Qarabağdan yeni il məktubu

Qarabağdan yeni il məktubu Əvvəla hamıya məndən salam olsun,
Yeni il bayramınız da haram olsun!



Üzünüz ağ,
Canınız sağ dolanırsız,
Hərəniz bir işə məşğul
Kef içində yaşayıb qurdalanırsız,
Məni dar gündə qoyub
Eyş ilə işrət dolu
Yerlərdə gəzib daldalanırsız.

Ayaq altında qalan mən, dikələn
siz,
Kiçilib xırdalanan mən, yekələn siz,
Dağılıb parçalanan mən, tikilən siz.
Sizə mən gözdağı olmaqdan isə
adi göz oldum,
Dilinizdə neçə illərdi ki növbətçi
söz oldum.

Adıma gör nə qədər mahnı
qoşublar,
Mənim uğrumda şeirlə yarışıblar,
Nə qədər arzu deyib boş
danışıblar,
Buna artıq alışıblar,
Yoxluğumla barışıblar.

Bu saraylar, uca evlər ki tikirsiz,
ona cənnət deməyin,
Hər qarış torpağı zər cənnətiniz
mən deyiləm?
Papağa, şalvara, bilməm nəyə
qeyrət deməyin,
Yağı əllərdə qalan qeyrətiniz mən
deyiləm?

De, necə şad yaşayırsız?
Necə azad yaşayırsız
Mən olarkən yada məxsus?
Necə mümkün ola bir can
Yarı azad, yarı məhbus?
Əlim olsaydı əlimlə vuruşardım,
Dilim olsaydı dilimlə vuruşardım.
Nəyəsə cəhd eləyərdim,
çalışardım.

Daha üstümdə yağı rəqs eləməzdi,
...Əzdi məni düşmən ayağı, dost
sözü əzdi...
Dünən axşamçağı köksümdə
bitən bir gülü gördüm,
O da ətrafda şəhid gülləri görmüş
Elə qorxmuş ki ləçəklər də
büzülmüş,
Elə bil ki o da ölmüş.

Səhərin incə mehində ləçəyi
oynamalıykən,
Çiçəyi bir gözəlin incə əlin
oxşamalıykən,
Gecə keçsin,
Səhər üstündə onun qansız
ayaqlar gəzəcəklər,
Başını süngü ilə məsum uşaq
başın əzən tək əzəcəklər.

Əzilən gül, talanan yurd, dağılan
köhnə hasarlar,
Sinə daşları oğurlanmış əsilzadə
məzarlar,
Eşidin və olun agah,
Oların da yaşamaq haqqı
Sizin boynunuzun haqqıdı, billah.
Sizi imdada çağırmaqdan
usandım,
Özümə yanmağa vaxt olmadı,
Mən sizdəki laqeydliyə yandım.

Deyirəm son dəfə hər bir kəsə,
mənsiz Vətən olmaz,
Hec vaxt Vətənsiz Vətən olmaz.
Döyünən hər ürək eşqimlə
döyünsün,
Öyünən,
Qoy məni azad eləsin, sonra
öyünsün.

Özümə sizləri mən bilmişəm övlad,
Məni mənsiz eləyib yad
Bəs edər qəlbimə çəkdiz bu qədər dağ,
Yeni il məktubu yazdım sizə.


İmza: Qarabağ.


Qarabağdan yeni il məktubu






Fikirlər