları daha böyük acınacaqlı həll edilə bilməyən problemlər gözləyir. Bizim üzümüzü Cənab Prezident İlham Əliyevə tutaraq yalvarırıq ki, Akif Səlimovun yenidən icra başçısı qayıtması üçün bizə əlindən gələn köməyi etsin. Bəlkə o zaman çox problemlərimiz həllini tapar. Dəyər və hörmətlə : Laçınlılar “
Bundan əlavə, saytımızın email adresinə Laçın rayon sakinləri tərəfindən Aqil Nəzərli haqqında Cənab Prezidentə hazırladıqları şikayət ərizələri göndərilmişdir. Ərizələrdə Aqil Nəzərlinin laçınlılara qarşı kobud davranışları, Laçın obalarında etdiyi özbaşınalıqlar, qanun pozuntuları və bunun kimi bir çox dövlətçiliyə xələl yetirən hərəkətləri qeyd olunmuşdur. Bu yaxınlarda həmin ərizə və müraciətləri saytımızda mütəmadi olaraq yerləşdirəcəyik.
Araşdırmamız davam edir, qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.!