İntellektsiz adamların görünüşünə aldanıb… – KAMAL ABDULLA
Cənab prezident təkcə dilə qayğısı ilə deyil, həm də özü bu dildə səlis danışmaqla dilimizi qoruyur. Onun çıxışlarından da görürük ki, Azərbaycan dilindən çox gözəl istifadə edir. Belə səlis danışmaqla, bir növ, nümunə olur. Bu sözləri Azərbaycan Dillər Universitetinin rektoru, tanınmış yazıçı Kamal Abdulla “Azərbaycan ədəbi dilinin qorunmasında və inkişafında KİV-in rolu” mövzusunda bu gün keçirilən konfransda deyib. O, TV-də çalışan intellektsiz aparıcıların dilə böyük zərbə vurduğunu bildirib: “Bizdə xüsusən TV aparıcıları xeyli yanlış sözlər, ifadələr işlədirlər. Aparıcılar intellektə, dünyagörüşə sahib olmalıdır ki, danışdığı məsələ haqda mükəmməl, səlis şəkildə fikir ifadə etsin. Bəzən əcnəbi sözlərin gəlməsindən narahat olurlar. Bu, yanlışdır. Rus dilinə yalnız “a” səsi ilə başlayan xeyli söz daxil olub, onlar bundan qətiyyən narahat deyil. Çünki dil zənginləşir. Biz aparıcılar, TV əməkdaşlarının intellektual səviyyəsi ilə məşğul olmalıyıq. İntellektsiz adamları görünüşünə, səsinə aldanıb TV-yə gətirməməliyik. Çünki cəmiyyət onlara baxıb öyrənir. Tutaq ki, ədəbiyyatla bağlı hər hansı verilişdə bir aparıcı efirdə çıxış edir. Lakin soruşsan, görərsən ki, danışdığı mövzu haqda kifayət qədər məlumatı yoxdur və ya uzun müddətdir bədii əsər oxumur”. AzerTaym.az