“Amerikanı BAKIYA QAYTARAQ” - hüquq müdafiəçisindən HADİSƏ kimi AÇIQLAMA

Novella Cəfəroğlu: “Azərbaycanın özünütəcridi Ermənistanın xeyrinə işləyir”

İndiyə qədər Azərbaycanın xarici siyasətini heç zaman tənqid etməmişəm. Çünki xarici siyasət kursu Qərbə yönəlik olub və bu istiqamətdə çoxsaylı addımlar atılıb. Ancaq son illərdə Qərbin demokratik təsisatlarının ölkədən çıxarılması doğru addım deyildi. Buna görə də bu gün Qarabağ məsələsinin nizamlanması üzrə ATƏT-in Minsk qrupunun həmsədri olan ABŞ-la münasibətlər nota veriləcək səviyyəyə çatıb”.

Bu sözləri insan haqları müdafiəçisi Novella Cəfəroğlu qondarma DQR-in “prezidenti” Bako Saakyanın ABŞ Konqresində tədbir keçirməsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, ABŞ-ın demokratik təsisatlarının Azərbaycandakı fəaliyyəti məhdudlaşdırılandan sonra Ağ Evin rəsmi Bakı ilə münasibətlərinin soyuyacağı gözlənilən idi: “Həmin institutların Azərbaycandan uzaqlaşdırmaq faktiki olaraq Vaşinqtonla işbirliyindən imtinadır. Azərbaycan kiçik, gənc dövlətdir. Supergüclərlə münasibətlərdə elə addımlar atılmalıdır ki, onlar ölkənin əleyhinə çevrilməsin. Aydındır ki, biz ABŞ-la işbirliyindən imtina edəndən sonra yaranan boşluqdan ermənilər yararlanacaqdılar. Bu mənada prosesdə gözlənilməz heç nə yoxdur”.

Novella Cəfəroğlu açıqlamasında diqqəti uzun müddət əməkdaşlıq etdiyi ABŞ-ın Milli Demokratiya İnstitutunun (NDİ) iş prinsipinə də çəkib: “Rəhbərlik etdiyim Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyəti ABŞ-ın Azərbaycanda fəaliyyət göstərən bir çox institutları ilə işbirliyi qurub. Təkcə NDİ-la 15 il əməkdaşlıq etmişik. Çox uğurlu layihələrimiz, Azərbaycan vətəndaş cəmiyyətinin inkişafına böyük fayda verən müzakirələr, tədbirlər keçirmişik. Qarşılıqlı səfərlərdə insan haqları ilə məşğul olan kadrlar hazırlanıb, onların beynəlxalq təcrübə ilə tanışlığı üçün geniş imkanlar yaradılıb. Bizə, şəxsən mənə NDİ-ın Azərbaycan ofisi rəhbərlərinin hər zaman böyük sayğısı olub. Bir dəfə də onlardan Azərbaycan hökumətinin əleyhinə, ya onları tənqid edən mövqe eşitməmişdim. Əksinə, hər zaman konstruktiv fəaliyyət, şəffaflıq prinsiplərinə əsaslanaraq həm iqtidar, həm müxalifət, həm də vətəndaş cəmiyyəti fəalları ilə çalışıblar, cəmiyyətimizə demokratik üslub gətirmək üçün ciddi səylər göstəriblər. Azad seçki, söz azadlığı, gender bərabərliyi, qadın haqları kimi demokratiyanın təməl prinsiplərini təbliğ etməklə Azərbaycanda sivil, demokratik cəmiyyət qurulmasına yardım ediblər. ABŞ institutlarının təmsilçiləri hər zaman vurğulayırdılar ki, Azərbaycan öz potensialına görə demokratik cəmiyyət qurmağa hazırdır. Çox təəssüf, Azərbaycanda demokratik cəmiyyət qurulmasına qarşı olan qüvvələr iqtidarla Qərb təsisatları, o sıradan ABŞ institutları arasında gərginlik yaradaraq onların ölkədən getməsinə nail oldular”.

İnsan haqları müdafiəçisi bildirir ki, həmin institutlar Azərbaycandan gedəndən sonra cəmiyyətdə dialoq mühiti də son dərəcə zəifləyib: “Qərb institutların toplumun təbəqələrini birləşdirmə metodikası var. ABŞ Milli Demokratiya İnstitutunun xətti ilə Polşaya parlament seçkisini monitorinq qrupu olaraq səfərimizi misal gətirə bilərəm. Heyətdə vitse-spiker Bahar Muradova, deputat Səyavuş Novruzov, Müsavatın o zamankı başqan yardımçısı Arif Hacılı, KXCP sədri Mismahmud Mirəlioğlu və vətəndaş cəmiyyətinin çoxsaylı təmsilçiləri vardı. Bu səfərlər zamanı yaranan münasibətlər bizə birbaşa təmas, davamlı müzakirə, ortaya çıxan məsələlərə operativ müdaxilə imkanı qazandırırdı. Biz bu şansları əldən verməməliydik.  Cəmiyyətin inkişafı üçün vacib olan dialoq mühitinin formalaşması baxımından demokratik institutların fəaliyyəti son dərəcə önəmli idi. Dəfələrlə bildirmişik, bu gün də deyirik – nüfuzlu beynəlxalq institutları ölkənin müstəqilliyinə təhlükə kimi qələmə verən qüvvələr sağlam qüvvələr deyil. Bu gün Azərbaycanın beynəlxalq miqyasda qarşılaşdığı problemlər buna sübutdur”.

Novella Cəfəroğlu ABŞ institutlarının yenidən Azərbaycanda açılmasının vacibliyini bildirir:“Çox istəyərdim ki, həmin qurumların Azərbaycanda işləməsinə yenidən şərait yaradılsın. Azərbaycan dövlətinin öz mövqeyi, öz yanaşmaları ola bilər və bunlar müsbət qarşılanmalıdır, ancaq biz heç bir halda dünyadan təcrid siyasəti yürütməməliyik. Çünki bu, ilk sırada Qarabağ məsələsinin çözümü üçün ciddi problemlər ortaya çıxara bilər. Azərbaycan özünütəcrid siyasəti seçdikcə, Ermənistanın beynəlxalq miqyasda manevr imkanları genişlənir. Düşünürəm ki, Azərbaycan öz xarici siyasətinin bu nüansına yenidən baxmalıdır”.






Fikirlər