Qroznıda müharibə gedir, yaraqlılar Kadırovun bazarına od vurub - (Fotolar, video)

Qroznıda müharibə gedir, yaraqlılar Kadırovun bazarına od vurub - (Fotolar, video) Bu gecə Qroznıya hücum edən yaraqlılarla təhlükəsizlik qüvvələri arasında döyüşlər davam edir.

Virtualaz.org saytı Rusiya KİV-lərinə istinadən xəbər verir ki, şəhərdə nə baş verdiyi haqda dəqiq məlumat almaq çətindir. Bununla belə şəhərin bir neçə rayonunda atışma getdiyi bildirilir, qeyri-rəsmi məlumata görə indiyədək güc strukturlarının 10 əməkdaşı həlak olub.

Bu, son bir neçə il ərzində Qroznıya edilən ən güclü silahlı hücumdur.

Rusiya təhlükəsizlik qüvvələri Çeçenistanda fəaliyyət göstərən radikal yaraqlı birləşmələri xeyli dərəcədə zəiflədə bilmişdi və onlar azsaylı qruplar halında meşələrə çəkilmişdi. Qroznıda isə genişmiqyaslı tikinti-abadlıq işləri gedirdi.

Lakin indi qəfildən, Rusiya prezidenti Vladimir Putinin Federal Məclisə - Dövlət Duması və Federasiya Şurasının birgə yığıncağına illik müraciətinə bir neçə saat qalmış 200-dən çox yaxşı silahlanmış radikal islamçı (onlar “əl-Qaidə”yə bağlı “Qafqaz əmirliyi”ni təmsil edir) meşədən çıxaraq avtomobillərlə Qroznının mərkəzinə hücum edir və şəhəri yenidən müharibə meydanına çevirir.

Xəbərlərə görə, hazırda Qroznının mərkəzi “Berkat” bazarında atışma gedir, həmçinin bazarla yanaşı Mir küçəsində də atışma getdiyi xəbər verilir. Yaraqlılar Çeçenistan rəhbəri Ramzan Kadırova məxsus olan “Berkat” bazarına od vurublar.

Məlumatlara görə, yaraqlılar 20 nömrəli məktəbi də ələ keçiriblər, orada baş verənlər haqda məlumat yoxdur. Şəhərin küçələri hazırda boşdur, hər yer polis mühasirəsindədir. Yollar bağlıdır, mağazalar, iş yerləri açılmayıb.

“Exo” radiostansiyasının jurnalistləri və “Nezavisimaya qazeta”nın baş redaktoru Konstantin Remçukov məlumat verirlər ki, şəhərə hücum edən yaraqlılar məktəblərdə və uşaq bağçalarında mövqe tutublar.

Rusiya prezidenti Vladimir Putin də Qroznıda baş verənlərə münasibət bildirib. Federal Məclisə müraciətində Putin deyib ki, Çeçenistanın hüquq-mühafizə orqanları şəhərə hücum edən yaraqlıların öhdəsindən yaxşı gəlir.

Qroznıda müharibə gedir, yaraqlılar Kadırovun bazarına od vurub - (Fotolar, video)

“Əminəm ki, yerli uşaqlar, yerli hüquq-mühafizə orqanları işlərinin öhdəsindən layiqlə gələcək. Məhz onlar terrorçuları məhv etmək üçün işləyir. Onları dəstəkləyirik” - Putin bildirib.

Dekabrın 4-də səhər 3 maşında hərəkət edən silahlılar yol polisinə hücum edib. Onlar daha sonra Qroznının mərkəzində nəşriyyat binasını tutublar. Binada mövqe tutan yaraqlıların hamısının məhv edildiyi bildirilir. Terrorçuları zərərsizləşdirmək üçün keçirilən əməliyyata Ramzan Kadırov başçılıq edir. O, yaraqlıların məhv edilməsindən sonra nəşriyyat evinə baş çəkib. Kadırov instagram-da yazıb ki, əməliyyat yekun fazaya daxil olur.

“İtlər it kimi gəbərirlər” - o yazıb.

Məlumata görə, güc strukturları əməkdaşlarından 20-dən çoxu yaralanıb.







Fikirlər