Putin Avropanı dağıtmaq üçün Macarıstandan İSTİFADƏ EDİR

Rusiya prezidenti Vladimir Putinin Avropa Birliyi içində bir neçə müttəfiqi var ki, onların xarici siyasətlə bağlı yanaşma tərzi İttifaqın ümumi siyasi kursu ilə daban-dabana ziddir.

Fransa və Hollandiya kimi bəzi ölkələrdə bu qüvvələrin hakimiyyətə gəlmək üçün ciddi şansları yaransa da, onlar son anda məğlubiyyətə düçar olublar.

“Lakin bir ölkə var ki, onun lideri Vlaidmir Putin üçün ən doğma adam qədər əzizdir. Bu 10 milyonluq əhalisi olan, Ukraynanın qərbində, Balkanların şimalında, Avstriyanın şərqində yerləşən Macarıstanın baş naziri Viktor Orbandır”, - ABŞ-ın The Daily Beast qəzeti yazır.

Qəzetin yazdığına görə, Putinin bir çox dostu və düşmənləri ilə bağlı situasiyalarda olduğu kimi, Viktor Orban immiqrasiya ilə mübarizəni özünün siyasi proqramının baş maddəsinə çevirib. Lakin daha sonra o lap irəli gedərək, digər bir macarı “bədnam liberalizmin” nişanəsi adlandırıb.

Məqalə müəllifi Anna Nemtsova bu adamın Corc Sorosdan başqası olmadığını yazır.

Maraqlıdır ki, vaxtilə Viktor Orbanın ən ciddi dəstəkçilərindən elə biri də elə məhz Corc Soros olub. Lakin indi Soros Orban tərəfindən “Şeytan” adlandırılır. Ölkənin ən böyük universitetlərindən birində etdiyi çıxışda Viktor Orban macar əsilli ABŞ milyarderini ölkəyə müsəlmanları buraxmaqla Avropanı məhv etmək istəməkdə suçlayıb.

“Kreml Avropa Birliyinin siyasətini Baltikyanı ölkələrdə, Balkanlarda və Qərbi Avropada gözdən salmaq üçün dəridən-qabıqdan çıxır. Lakin macar liderini öz fikirlərinə inandırmağa ciddi ehtiyac da yoxdur. Çünki həm Putin, həm də Viktor Orban eyni cür düşünür və Orbanın öz ideyalarına görə əhali içində böyük dəstəyi mövcuddur”, - Nemtsova qeyd edir.

“Biz Macarıstanın sağ ideoloji cərəyanları ilə sıx əlaqələr saxlayırıq. Çünki burada ABŞ tərəfindən idarə olunan Avropa Birliyində immiqrantlar və liberallar haqqında cəsarətli fikirlər söyləməyə qadir liderlər vardır”, - Kreml administrasiyasının müşaviri Sergey Markov müəllifə bildirib.
Macarıstanın sağçı “Demokrata” jurnalının baş redaktoru Andraş Bençik də Orban və onun “Fides” partiyasının radikal sağ çıxışları sayəsində xalqın rəğbətini qazandığını söyləyib. Onun sözlərinə görə, Orbanın immiqrantlara qarşı çıxan macar xalqı içindəki 44%-lik nüfuzu bunu göstərir.

Məqalədə qatı macar millətçisi sayılan Bençikin rusca çox gözəl danışdığı, həmçinin Rusiya səfirliyi, xüsusilə də Budapeştdəki Rusiya mədəniyyət mərkəzinin tədbirlərinə tez-tez baş çəkdiyinə diqqət edilib. Elə onun “Demokrat” qəzeti də qəribə təsadüfdür ki, məhz həmin mərkəzin yanında yerləşir.

Andraş Bençik Moskvada keçirilən beynəlxalq təhlükəsizliklə bağlı konfranslarda “Fides “partiyasının üzvləri ilə birlikdə tez-tez boy göstərir.
“Mən Vladimir Putinin Budapeşti ziyərət etməsindən xoşlandığını bilirəm. Təkcə bu il Rusiya prezidenti paytaxtımıza 2 dəfə təşrif buyurub”, - Bençik fərəhlə müəllifə bildirib.

Yazıda elə Orbanın özünün də Moskvanın sevimli, sərfəli qonaqlarından biri olduğu göstərilir. 2014-cü ildə o, SSRİ dövründə, Pakşa şəhərində tikilən atom-elektrik stansiyasının yenidən qurulması üçün Kremllə 12 milyard dollarlıq müqavilə imzlayıb.

“Transparency International” təşkilatının Macarsıstandakı ofisinin icraçı direktoru isə bu müqavilədən korrupsiya iyi gəldiyini qeyd edib: “Heç kim AES-in tikintisi, cümlədən verilən kreditlərin şərtləri ilə bağlı məlumat vermək istəmir”.

“Macarıstaın anti-liberal mövqeyi Kremlin həm Avropada, həm də ölkə daxilindəki agentlərini də cəsarətləndirir. “Biz Orbanın partiyasını bizim ideal siyasətimizin nümunəsi hesab edirik. Hətta Rusiyada belə bu vaxta qədər bu qədər güclü anti-liberal, sağ təmayüllü partiya olmayıb”, -Rusiya Xarici Kəşfiyyat Xidmətinin keçmiş əməkdaşı, general Leonid Reşetnikov məqalədə rəyini söyləyib.

Orbanı Rusiyaya sevdirən cəhətlərdən biri də onun Ukrayna məsələsi ilə bağlı tutduğu mövqedir. Macar lideri Ukraynaya hərbi yardımın göstərilməsinə qarşı çıxır.

Bu yaxınlarda isə rəsmi Budapeşt dekabrda keçrilməsi nəzərdə tutulan NATO-Ukrayna sammitini blok edib. Macarıstan xarici işlər naziri Peter Sicarto bunu Ukrayanın qəbul etdiyi təhsil haqqında yeni qanunla əlaqələndirsə də mütəxəssislər bunun bəhanədən başqa bir şey olmadığını bildirirlər.






Fikirlər